Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:50

Döyülən, oğurlanan, öldürülən jurnalistlər…


«Deyirdilər, başına güllə vuraq, ataq dənizə»
«Deyirdilər, başına güllə vuraq, ataq dənizə»

«RUH» Jurnalistləri Müdafiə Komitəsinin apardığı hesablamalara görə, 1991-ci ildən bu günə qədər 40-a yaxın jurnalist terrorla üzləşib.


Altı Azərbaycan jurnalisti Ermənistan-Azərbaycan münaqişəsi zonasında həlak olub. «Azadlıq», «Yeni Müsavat», «Bakı-xəbər», «Bizim yol», «Ayna», «Gündəlik Azərbaycan», «Avropa» qəzetlərində, «Turan» İnformasiya Agentliyində, «Azadlıq» radiosunda çalışan onlarla jurnalist dəfələrlə oğurlanıb, döyülüb, qondarma cinayət işlərilə dustaqxanalara salınıb. Bu gün də 9 jurnalist məhz fərqli düşündüyünə və düşündüklərini media vasitəsilə cəmiyyətə çatdırdığına görə həbsdədir.


«Monitor»dan qurtulmağın yalnız bir yolu…


2005-ci il martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi isə gərginləşən hakimiyyət-media münasibətlərinin kuliminasiya nöqtəsi oldu.


Buna qədər Elmar Hüseynovu susdurmaq üçün onun «Monitor»unu dəfələrlə qapatmışdılar. Jurnal dəfələrlə yüksək rütbəli dövlət məmurlarının məhkəmə qarşısında qaldırdığı iddialara əsasən cərimələnmiş, Elmar Hüseynov 6 ay azadlıqdan məhrum edilmişdi. Ancaq hər qayıdışında «Monitor» prinsiplərindən geri çəkilməyəcəyini ortaya qoyurdu. Belə olan halda «Monitor»dan qurtulmağın yalnız bir yolu qalırdı – Elmarı əbədi olaraq susdurmaq.


«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu: «Elmarın qətli mediaya basqıları bir qədər də sürətləndirdi və münasibətləri qaydasız döyüş həddinə gətirdi».


Xuduoğlunun yaxın gələcəklə bağlı proqnozları da bədbindir. O, düşünür ki, 2008-ci il prezident seçkisi öncəsi Azərbaycanda azad sözə qarşı kampaniya bir qədər də sərtləşəcək: «Adam həyatda bir dəfə qəhrəman ola bilər. Ancaq medianı elə bir duruma salıblar ki, hər gün nəşr olunmaq hər gün bir qəhrəmanlıq enerjisini, gücünü xərcləmək qədər ağır bir işə çevrilib».


Elmarın qətlilə bağlı qaldırılan cinayət işinin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır. Bu qətlin üstündən 2 il 9 ay keçməsinə baxmayaraq hələ də iş bağlıdır. Şahbaz Xuduoğlu siyasi xarakterli olduğundan cinayətin açılacağına ümid etmədiyini deyir: «Belə qənaətə gəlmişəm ki, bu qətlin üstü açılmayacaq. Bu qətlin üstünün açılmamasının yalnız bir səbəbi var. Bu, məlum olsa, gərək yer-göy oynasın. Biz cəmiyyətə yalnız onu göstərə bildik ki, Elmar yazılarına görə, siyasi sifariş əsasında qətlə yetirilib. Elmarın işinin açılmamasında maraqlı olan tərəf yalnız iqtidardır».


Elmarın qətlinin bağlı qalmasının bir səbəbini də Şahbaz Xuduoğlu beynəlxalq birliyin Azərbaycan iqtidarına layiq olmadığı dəstəyi verməsində görür. Onun fikrincə, əgər beynəlxalq birlik Azərbaycanda demokratik cəmiyyət qurulması istəyində səmimidirsə, azad sözə basqılara bunca göz yummamalıdır.


Jurnalistlərin döyülməsi və oğurlanması faktlarını birləşdirən bir neçə ümumi məqamlar var. Jurnalistlər döyülməzdən və oğurlanmazdan öncə özlərini hakimiyyətə yaxın dairələrin nümayəndəsi kimi təqdim edən şəxslər anonim nömrələrdən onlara zəng vurub hədələyir, sonra bu hədələr həmin qəzetlərin baş redaktorlarına yönəlir, yumşalmayan jurnalistlərin üzünə bihuşedici qaz vurulmaqla onlar oğurlanır və ağır bədən xəsarətləri yetirilərək gecə saatlarında şəhərin əldən-ayaqdan uzaq yerlərində yol kənarına atılır, qaldırılan cinayət işlərinin heç biri açılmır.


«Onlar məni döymək yox, oğurlamaq istəyirdilər»


2001-ci il yanvarın 18-də axşam saatlarında üç nəfərin qəfil hücumu ilə üzləşən o zaman «Azadlıq», indi isə «Yeni Müsavat» qəzetinin yazarı Zamin Hacı başına gələnləri danışır: «Çox cəhd edirdilər ki, qazı mənim sifətimə vursunlar. Onlar məni döymək yox, oğurlamaq istəyirdilər».


Zamin deyir ki, buna qədər dəfələrlə tanımadığı şəxslər qapalı nömrələrdən onun mobil telefonuna zəng vuraraq hədələyirmişlər. Hər axşam işdən qayıdanda isə onu tanımadığı şəxslər düz yaşadığı binaya qədər təqib edirmiş. Davamlı olaraq izlənməsi, özünə və o zaman «Azadlıq» qəzetinin baş redaktoru Gündüz Tahirliyə edilən xəbərdarlıqlar isə Zamin Hacını öz dililə desək, daimi hazırlıq vəziyyətində saxlayırmış. Elə bu səbəbdən üç nəfər küçədə ona qəfil hücum edəndə bərkdən qışqırmağa başlayıb. Camaatın onun səsini eşidib yardıma gəlməsi hələ də kimliyi bilinməyən cinayətkarların qaçıb aradan çıxması ilə sonuclanıb.


Zamin Hacı: «Həmin axşam Yasamal Rayon Polis İdarəsinə getdik. Təsəvvür edin ki, eynəyim qırılmışdı, üzüm cızıq-cızıq idi, üst-başım tamam palçığa bulaşmışdı. Üstəlik, şahidlər də var idi, ancaq polis olayı qeydə almaq istəmirdi. Təkidlə deyirdilər ki, biz bu hadisəni qeydə almayacağıq. Biz tələb edirdik ki, mənim nəfəs yollarımda həmin qazın izləri qaldığı üçün tibb ekspertizası keçirilsin. Ancaq polis bütün tələblərimizi rədd edirdi. Geri çəkilmədiyimizi görüb sonda qeydə aldılar».


Zamin deyir ki, polisin cinayəti açmayacağı ona elə ilk gündən bəlli olub: «Səhərisi mən eynəyimin qırıqlarını olay yerindən tapdım. Orada mənə hücum edənlərdən birinin papağını da tapmışdım. Onu gətirib müstəntiqə verəndə dedi ki, bunu sənə bağışlayıram. Əslində isə bu, əşyayi-dəlil idi. İki aydan sonra heç bir işıq ucu olmadığına görə işə xitam verildi».


Zamin Hacı da həm özünün, həm də başqa jurnalist həmkarlarının qarşılaşdıqları cinayət faktlarının açılmayacağına əmindir: «Bu işlər necə açıla bilər ki, sifarişçi də, icraçı da həmin adamların özləridir. Çox böyük pullar qazanmış korrupsioner bir rejimin idarəçiliyi altında yaşayırıq və qazandıqları pullar onların gözünü elə örtüb ki, ayaqlarının altını görmürlər. Onlara hansısa qanundan danışmaq çox gülünc görünür. Bu ölkədə hansı qanun işləyir ki?».


Zamin deyir ki, Elmar Hüseynovun qətlə yetirilməsi Azərbaycan jurnalistlərində daxili senzura yaradıb: «Gözü çıxmış qardaşdan çoxlarımız ibrət götürmüşük. Azərbaycan jurnalistləri çox qorxudulub və açığı deyim ki, mən də qorxuram. Bizim hamımız qorxuruq. Çünki bizi müdafiə edəcək heç bir qüvvə yoxdur».


Jurnalisti indi də hədələyirlər. Ancaq bu dəfə daha sivil formada - elekron poçt vasitəsilə: «İqtidar nümayəndələri mənə yazırlar ki, bu ölkəni bəyənmirsinizsə, çıxın, gedin. Mən də onlara yazıram ki, siz özünüz gedin. Çünki, bu ölkəni, bu dövləti quranlardan biri də mənəm. Mən milli azadlıq hərəkatına qoşulanda, meydanlarda imperiyaya etiraz edəndə bu hakimiyyətdə təmsil olunanlar və onların bir sürü yaltaqları heç ortalıqda yox idilər».


«Məni qəflətən maşına basdılar»


Zamini oğurlamaq mümkün olmasa da, mediaya savaş elan etmiş qüvvələr 2001-ci il iyulun 3-də «Bakı-xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevi oğurlaya bilmişdilər. Özü də günün-günorta çağı, şəhərin mərkəzində.


Aydın Quliyev: «Məni qəflətən maşına basdılar. Əllərimi, gözlərimi bağladılar. Şəhərdə bir neçə saat gəzdik. Siyasi xarakterli tələblər qoymuşdular. Çox ümumi və mücərrəd danışırdılar.

Siyasi fəaliyyətimi, jurnalist fəaliyyətimi dayandırmağımı tələb edirdilər. Dediklərinə əməl etməsəm, məni və ailə üzvlərimiz daha dəhşətli işgəncələrlə üzləşə biləcəyimizlə hədələyirdilər».


Naməlum şəxslərin əsirliyindən qurtulandan dərhal sonra Quliyev hüquq-mühafizə orqanlarına müraciət edib. Ancaq cinayətkarların heç bir iz qoymaması bu istintaqın da nəticəsiz qapanmasına səbəb olub: «Hadisə o qədər professional şəkildə gerçəkləşdirilmişdi ki, ortada hər hansı iz, dəlil-sübut tapmaq mümkün deyildi. İş indiyə qədər də bağlıdır».


Quliyevin fikrincə, hakimiyyətdə təmsil olunanların heç də hamısı mediayla belə açıq savaşların tərəfdarı deyil. Suyu bulandıran yalnız bir neçə şəxsdir. Bununla belə, baş redaktor baş verənlərdə siyasi çalar axtarmağın olduqca məntiqli olduğunu düşünür: «Jurnalistlərə qarşı təqiblərin davam etməsi məndə belə bir əminlik yaratdı ki, bu, siyasi bir prosesdir. Elmar Hüseynovun qətlə yetirilməsi Azərbaycanda hakimiyyət-media münasibətlərinə dəxli olan məsələdir. Nə qədər ki bu olayın əsl mahiyyəti, məzmunu açılmayıb, hamı düşünəcək ki, bu, hakimiyyətdə kiminsə sifarişidir».


Elmar Hüseynovun qətlindən sonra cəmiyyət uzun müddət sanki şokdan ayılmadı. Elmarın ölümünün bir ili tamamlanandan az sonra isə ard-arda


«Ani olaraq beynimdən keçdi ki, başımı kəsmək istəyirlər»


«Azadlıq» qəzetinin köşə yazarı Fikrət Hüseynlinin və «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin oğurlanaraq onlara ağır bədən xəsarətlərinin yetirilməsi mediaya elan edilən savaşın zəifləyəcəyini düşünənlərə yeni şok yaşatdı.


Fikrət Hüseynli redaksiyadan «varlılar məhəlləsi» kimi tanınan Badamdar villaları ilə bağlı reportaj hazırlamaq tapşırığı alır. Qayıdarkən, «Qurd qapısı»nın yaxınlığında onu haqlayırlar.


Fikrət Hüseynli: «Birdən başıma çox güclü zərbə dəydi. Səntirlədim. Yadıma gələn o oldu ki, mənim sağ qolumu burdular».


Bundan sonra təxminən iki saat Fikrətin huşu özündə olmayıb:

«Bu iki saatda mən harada olmuşam, məni niyə aparıblar, meyidimi kimə göstəriblər ki, doğrudan da biz bunu döymüşük, öldürmüşük, bunların heç birini bilmirəm. Bir də onda ayıldım ki, bir ağacın altındayam boğazıma da bıçaq dirənib. Ani olaraq beynimdən keçdi ki, başımı kəsmək istəyirlər».


Son qüvvəsini toplayıb qara maska geyinmiş adam oğrusuna müqavimət göstərəndə bıçaq boğazının altından keçib ağız boşluğuna işləyib: «Bu məqamda xırıldamağa başladım. Onlardan biri dedi ki, deyəsən, öldu. Bundan sonra onlar maşına minib sürətlə uzaqlaşdılar».


Al qan içində olan Fikrəti taksi ilə Təcili-Tibbi Yardım Xəstəxanasına gətirilib. Qanaxmadan huşunu itirmək həddində olmasına baxmayaraq Fikrət telefonla «Azadlıq» qəzetinin direktoru Azər Əhmədova baş verənləri anlada bilib. Əhmədovdan öncə xəstəxanaya polislər gəlib. Polislər onlarla bərabər ilk tibbi yardım otağına girib. Azər Əhmədov Fikrətin jurnalist olduğunu və oğurlanaraq bıçaqlandığını bildirəndə həkimlər ona yardım göstərməkdən imtina ediblər. Qəzetin direktoru ilə həkimlərin mübahisəsinə Fikrətin «yıxılmışam» deməsi son qoyub. Fikrətin bu «etirafından» sonra həkimlər yaraya tikiş qoymağa razılıq verib, polislər isə heç bir qeydiyyat aparmadan xəstəxanadan gedib.


Ertəsi gün Fikrət həkim müayinəsindən keçmək qərarına gəlib: «Başqa bir tanış həkim gəldi. Məni müayinə etdi. Bəlli oldu ki, damarıma hansısa psixotrop maddə vurublar. Dizlərimdə, bədənimin müxtəlif yerlərində yara izləri vardı».


«Azadlıq» qəzeti rəhbərliyinin davamlı təkidlərindən sonra fakt üzrə qaldırılan cinayət işi üzrə təyin olunan məhkəmə-tibb ekspertizası isə bu faktların heç birini qeydə almayıb.


Fikrət Hüseynli: «Ekspert sübut etməyə çalışırdı ki, guya mən yıxılmışam, boğazıma nə isə batıb. Mənim bədənimdə, paltarlarımda bu qədər aşkar izlər ola-ola ekspertiza saxta rəy hazırladı. İş ondadır ki, indiyə qədər o saxta rəyi də ala bilməmişəm».


İki aydan sonra cinayət törədənlərdən heç birinin izinə düşmək mümkün olmadığından bu iş də bağlanıb.


«Deyirdilər, başına güllə vuraq, ataq dənizə»


Elmar Hüseynovun qətlinin ildönümü ilə bağlı keçirilən dəyirmi masada təklif olunub ki, qəzetlər «Elmarın ölümündə kimdən şübhələnirsiniz» başlığı altında sorğu keçirərək nəticələri qəzetlərdə dərc etsinlər. Oxucuların gəldiyi nəticə hakimiyyətin yüksək dairələrinin xeyrinə olmadığı üçün bir çox qəzetlər nəticələri çap etməyib. «Bizim yol» isə nəticələri dərc edib. Bahəddin Həziyev də elə həmən günlərdə oğurlanıb.


Bahəddin Həziyev: «Hər hey çox ani baş verdi. Ancaq o adam indi də mənim gözlərimin qarşısındadır. Mən həmin adamı istintaqa təsvir də etmişəm. Mənə bəlli olmayan səbəblərdən istintaq onun fotorobotunu çıxarmadı. Tez başıma kisəni keçirdilər, əllərimi bağladılar, başladılar elə maşındaca döyməyə. Deyirdilər ki, sən çoxdan bu işlə məşğulsan, yazırsan, elə bilirdin, cavab almayacaqsan».


15-20 dəqiqə keçəndən sonra onu maşından endirib bir evin həyətinə gətiriblər. Burada onu yenidən döyməyə başlayıblar: «Biri deyirdi ki, elə edin, iz qalmasın. Başqa birisi isə deyirdi ki, iz qalsa da, qalmasa da biz artıq bunu geri qaytara bilmərik, başına güllə vuraq, ataq dənizə».


Ancaq sonradan plan dəyişib. Redaktoru yenidən maşına mindiriblər: «Məni yolun qırağında düşürdülər, sonra sürətlə gəlib maşınla üstümdən keçdilər. Səhərə yaxın çoxlu itlər gəldi. Hardasa, bir 15-20 it olardı. Səslərindən belə saymışdım. Sonradan fikirləşirəm ki, deyəsən, onların yanında bir nəfər də vardı, çünki mənim kürəyimə balaca bir daş dəydiyini hiss etmişdim. Bir balaca tərpənən kimi mənə hücum etmək istəyirdilər. Ancaq tərpənməyə heç taqətim də qalmamışdı».


Başına torba keçirilmiş, əlləri bağlı, ayaqları isə sındırılmış Bahəddin Həziyevi hava işıqlaşanda nəhayət ki, yoldan keçən bir maşının sürücüsü görüb. Polis və təcili yardım redaktoru xəstəxanaya çatdırıb: «Ayağım beş yerdən sındırılmışdı. Sınıqlar çox mürəkkəb idi. O qədər mürəkkəb idi ki, heç əməliyyata belə almadılar, yalnız konservativ yolla düz 10 ay xəstəxanada və evdə müalicə olundum».


Faktla bağlı Abşeron Rayon Polis İdarəsində qaldırılan cinayət işi isə düyünə düşüb: «Heç bir şübhəli şəxs müəyyən olunmayıb, heç kimin fotorobotu hazırlanmayıb. Ona görə də bəlli deyil ki, istintaq nəyin əsasında aparılır. Artıq hər kəsə bəllidir ki, bu cinayət açılmayacaq. Açığı indi yalnız təmənnam odur ki, bu işi başqasının boynuna qoymasınlar».


Cinayət işi başlanarkən istintaq qrupuna rəhbərlik edən Seymur Səfərov indi Sumqayıt Şəhər Polis İdarəsinin istintaq bölməsinə başçılıq edir. Digər müstəntiq Anar Əliyev isə öz raportu ilə işin araşdırılmasından imtina etdiyini deyir. Dəfələrlə Abşeron Rayon Polis İdarəsinə müraciət etsək də, indi istintaqı kimin apardığını öyrənə bilmədik. Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov isə istintaqın davam etdiyini bildirir: «Elə cinayətlər var, isti izlərlə açılır, elə cinayətlər də var ki, onların açılması üçün bir neçə il gərək olur. Təəssüf ki, Bahəddin Həziyevi döyən şəxslərin kimliyi hələ də bilinmir. İstintaq hələ davam edir».


Həziyev deyir ki, cəmiyyət elə güclü iqtisadi məngənəyə salınıb ki, müqavimət gücünü bütünlüklə itirib: «Qənimətin həbsi, Elmarın ölümü bir neçə il öncə baş versəydi, bu, ölkədə siyasi böhrana, bəlkə də hakimiyyət dəyişikliyinə gətirib çıxarardı. İndi isə cəmiyyətin müqavimət gücü nəinki zəifləyib, bütünlükdə qalmayıb. Əməkdaşımız Gədəbəyə gedib. Deyir ki, vətəndaşlardan icra hakimiyyətinin harada yerləşdiyini soruşanda, mənə binanı göstərməyə belə qorxdular. Deyirlər, polis bilər, bizim üçün pis olar. Ölkəyə böyük pullar gəldikcə, o pullar uğrunda mübarizə gücləndikcə, mübarizə aparanların dairəsi daraldıqca, onlara mane olanların resursları zəiflədikcə, mediaya, jurnalistlərə basqı artacaq. Jurnalistlərə edilən təklifləri indi aşkar bildirirlər – reallıqlara uyğunlaşmaq, oyun qaydalarını nəzərə almaq».


«Ekspertlərin verdiyi rəyə görə, ölümə sui-qəsd olub»


Şahbaz Xuduoğlunun qaydasız döyüş adlandırdığı oyunun növbəti qurbanı isə 2007-ci il aprelin 20-də «Gündəlik Azərbaycan» qəzetinin yazarı Üzeyir Cəfərov oldu. Həmin gün qəzetin baş redaktoru Eynulla Fətullayev Yasamal Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edildiyindən qəzetə ikinci zərbənin vurulacağını heç kim ağlına gətirmirdi. Ancaq bu, baş verdi. Keçmiş hərbçi, Azərbaycan Ordusu ilə bağlı «Gündəlik Azərbaycan» qəzetində silsilə yazılar dərc etdirən Üzeyir Cəfərov saat 24 radələrində şəhərin mərkəzində, Ali Məhkəmənin bir neçə hakimi, Milli Təhlükəsizlik naziri, bir neçə universitetin rektoru yaşayan binanın qarşısında armaturla başından vuruldu.


Üzeyir Cəfərov: «Ekspertlərin verdiyi rəyə görə, ölümə sui-qəsd olub, sadəcə, məqsədlərinə nail ola bilməyiblər».


Buna qədər isə Cəfərovun yaşadığı evə dəfələrlə zəng vurub ailə üzvlərindən jurnalistin nə zaman dönəcəyini xəbər alıblar: «Plan elə düşünülüb ki, əgər redaksiyanın qarşısında baş tutmasaydı, məni binanın giriş qapısında yaxalayıb, böyük ehtimalla öldürsünlər».


Digər faktlardan fərqli olaraq Cəfərov ona hücum edənlərdən birini görüb. Onun iddia etdiyinə görə, bu, polis orqanlarında çalışan Nəbi Nəcəfovdur: «Üstündən səkkiz ay keçib, bu adam gəlib bir dəfə də olsun deməyib ki, məni niyə şərləyirsən?»


Nəbi Nəcəfovun Eynulla Fətullayevin məhkəməsində olduğunu istintaqı aparan Yasamal Rayon Polis İdarəsinin istintaq bölməsinin rəhbəri Rafiq Əliyev də təsdiq edir: «Həmin şəxs məhkəmə binasının qarşısında deyil, məhkəmənin içərisində olub və ora rəisin göstərişilə gedib. Elə-belə gəzməyə getməyib ora. İstintaq yolu ilə araşdırıldı ki, bu, Üzeyir Cəfərovu vuran şəxs deyil. İnsan insana oxşaya bilər. Üzeyir Cəfərov çox şey deyə bilər».


Bu arada Daxili İşlər naziri Ramil Usubov olaya münasibətini də açıqladı. Baxmayaraq ki, bu münasibət həkimlərin ağır kəllə-beyin travması, kəllə sümüyünün iki dərin kəsilmiş yarası diaqnozu ilə qətiyyən üst-üstə düşmürdü.


Üzeyir Cəfərov: «Daxili İşlər naziri belə bir bəyanat verdi ki, guya bu hadisəni mən özüm təşkil etmişəm və özüm-özümə xəsarət yetirmişəm. Jurnalistlərin hədəfi oğru, korrupsioner, rüşvətxor məmurlardır. Bütün bunlar da həmin o varlanmış, harınlamış məmurlar tərəfindən təşkil olunmuş aksiyalardır».


Üzeyir Cəfərov da digər həmkarları kimi düşünür ki, ictimaiyyətin müqaviməti zəiflədikcə, beynəlxalq birlik Azərbaycanda demokratik prinsiplərin tapdanmasına göz yumduqca, jurnalistlərə, bütünlükdə media orqanlarına basqılar səngiməyəcək: «Cəmiyyət nə qədər az informasiya alsa, saxtakarlıq, özbaşınalıq hallarını keçirmək daha rahat olur».


Növbəti seçkiyə jurnalistlərin toz basmış cinayət işləri ilə…


…Azərbaycan müstəqilliyini bərpa edəndən bu günə qədər hər seçki dönəmi iqtidar-media münasibətlərinin kəskinləşməsilə yadda qalıb. Qarşıdan yenə seçki ili gəlir. Hakimiyyət bu seçkiyə də Elmar Hüseynovun açılmamış qətli, Zamin Hacının, Kamil Tağısoyun, Bahəddin Həziyevin, Emin Hüseynlinin, Aydın Quliyevin, Üzeyir Cəfərovun və daha neçə jurnalistin artıq toz basmış cinayət işi ilə gedir. Dəmir barmaqlıqların o üzündə isə Qənimət Zahid, Mirzə Sakit, Eynulla Fətullayev, Rafiq Tağı, Samir Sədaqətoğlu, Fərəməz Novruzoğlu, Rövşən Kəbirli, Yaşar Ağazadə, Müşfiq Hüseynov… ədalətin qələbə çalacağı günü gözləyir.


XS
SM
MD
LG