Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:14

Azərbaycan anti-terror koalisiyasında iştirakını genişləndirəcəkmi?


Ekspert Azərbaycanın anti-terror koalisiyasındakı iştirakını genişləndirəcəyini istisna etmir
Ekspert Azərbaycanın anti-terror koalisiyasındakı iştirakını genişləndirəcəyini istisna etmir

Bu yaxınlarda maraqlı informasiya səsləndi. Məlum oldu ki, qonşu Gürcüstan bu ilin sentyabrında İraqdakı hərbi kontingentinin sayını artıraraq onu 2000 nəfərə çatdırmaq niyyətindədir. Daha çox əks tendensiyanın-hərbi kontingentin azalmasının müşahidə olunduğu vaxtda Gürcüstanın bu qərarı maraq doğurmaya bilməz. O da maraqlıdır ki, hərbi kontingent əsasən İranla həmsərhəd ərazidə yerləşdiriləcək. Bizim üçün ən çox maraq kəsb edən budur ki, bəs Azərbaycan necə hərəkət edəcək-özünün İraqdakı kontingentini artıracaq, yoxsa əksinə? Hələlik bununla bağlı hər hansı bir rəsmi açıqlama verilməyib. Bu yaxınlarda ABŞ-da keçirilən təhlükəsizliklə bağlı məsləhətləşmələrdə də bu məsələnin müzakirə olunub-olunmaması məlum deyil. İlk rəsmi müzakirə Azərbaycan ilk dəfə İraqa hərbi kontingent göndərərkən parlamentdə açılmışdı. O vaxt bunun əleyhinə cəmi bir nəfər çıxış etmişdi ki, o da kommunist partiyasının nümayəndəsi idi. İndi prinsipial razılıq üçün ehtiyac yoxdur, artıq belə razılıq var. Azərbaycanın müvafiq icra strukturları istənilən vaxt kontingentin artırılıb və ya azaldılması haqqında qərar qəbul edə bilərlər. Bəs bu məsələnin Azərbaycan üçün nə qədər önəmi var?


Bunun həm siyasi, həm də hərbi tərəfi var. Siyasi tərəfi budur ki, belə əməliyyatlarda iştirak etməklə Azərbaycan siyasi dəstək qazanır, onun bir regional dövlət kimi əhəmiyyəti artır, xarici siyasətdə rolu güclənir. Düzdür, bunun daxili fəsadları da var. Adətən xarici dəstək qazanan Azərbaycan hökuməti daxili siyasətini sərtləşdirir, demokratik hüquq və azadlıqları məhdudlaşdırır. Azərbaycanın xarici siyasi uğurları ilə daxili siyasəti arasında bir tərs mütənasiblik var. Əslində isə belə olmamalıdır. Amma nə edəsən ki, Azərbaycanda hələ də təhlükəsizlik anlayışı ilə azadlıq anlayışı ziddiyyət təşkil edir, biri-birinin əksi kimi qəbul edilir. Bunu bu yaxınlarda Bakıda səfərdə olan Avropa Birliyinin nümayəndəsi də qeyd etdi. O, dedi ki, Azərbaycanda belə hesab edirlər ki, maraqlar öhdəliklərdən üstündür. Bu, həqiqətən də belədir. Azərbaycanda belə bir inam hökm sürür ki, ABŞ və Avropa son anda geosiyasi və geoiqtisadi, eləcə də enerji maraqlarını önə çəkərək demokratiyanın məhdudlaşdırılmasına göz yumacaq. Yerli müşahidəçilərin əksəriyyətinin fikrincə, təəssüf ki, bu, belə də olur.


Son vaxtlar demokratiyaya diqqət həqiqətən də azalıb. ABŞ və Avropa ən yaxşı halda neqativ halları konstatasiya etməklə məşğuldurlar, bu halları düzəltmək üçün Azərbaycanı hər hansı addıma vadar etmək istəmirlər. Onu da qeyd etmək lazımdır ki, bu, təkcə ABŞ-ın və Avropanın günahı deyil. Azərbaycan öz geosiyasi və enerji resurslarından istifadə edərək məharətlə manevr edir. Qərb tərəfdən hər hansı təzyiqlə üzləşəndə Rusiyaya və digər MDB dövlətlərinə meyl edir, İranla münasibətlərini yaxşılaşdırır. Hal-hazırda Azərbaycan hakimiyyəti demokratiyanın vəziyyəti ilə bağlı müəyyən tənqidlərə məruz qalır. Bu baxımdan istisna deyil ki, Azərbaycan yenidən təhlükəsizlik sahəsində sövdələşməyə üz tutsun, Gürcüstan kimi anti-terror koalisiyasındakı iştirakını genişləndirsin.


Məsələnin hərbi tərəfinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, belə koalisiyalarda iştirak Azərbaycan ordusu üçün həm də təcrübə deməkdir.


Son illərdə Azərbaycan ordusunda bəzi müsbət tendensiyalar müşahidə olunsa da, ordunun maddi və texniki təminatı yaxşılaşsa da, onun döyüş qabiliyyəti haqqında konkret nəsə demək çətindir. Ordunun döyüş qabiliyyəti də yüksək olmalıdır. Belə əməliyyatlar isə məhz buna xidmət edir. Əfqanıstanda və İraqda xidmət edən azərbaycanlı hərbçilər orada ən azı dil öyrənir, hərbi təcrübələrini artırırlar. Azərbaycanın özündə isə hərbi təcrübə toplamaq imkanları məhduddur, çünki dinc dövrün öz qanunları var. Amma münaqişəyə cəlb olunmuş, torpaqlarını itirmiş ölkə üçün bu, bir o qədər də yaxşı hal deyil. Təsadüfi deyil ki, xarici ekspertlər bəzi hallarda Azərbaycan ordusunun döyüş qabiliyyətini bir o qədər də yüksək qiymətləndirmirlər. Sayca və maddi cəhətdən daha yüksək olan Azərbaycan ordusu üçün bu, bir o qədər də yaxşı hal deyil. Ona görə də məlum deyil ki, Azərbaycan İraqdakı və Əfqanıstandakı hərbi kontingentini artıracaq, ya yox? Amma ən azı sırf hərbi təcrübə toplamaq baxımından bu, yaxşı olardı.


XS
SM
MD
LG