Bu yaxınlarda Moskvada bir şirkətin anbarında orduya çağırış məqsədilə miqrant işçilərə qarşı polis reydi keçirilib. Rusiyanın elektron ticarət nəhəngi olan "Wildberries" dərhal həyəcan təbili çalıb ki, dünyada "Qara cümə" kimi tanınan endirimlər kampaniyası dövründə yüz minlərlə məhsulun çatdırılmasında yubanma baş verə bilər.
Noyabrın 24-də keçirilən reyd "Wildberries" ilə işləyən bizneslər üçün milyardlarla rubl itki ilə nəticələnə bilərdi. Deponun minlərlə işçi qüvvəsi bir günün içində iflic vəziyyətinə düşmüşdü.
AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) ekspertlərə istinadla yazır ki, Ukraynadakı müharibədən ictimai narazılıq, martda gözlənən prezident seçkisi fonunda Kremlin bir istəyi ola bilər – nəhəng və həssas miqrant əhalinin hesabına ictimaiyyətin diqqətini azacıq da olsa çəksin.
"Rusiya siyasi maşını üçün əsəbi dönəmdir, hökumətin cəmiyyətə qələbə, yaxud uğur kimi təqdim edəcəyi çox şey qalmayıb", – Moskvadakı Karneqi Beynəlxalq Sülh Fondunun əməkdaşı Temur Umarov deyib.
"Millətçilik kartı heç nə yaxşı getməyəndə Rusiya hökumətinin dəstək qazanmasına kömək edir", – AzadlıqRadiosuna danışan Umarov əlavə edib ki, seçki ərəfəsində miqrantların "çox, lap çox" təzyiqə məruz qalacağını gözləyir. Mart seçkisində indiki prezident Vladimir Putinin namizədliyini verəcəyi gözlənilir.
Umarov getdikcə xüsusilə ikili vətəndaşlığı olan miqrantlar üçün çətin olacağını düşünür. Rusiya "hibrid səfərbərlik" aparır və onları daha çox hədəfə alacaq. Məqsəd də Rusiyanın Ukraynada üzləşdiyi nəhəng itkilərdən narazılığını kompensasiya etməkdir.
Depolarda, məscidlərdə reydlər
Rusiya mediası Moskvadan 60 kilometr şərqdə yerləşən Elektrostal şəhərindəki "Wildberries" anbarına basqın zamanı 100-dən çox adamın saxlandığını bildirib. Onların içində bu yaxınlarda Rusiya vətəndaşlığı alanlar da vardı.
Hakim orqanların təsdiqləmədiyi belə reydlər isə hər yerdə keçirilir.
Noyabrın 18-də Latviyada yerləşən Rusiyanın mühacirət mediası - "Novaya Gazeta Europe" polis, Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Prokurorluq əməkdaşlarının Balaşixadakı məscidə basqın etdiyi barədə məlumat yayıb.
Məscidin imamının sözlərinə görə, 17 noyabr reydində məscidə gələnlərə deyiblər ki, orduda xidmət keçsinlər. İmam məsciddən neçə nəfərin aparıldığını deyə bilməyib.
Balaşixa yaxınlığındakı bazara, zavoda da irimiqyaslı reyd keçirildiyi, Reutov şəhərində miqrantların saxlandığı xəbər verilir.
Azərbaycanlılar da reydə məruz qalıb
Noyabrın ortasında Voronej şəhərində polisin azərbaycanlıların doğum günü məclisinə basqın etməsi, 50 azərbaycanlıya orduya çağırış vərəqəsi paylaması xəbəri yayılmışdı.
Kris Riklton yazır ki, Rusiyanın, əsasən, keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət miqrant icması üçün polis qısnaması, bürokratiya təzə məsələ deyil. Ukraynadakı müharibə isə Rusiya pasportu olan miqrantlara bir də səfərbərliklə bağlı təhdid yaradıb.
Vətənlərinə cənazələri qayıdan miqrant sayı isə Orta Asiyadan Ukraynada savaşanların az olmadığını göstərir.
Təhdidlər
Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ötən ay deyirdi ki, Rusiya vətəndaşlığı olan miqrantlar Ukraynada savaşmaqdan imtina edərlərsə, vətəndaşlıqdan məhrum olunmalıdırlar.
Dövlət Dumasının üzvü Mixail Matveyev mayda Telegram-da tələb edirdi ki, Ukraynada Rusiya üçün vuruşan tacik batalyonlarının olmamasının səbəbi araşdırılsın.
Dumanın sədr müavini Pyotr Tolstoy keçmiş sovet respublikalarından olan, kuryer, taksi sürücüsü, satıcı işləyən miqrantlara qadağa qoymağı tələb edib.
Amma Rusiyada uzunmüddətli demoqrafik məsələlər və müharibə işçi çatışmazlığına yol açıb. Bir monitorinq 2022-ci ilin yanvarında - Rusiya işğala başlamazdan bir ay öncə ölkədə sənaye müəssisələrinin 25 faizinin işçi çatışmazlığı ilə üzləşdiyini göstərirdisə, bu ilin iyulunda bu rəqəm 42 faizə yüksəlib.
Avrasiyada miqrasiya üzrə ekspert Yan Matuseviçin sözlərinə görə, Rusiya hakimiyyəti bu problemdən agah olsa da, indiyədək çox ziddiyyətli miqrasiya siyasəti aparılıb: "Hakimiyyət antimiqrant ritorikası və qanunvericilikdən əhalinin fikrini cəmiyyətdəki digər məsələlərdən yayındırmaq üçün populist alət kimi istifadə edir".