Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:49

Müxalifət vahid namizəd problemini həll edəcəkmi?


Müxalifətin mətbuat üzərində qurulan fəaliyyəti tam iflasa uğrayıb
Müxalifətin mətbuat üzərində qurulan fəaliyyəti tam iflasa uğrayıb

Bir ildən sonra Azərbaycanda prezident seçkilərinə start veriləcək. Seçkilər elə prosesdir ki, artıq bir il əvvəl ona hazırlıq başlayır. Azərbaycanda da bu tendensiyanın işartıları görünür. Daha çox fəallıq göstərən hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasıdır. Hakimiyyət bütün vasitələrlə özünün təbliğatı ilə məşğuldur. Amma bu sözləri müxalifət haqqında demək olmur. Müxalifət siyasi cəhətdən passiv və pərakəndə durumda qalmaqda davam edir. Bunun səbəbləri çoxdur. Əsas səbəb isə müxalifətin on il bundan əvvəl qurduğu taktikadır. Məsələ bundadır ki, müxalifət öz fəaliyyətini ancaq mətbuat üzərində qurmuşdu. Mətbuat üzərində qurulan fəaliyyət indi tam iflasa uğrayıb. Hazırda mətbuat özünün ən ağır günlərini yaşayır. Qəzetlərin tirajı və dövriliyi kəskin şəkildə azalıb. Oxucuların sayı haqqında da eyni sözləri demək mümkündür. Daha qəzetlər əvvəlki kimi ictimai rəyi formalaşdırmaq və yönəltmək iqtidarında deyil. Belə bir hal müxalifəti tam iflic halına salıb. İctimaiyyətlə bütün əlaqələr qırılıb. Kütləvi aksiyalara icazə verilmədiyindən vəziyyət daha da mürəkkəbləşib.


Seçki ərəfəsində ənənəvi olaraq bir neçə problem həll edilməlidir. Bunlardan birincisi, Seçki Məcəlləsinin demokratikləşdirilməsidir. Əsas məsələ seçki komissiyalarının paritet əsasında formalaşdırılmasıdır. Hələlik bu istiqamətdə söz-söhbətdən başqa bir şey yoxdur. Digər məsələ isə seçki mühitinin demokratikləşdirilməsidir. Bu məsələni həll etmək üçün siyasi partiyalar fəaliyyətlərini uzlaşdırmalı, birgə fəaliyyət göstərməlidirlər. Adətən əvvəllər bu problemləri həll etmək üçün siyasi bloklar yaranırdı.


Nəhayət, üçüncü məsələ seçkidə müxalifətin vahid namizədinin irəli sürülməsidir. Bu, ən qəliz problemdir. Onun həlli bir qayda olaraq mümkün olmur. Hələ bu vaxta qədər bircə dəfə belə olmayıb ki, müxalifət vahid namizədlə seçkiyə getmiş olsun. Bu problemi həll etmək olmur. Onu 1998-ci ildə həll etmək mümkün olmadı. 2003-cü ildə də bu problem həll olunmamış qaldı. Güman ki, 2008-ci ildə də belə olacaq.


Amma müxalifət liderləri sonuncu problemi heç də ən mühüm problem hesab etmirlər. İsa Qəmbər belə hesab edir ki, seçki ilə bağlı ən mühüm problem hakimiyyətin demokratik seçki keçirmək iradəsi və əzmidir. Onun fikrincə, hakimiyyətin belə bir iradəsi, niyyəti yoxdur, yəni iqtidar demokratik seçki keçirmək istəmir. İsa Qəmbər belə hesab edir ki, digər problemlər həlledici deyil. Əli Kərimli, Lalə-Şövkət Hacıyeva hələlik seçkilərlə bağlı bir fikir demirlər.


Əli Kərimlinin başçılıq etdyi AXCP indi özünün ən çətin günlərini yaşayır. Xəqani küçəsində yerləşən qərargah alınandan sonra partiya bir müddət ADP-nin qərargahında yerləşdi. Hazırda partiya bu ünvanda da toplaşmır.


Lalə-Şövkət Hacıyeva da bilavasitə partiya sədrliyindən uzaqlaşıb. O, öz partiyasının lideri kimi fəaliyyət göstərir. Əvvəllər, yəni 2005-ci ilin parlament seçkiləri vaxtı bu partiyalar «Azadlıq» blokunda birləşmişdilər. Bloku əvvəlcə Müsavat, daha sonra isə ADP tərk etdi. Yeri gəlmişkən, ADP-nin sabiq lideri Rəsul Quliyevin də prezident seçkilərinə münasibəti bəlli deyil. ADP rəhbərliyindən uzaqlaşdırılandan sonra onun tərəfdarları Açıq Cəmiyyət Partiyasını təsis etdilər. Amma nə partiya, nə də Rəsul Quliyev seçkilər haqqında hələ bir fikir söyləməyiblər.


Daha bir iddiaçı Etibar Məmmədovdur. AMİP-in sədrliyindən uzaqlaşan Məmmədov daxili siyasətdən də uzaqlaşıb. Bunu o, öz müsahibələrində deyir. İndi o, bütöv Azərbaycan problemi ilə məşğuldur. Etibar Məmmədovun prezident seçkilərinə qatılıb–qatılmayacağını heç kim bilmir.


Müşahidəçilər bir detalın da üzərində dayanırlar. Ola bilsin, 2008-ci ilin prezident seçkilərində tək namizədlər əsas rol oynasınlar. Onlardan biri politoloq Eldar Namazovdur. Namazov seçkilərdə iştirak etmək əzmini hələ açıqlamayıb. Amma siyasi analitiklər onun güclü bir rəqib olmaq imkanını istisna etmirlər.


Beləliklə, prezident seçkilərinə bir il qalıb. Amma seçki ilə bağlı heç bir problem həll olunmayıb. Ancaq suallar mövcuddur. Suallar çoxdur. Onlardan biri də budur ki, görən 2008-ci ilin prezident seçkiləri Azərbaycan müxalifəti üçün son seçkilər olmayacaq ki? Prinsipcə bu halı istisna etməmək olar. Məsələ bundadır ki, müxalifət həqiqətən də zəifdir və bu zəifliyin onu hara aparacağı məlum deyil.


XS
SM
MD
LG