Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:38

Seçki hansı Məcəllə ilə keçiriləcək?


Böyük ehtimalla seçkidə indiki hakimiyyətin rəqibləri əvvəlki müxalifət liderləri olacaq
Böyük ehtimalla seçkidə indiki hakimiyyətin rəqibləri əvvəlki müxalifət liderləri olacaq

Azərbaycan cəmiyyəti indi daha çox başqa ölkələrdəki seçki proseslərini izləməkdədir. Bu yaxınlarda Gürcüstanda prezident seçkisi keçirildi. Bir müddətdən sonra Rusiyada və Ermənistanda da prezident seçkiləri keçiriləcək. Əgər bura ABŞ-dakı seçkini də əlavə etsək 2008-ci ilin təkcə Azərbaycan üçün deyil, bir çox ölkələr üçün seçki ili olacağını demək mümkündür. Bunun Azərbaycan üçün hansı rol oynayacağını müəyyən etmək çətindir. Sözsüz ki, müqayisələr aparılır və yenə də aparılacaq. Amma bu müqayisələr heç də həmişə arzuolunan formada olmur. Məsələn, qonşu Gürcüstandakı seçkiyə Azərbaycan rəsmilərinin çox maraqlı münasibəti oldu. Onlar Azərbaycanda keçirilən seçkiləri daha demokratik hesab etdilər.



Amma Azərbaycan üçün əsl müqayisə dövrü hələ irəlidədir. Ancaq prezident seçkisindən sonra hansısa müqayisələr aparmaq mümkündür. Prezident seçkisinə isə bir ildən bir qədər az vaxt qalıb. Çox qəribədir ki, prezident seçkisində iştirak etməyə iddialı olan müxalifət hələ sükut içindədir. Bəs hakimiyyət necə hərəkət edir? Hakimiyyətin siyasəti daha çox seçki təbliğatı üzərində qurulub. Amma onun fəaliyyəti təkcə təbliğatla yekunlaşmır. Hakimiyyət həm də seçki qaydalarını müəyyən etməlidir. Seçki qaydaları dedikdə isə ilk növbədə seçki qanunvericiliyinin təkmilləşməsi nəzərdə tutulur. Amma bu məsələ ilə bağlı əvvəlki mövqelər öz gücündə qalır. Dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, Seçki Məcəlləsinə ancaq texniki dəyişikliklər olacaq. Texniki dəyişikliklər isə o deməkdir ki, Məcəllə prinsipial dəyişikliklərə məruz qalmayacaq. Elə bu səbəbdən artıq indidən «Seçki hansı Məcəllə ilə keçiriləcək» sualının cavabı aydındır. Bir sözlə, qaydalar dəyişməyəcək. Ola bilsin, iştirakçılar - seçkidə iştirak edəcək müxalifət nümayəndələri dəyişəcək.

Bir çox siyasi liderlər, o cümlədən müxalifət liderləri var ki, cəmiyyət artıq onların perspektivinə inanmır. Amma siyasi səhnədə yenilik görünmür
Amma siyasi səhnədə yeni liderlər görünmür. Böyük ehtimalla seçkidə indiki hakimiyyətin rəqibləri əvvəlki müxalifət liderləri olacaq. Amma müxalifət düşərgəsində artıq seçki ilə bağlı fikir ayrılığı da var. Bəzi partiyalar seçkidə iştirakın əleyhinədirlər. Müxalifət nümayəndələrinin bəzisi ötən il Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı toplantıda da iştirak etməmişdilər.


Bəs müxalifətin seçkini boykot etmək üçün imkanları nə qədərdir? İndidən demək olar ki, belə imkanlar yox dərəcəsindədir. Yada salaq ki, müxalifətin prezident seçkisini boykot etdiyi dövr olmuşdu. Bu, 1998-ci ilin prezident seçkisi zamanı baş vermişdi. Amma həmin dövrdə bunun seçkiyə heç bir təsiri olmadı. İndi isə artıq bəzi müxalifət nümayəndələri seçkidə iştirak etmək istəklərini bəyan ediblər. Güman etmək olar ki, həmin müxalifət liderləri bütün hallarda seçkidə iştirak edəcəklər.


Bütün bu proseslərə cəmiyyətin də münasibəti maraq kəsb edir. Amma təəssüf ki, bunu müəyyən etmək mümkün deyil, çünki müvafiq sorğular yoxdur. Cəmiyyət sözsüz ki, yenilik istəyir. Bir çox siyasi liderlər, o cümlədən müxalifət liderləri var ki, cəmiyyət artıq onların perspektivinə inanmır. Amma siyasi səhnədə yenilik görünmür. Hətta hansı siyasi obrazın cəmiyyət tərəfindən təqdir olunduğunu demək çətindir. Bu obrazlar müxtəlif vaxtlarda fərqlənib. Bir vaxtlar ziyalı, daha sonra sərt müxalifət obrazları cəmiyyətə daha yaxın və anlaşıqlı idisə, indi hansı siyasi obrazın maraq kəsb etdiyini bilmək olmur. Amma bir məsələ aydındır ki, artıq 1988-ci il deyil, həyat və cəmiyyətin özü, üstəlik, ictimai və siyasi dəyərlər dəyişib. İndi «uğurlu insan» obrazı cəmiyyət tərəfindən daha çox təqdir olunur. Sözsüz ki, bunu da birmənalı şəkildə iddia etmək düzgün deyil, belə nəticələrə ancaq ciddi sosioloji tədqiqatlardan sonra gəlmək olar. Amma həyatın inkişafı, cəmiyyətdəki tendensiyalar müəyyən mülahizələr söyləməyə imkan verir.


Təəssüf ki, müxalifət bu tendensiyaları nəzərə almır. Buna həm də müxalifət ətrafında yaranmış siyasi atmosfer mane olur. Həyatda uğur qazanmış insanlar müxalifətdən kənarda dayanmağa üstünlük verirlər. Üstəlik, ciddi tədqiqatlar aparılmadığından bir sual da açıq qalır: Seçkilərə daha çox kim maraq göstərir? İqtisadi cəhətdən imkanlı təbəqə, yoxsa sosial çətinliklərlə üzləşən insanlar? Bu sualın da birmənalı cavabı yoxdur. Ola bilsin, 2008-ci ilin seçkisi bu suala da qismən də olsa cavab verəcək.


XS
SM
MD
LG