Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:05

Azərbaycanda NATO həftəsi


Azərbaycanın NATO ilə əlaqələrində maraqlı və ibrətamiz detallar var
Azərbaycanın NATO ilə əlaqələrində maraqlı və ibrətamiz detallar var
Bir neçə gündür ki, Azərbaycanda maraqlı tədbir - NATO həftəsi keçirilir. Tədbir ərzində bir neçə seminar təşkil edilib, Gəncədə isə NATO Mərkəzi təsis edilib. Adətən belə tədbirlərin Tbilisidə keçirilməsinə adət etmiş azərbaycanlılar üçün bu, bir qədər təəccüblü və həm də maraqlı haldır. Məsələ ondadır ki, Azərbaycanın NATO ilə əlaqələrinin qurulması 1994-cü ilə təsadüf etsə də, Ermənistanla münaqişədə olduğu üçün NATO öz tədbirlərini paritet saxlamaq xatirinə daha çox Gürcüstanda həyata keçirir. Burada onu da yada salmaq lazımdır ki, Gürcüstan Azərbaycanla müqayisədə NATO-ya daha açıq və ardıcıl inteqrasiyaya can atır. Azərbaycan isə daha çox ehtiyatlı bəyanatlarla kifayətlənir. Bu yaxınlarda qəbul edilmiş Milli Təhlükəsizlik konsepsiyasına görə, Azərbaycan NATO-ya inteqrasiyanı özünün milli hədəflərindən biri kimi qeyd etsə də, hələki bu istiqamətdə inadlı addımlar atılmır. Bunun iki əsas səbəbi var. Birincisi, Azərbaycanın şimal qonşusu Rusiya və cənub qonşusu İran Bakının Şimali Atlantika blokuna inteqrasiyasını arzulamırlar, hər vasitə ilə onu bu yoldan çəkindirməyə cəhd edirlər. Bu məsələdə xüsusən də İran çox fəallıq göstərir. İkincisi, NATO ilə könülsüz inteqrasiyanın bir səbəbi də daxili siyasi proseslərlə bağlıdır - Azərbaycan hökuməti ölkənin NATO standartlarına yaxınlaşmasını istəmir. Bu da onunla bağlıdır ki, NATO-ya inteqrasiya ardıcıl siyasi islahatlar tələb edir. Bu islahatlar təkcə ordunu yox, ölkənin bütün sferalarını əhatə etməlidir.

Sirr deyil ki, digər müsəlman dövlətini - Türkiyəni demokratik müstəvidə saxlayan məhz onun NATO-ya üzv olmasıdır. Azərbaycan artıq bir Avropa strukturu ilə əməkdaşlıq edir – söhbət Avropa Şurasından gedir. Amma bu əməkdaşlığın acı təcrübəsi göz qabağındadır. Azərbaycanı tələsik olaraq öz sıralarına qəbul edən Avropa Şurası indi bilmir ki, onunla necə davransın. Azərbaycanda seçkilər saxtalaşdırılır, söz və mətbuat azadlığı boğulur, siyasi hüquqlar tapdanır, siyasi məhbus problemi həll olunmur. Bütün bunlara görə, Avropa Şurası daim Azərbaycanı qınayır. Amma hakimiyyət bu qınaqlardan nəticə çıxarmır. Belə bir vəziyyətdə olan hakimiyyətin NATO ilə inteqrasiyaya ürəkdən can atmasını demək sadəlöhvlük olardı. Hətta onu da qeyd etmək lazımdır ki, yuxarıda səslənən birinci səbəb də bir o qədər də əsas deyil. Məsələ bundadır ki, Rusiyanın və İranın təzyiqlərinə tab gətirmək üçün Azərbaycanın böyük potensialı var. Bu potensial hər halda Gürcüstanınkından çoxdur. Yada salaq ki, bu il Rusiyanın enerji təzyiqləri ilə üzləşən Gürcüstan problemlərini Azərbaycanın hesabına həll etdi. Elə bu səbəbdən Azərbaycan hakimiyyətinin gətirdiyi geosiyasi dəlillər bir o qədər də inandırıcı görünmür. Azərbaycan istəsəydi NATO-ya inteqrasiya məsələsində daha ardıcıl və inamlı olardı.


Ümumiyyətlə isə Azərbaycanın NATO ilə əlaqələrində maraqlı və ibrətamiz detallar var. İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın ən güclü hərbi bloku daim cəmiyyətlə, insanlarla açıq təmaslara can atır. Amma Azərbaycanın müdafiə strukturları haqqında bunu demək çətindir. Hətta büdcə xərcləri zəruri qədər şəffaf deyil. Tez-tez media ilə müdafiə strukturları arasında anlaşılmazlıqlar və qalmaqallar yaşanır. Ordu üzərində parlament nəzarəti lazımi qədər təmin edilməyib, baxmayaraq ki, Azərbaycan həm də NATO-nun Parlament Assambleyasının da üzvüdür. Azərbaycan parlamentinin ordu məsələlərinə müdaxiləsi sırf qanunvericilik fəaliyyəti ilə məhdudlaşır. Belə məhdudiyyət təkcə ordu məsələləri üçün xarakterik deyil – parlamentin hökumətin fəaliyyətinə nəzarəti, demək olar ki, yox dərəcəsindədir.


Bir sözlə, Azərbaycanın NATO ilə təmaslarını ancaq belə ifadə etmək mümkündür – güc mərkəzi ilə könülsüz hesablaşmaq. Hətta Azərbaycanın NATO ilə birlikdə anti-terror əməliyyatlarında iştirakı belə, bunu ört–basdır etmək iqtidarında deyil. Buna ancaq təəssüflənmək olar, çünki Azərbaycan NATO ilə ciddi əməkdaşlıq etsəydi, həm özünün təhlükəsizlik problemlərini, həm də müdafiə məsələlərini həll edə bilərdi.


XS
SM
MD
LG