Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:13

Payızda hərbi doktrina qəbul ediləcək


Hərbi doktrinanın qəbul edilməsinin hansı mühüm nəticələri olacaq
Hərbi doktrinanın qəbul edilməsinin hansı mühüm nəticələri olacaq

Deputat Zahid Orucun məlumatına görə, payızda Milli Məclis Azərbaycanın hərbi doktrinasını qəbul edəcək. Xatırladaq ki, hələ 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, Milli Məclis prezidentin təqdimatı ilə hərbi doktrinanı təsdiq etməli idi. O vaxtdan təxminən 12 il keçib. Nəhayət bu il artıq sənədin qəbulu başa çatacaq. Bu illər ərzində demək olmaz ki, Azərbaycan hərbisinin əsas istiqamətlərini müəyyənləşdirən konsepsiya olmayıb. Etiraf etmək lazımdır ki, son illərdə ordu quruculuğu sahəsində mühüm işlər görülüb. Birincisi, ordu vahid orqanizmə çevrilib. İkincisi, ordunun maddi-texniki bazası xeyli inkişaf etdirilib. Artıq orduda 1992-ci ilin əvvəllərinə xas olan pərakəndəlik yoxdur. Əvvəllər ordu biri-birinə çox da tabe olmayan ayrı-ayrı hissələrdən ibarət idi. İndi isə tam sistem var.


Deputatın sözlərinə görə, sənəd iki hissədən ibarət olacaq: cəmiyyət üçün açıq və məxfi hissələr. Sənəddə Azərbaycanın Avro-Atlantika məkanına inteqrasiyası məsələsi də xüsusi yer alacaq. Bu, çox təqdirəlayiq haldır. NATO və Azərbaycan əlaqələri xüsusi maraq və önəm kəsb edən məsələdir. Azərbaycanın NATO ilə əlaqələri də təxminən 13 illik bir dövrü əhatə edir. İlk dəfə olaraq 1994-cü ildə Azərbaycan NATO ilə «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində əlaqələr qurdu. O vaxtdan bu proqram xeyli təkmilləşib. Amma Azərbaycanın NATO ilə münasibətlərində bir qədər tərəddüd var. Gürcüstan və Ukrayna NATO-ya münasibətdə daha inamlı və inadlıdır. Azərbaycanın NATO-ya ehtiyatlı münasibəti daha çox Rusiyanın təzyiqləri ilə bağlıdır. Ən azı müstəqil müşahidəçilər belə fikirləşirlər. Amma maraqlıdır ki, Gürcüstan və Ukrayna Rusiyanın təzyiqlərinə məhəl qoymur. O da maraqlıdır ki, Gürcüstanı Rusiyanın təzyiqlərindən hifz edən elə Azərbaycandır. Bu ilki təzyiqləri Gürcüstan Azərbaycanın köməyi olmadan dəf edə bilməzdi.


İndi Azərbaycan yenə də NATO ilə əməkdaşlıq sahəsində iki illik sənəd üzərində işləyir. Bu, Fərdi Əməkdaşlıq Proqramı olmalıdır. Buradan həm də belə nəticə çıxır ki, bu müddət ərzində Azərbaycanın NATO-ya üzv olması məsələsi qabardılmayacaq. Bu müddət ərzində artıq Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq şansını araşdıracaq. Təbii ki, bu iki respublika NATO-ya üzv olsa, Azərbaycan da bu yolla gedəcək.


NATO ilə Azərbaycanın sıx əlaqəsi üç aspektdən maraq kəsb edir. Birinci, aspekt məsələnin hərbi cəhətidir. NATO-ya üzv olmaq və ya onunla yaxından əməkdaşlıq etmək gənc Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir. Müasir ordu quruculuğunu NATO ilə yaxınlıq etmədən təssəvvür etmək mümkün deyil. İkinci aspekt təhlükəsizliklə bağlıdır. Azərbaycan üçün ən etibarlı təhlükəsizlik sistemi NATO-dur. Hazırda Azərbaycanın etibarlı təhlükəsizlik mexanizmləri və fəzası yoxdur. Üçüncü aspekt siyasi aspektdir. NATO-ya üzv olmaq ardıcıl siyasi islahatlar deməkdir. Azərbaycan artıq bir siyasi klubun üzvüdür – söhbət Avropa Şurasından gedir. Daha bir alyans siyasi islahatlara güclü təkan verərdi.


Azərbaycan həmçinin NATO-nun Parlament Assambleyası ilə də əməkdaşlıq edir, bu qurumun toplantılarına qatılır.


Bəs hərbi doktrinanın qəbul edilməsinin hansı mühüm nəticələri olacaq?


Zahid Orucun sözlərinə görə, ilk dəfə olaraq Ermənistanla münasibət rəsmi sənəddə öz əksini tapacaq. Bundan başqa, Azərbaycanın müdafiə siyasəti bitkin konsepsiya halını alacaq. Müdafiə siyasətinin əsas istiqamətləri və prioritetləri məlum olacaq, taktiki-texniki qeyri-müəyyənlik aradan qalxacaq.



Bu yaxınlarda Azərbaycanın milli təhlükəsizlik konsepsiyası da qəbul olunmuşdu. Bunun ardınca hərbi doktrinanın qəbul edilməsi təhlükəsizlik və müdafiə siyasətinin tam sistem halına keçməsinə səbəb olacaq. Bu, həm də sırf dövlət quruculuğu baxımından əhəmiyyət kəsb edir. Dövlətin milli təhlükəsizlik konsepsiyası və hərbi doktrinası olmalıdır. Artıq burada boşluq olmayacaq. Digər respublikalar çoxdan özlərinin hərbi doktrinalarını qəbul ediblər. Bu mənada Azərbaycan hətta müəyyən qədər gecikib. Amma payızda sənədin qəbul edilməsi bu gecikməni kompensasiya edəcək.


XS
SM
MD
LG