Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:06

Azərbaycanda müasir ordu nə vaxt yaranacaq?


Azərbaycanda ordunun formalaşması iki əsas amillə şərtlənir
Azərbaycanda ordunun formalaşması iki əsas amillə şərtlənir

Mətbuatın ən çox toxunduğu problemlərdən biri də ordu və onun vəziyyətidir. Qeyd edək ki, ordu və jurnalistika hələ təmas nöqtələrini tam müəyyənləşdirə bilməyib. Tez–tez jurnalistika ilə ordu strukturları arasında problemlər yaşanır, hətta iş gedib məhkəmə proseslərinə çatır.


Azərbaycan ordusu bir o qədər də böyük tarixə malik deyil. Qısa müddətli tarixi ənənələrə malik olsa da, ordunun yaşı elə müstəqil Azərbaycanın yaşı qədərdir. Ona görə də, ordu üzərində ictimai və parlament nəzarəti, onun mətbuat üçün açıqlığı problematik olaraq qalır.


Azərbaycanda ordunun formalaşması iki əsas amillə şərtlənir. Bunlardan biri dövlət quruculuğu, digəri isə Qarabağ problemidir. Dövlət quruculuğu aspektindən yanaşanda çətin bir dövr keçib. Bir vaxtlar ölkə sözün əsl mənasında, «əfqan sindromu» yaşayırdı. Vahid mərkəzə tabe olan nizamlı ordu yox idi. Ordu siyasətə cəlb olunmuşdu, bir-birilə hesablaşmayan komandirlərə tabe olan ayrı-ayrı dəstələrdən ibarət idi. Hətta «hərbi-siyasi müxalifət» deyilən anlayış mövcud idi. Elə 1993-cü ildə baş verən qiyam da bilavasitə ordu strukturları ilə bağlı idi. Demək olar ki,1995-ci ilə qədər ordunun siyasiləşməsi davam etdi. 1994-cü ilin mart və oktyabr hadisələrindən sonra ordunun siyasiləşməsi prosesinə son qoyuldu. Ordu vahid mərkəzə tabe edildi, vahid orqanizm kimi fəaliyyət göstərməyə başladı, orduya çağırış, hərbi kadrların hazırlanması və digər məsələlər yoluna qoyuldu. İndi ötən dövrə nəzər salanda etiraf etmək lazımdır ki, bu dövr ərzində heç də az işi görülməyib. Amma Azərbaycan ordusunun formalaşmasını şərtləndirən amillərdən biri də Qarabağ problemidir. Nə qədər ki, bu problem həll olunmayıb, Azərbaycan ordusu özünü qalib ordu kimi hiss edə bilməyəcək. Bunu dövlət rəsmiləri də etiraf edirlər. Diplomatiya dalana dirənəndə rəsmilər problemin müharibə yolu ilə həll olnucağını istisna etmirlər. Həll olunmamış münaqişə orduya ekstremal məzmun verir. Azərbaycan daim öz ordusunu Ermənistan ordusu ilə müqayisə etməyə, onunla necə deyərlər, yarışmağa məcburdur.


İndi Azərbaycanda orduya ayrılan vəsait Ermənistandakından qat-qat artıqdır. Elə ordunun canlı qüvvəsi də Ermənistan ordusundan kəmiyyətcə çoxdur. Amma problemlər də yox dərəcəsində deyil. Hələ 1995-ci ildə Azərbaycan özünün hərbi doktrinasını qəbul etməli idi. Artıq 12 il keçsə də, bu proses tam başa çatmayıb. Bu yaxınlarda prezident tez bir zamanda hərbi doktrinanın hazırlanması haqqında göstəriş verdi. Hərbi konsepsiyanın olmamasının nəticəsidir ki, Azərbaycan ordusu üç mərkəzin – NATO-nun, Türkiyənin və Rusiyanın təsirini hiss edir. Hətta ordunun taktiki-texniki standartlarında belə bu təsirlər özünü biruzə verir. Düzdür, Azərbaycan ordusu «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində, eləcə də fərdi proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq edir. NATO-nun Parlament Assambleyasının fəaliyyətinə cəlb edilib, NATO strukturları ilə birlikdə anti–terror əməliyyatlarında iştirak edir. Amma bu hələ ordunun tam şəkildə NATO standartlarına keçməsi demək deyil. Bu yaxınlarda qəbul edilən Milli Təhlükəsizlik konsepsiyasında NATO-ya inteqrasiya da milli hədəflərdən biri kimi qeyd edilsə də, bu istiqamətdəki iş hər halda Gürcüstanda və Ukraynada olduğu qədər tam və ardıcıl deyil. Azərbaycan xarici siyasətdə olduğu kimi, ordu məsələlərində də hələ ki balanslaşdırma tendensiyasına üstünlük verir. Bu, həm də Azərbaycanın yerləşdiyi regionla, daha dəqiq desək, Rusiyanın və İranın təzyiqləri ilə bağlıdır. Rusiya və İran Azərbaycanın NATO ilə yaxınlığını arzulamır, həmişə onu bu yaxınlıqdan çəkindirməyə cəhd edir.


Müasir ordunun yaradılması həm də ciddi siyasi islahatlarla bağlı amildir.


NATO-ya inteqrasiya həm də bu aspektdən maraq kəsb edir. Şəffaf hərbi büdcə, ordu üzərində parlament nəzarəti – bunlar əsl NATO standartlarıdır. Azərbaycan hələ ki bu standartlardan uzaq ölkədir. Amma başqa çıxış yolu da yoxdur. Azərbaycan ya bu yolla addımlamalı, ya da geri qalmalıdır. Əks təqdirdə, orduya ayrılan böyük xərclərin də mənası və xeyri olmayacaq. Müasir ordu yaratmağın bir yolu var: bu da NATO-ya ardıcıl inteqrasiya yoludur. Ancaq bu yolla Azərbaycanda əsl müasir ordu yarana bilər.


XS
SM
MD
LG