Aprelin 29-da bir qrup hüquq müdafiəçisi, jurnalist və ictimai fəal bloger Mehman Qələndərovun məzarını ziyarət edib.
Dünən, aprelin 28-də blogerin 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə ölümündən iki il keçib. Çıxışlarda blogerin ölümü ilə bağlı cinayət işinin bərpa edilməsi və hərtərəfli istintaq aparılması istənilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bilidrib ki, istintaqın obyektivliyi şübhə altındadır:
“Mehman Qələndərov Azərbaycanda fəaliyyət göstərən ictimai fəllardan, blogerlərdən biri idi. O bir müddət Tbilisdə fəaliyyət göstərdi. Orada Azərbaycan hakimiyyəti əleyhinə keçirlən etiraz aksiyalarında iştirak edib. 2017-ci ilin fevralında Bakıya qayıdıb. Həmin vaxt heykəl məhbusları Qiyas İbrahimov və Bayram Məmmədov həbsdə idi.”
O.Gulaliyevin deməsinə görə, Mehman Qələndərov bu gənclərin həbsinə etiraz olaraq təkbaşına aksiya keçirib və sonra narkotik ittihamı ilə həbs edilib:
“Deyirlər intihar edib, amma…”
“Deyirlər intihar edib. Amma, Mehman Qələndərovun nəşini ictimaiyyətin xəbəri olmadan, gecə ikən dəfn etdilər…”
Hüquq müdadfəçisi bildirib ki, ABŞ Dövlət Departamentinin, Amnesty İnternational-ın, Sərhədsiz Reportyorların, Freedom House-un və bir sıra Avropa təşkilatları təmsilçilərinin Mehman Qələndərovun ölümnün hərtərəfli araşdırılması ilə bağlı bəynatlar yaymasına baxmayaraq, blogerin ölümü, hələ də müəmmalı olaraq qalır.
“İki ildə çox şey dəyişib”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, keçən iki ildə çox şey dəyişib:
“Mehman Qələndərovun ölümündən keçən iki ildə çox şey dəyişib. Qiyas İbrahimov həbsdən çıxanda dedi ki, insanlarda qorxu hissi yox olub. Bu təkcə jurnalistikanın fəaliyyəti deyil. Cəmiyyət özü böyük informasiya istehsalçısına çevrilib. Cəmiyyət fəallaşıb və bu öz təsirini göstərir. Hakimiyyət cəmiyyətin təpkisinə cavab verir. Mehman Qələndərov və digər söz azadlığı fədailərinin mübarizəsi nəticəsində cəmiyyətdə bu dəyişiklikləri görürük”.
Bloger Mehman Hüseynov isə hakimiyyəti jurnalistlərin ölümü ilə bağlı araşdırma aparmağa səsləyib.
Daha sonra gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov danişıb. Bayram Məmmədov Mehman Qələndərovun tutulduqdan sonramüdafiəsiz, vəkilsiz qaldığını bildirib.
Qiyas İbrahimov da vurğulayıb ki, Mehman Qələndərov onları müdafiə etdikdən sonra həbs edilib
Mərasimdə səslənən bu fikirlərə, hələlik, rəsmiləridən münasibət almaq mümkün olmayıb.
Amma öz növbəsində rəsmi Bakı ölkədə fundamental hüquqlara tam riayət edildiyini, insanların fikir və sözlərinə görə təqib edimədiyini bildirir.
Rəsmilər siyasi qətllər barədə deyilənləri ümumiyyətlə qəbul etmirlər və qərəzli iddialar hesab edirlər.
Xatırlatma
Mehman Qələndərov 2017-ci il fevralın 7-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə (234.2-ci maddə) həbs edilib. O həbs edildiyi gün öz Facebook səhifəsində belə yazıb: “Hamımız Qiyas kimi olaq. Qul olmayaq”.
2017-ci il aprelin 28-də bloger istintaq təcridxanasında, rəsmi versiyaya görə, intihar edərək dünyasını dəyişib.
Mehman Qələndərovun ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb.
Sonradan iş Bakı Şəhər Prokurorluğuna göndərilib və cinayət işinə xitam verilib. İbtidai istintaqın yekunlarına görə, prokurorluq Qələndərovun ölümündə cinayət tərkibinin olmadığı, onun intihar etdiyi qənaətinə gəlib.
Fəallar Qiyas İbrahimov və Bayram Məmmədov isə 2016-cı il mayın 10-da narkotik ittihamı ilə tutulub, 10 il müddətinə həbsə məhkum ediliblər.
Hər iki fəal 2019-cu il martın 16-da prezidentin əfv fərrmanı ilə azadlığa buraxılıb.
Onların indiki prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə “ Qul bayramınız mübarək” şüarı yazıldığına görə, həbs edildiyi söylənir. Gənclər ittihamı qəbul etmirdilər.