Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:25

Freedom House: Azərbaycan yenidən ‘azad olmayan' ölkədir


Freedom House təşkilatının son hesabatına görə Azərbaycan qismən azad ölkələr kateqoriyasından azad olmayan ölkələr kateqoriyasına düşüb.

2018-ci ilin müvafiq hesabatında Azərbaycan qismən azad ölkələr kateqoriyasında olsa da, azad olmayan ölkələrlə “həmsərhəd” idi.

2019-ci il İnternet Azadlığı (Freedom of the Net) hesabatında Azərbaycanın adı virtual aləmdə sərbəstliyin daraldığı ölkələrin sırasındadır.

Freedom House azadlığın qiymətləndirilməsi üçün 0-100 ballıq şkaladan istifadə edib.

Burada “0” azadlığın olmaması, 100 isə maksimum olması deməkdir.

Bu şkalada Azərbaycanın balı 39-dur. Azərbaycanın qonşuları Ermənistan (76) və Gürcüstan (75) azad ölkələr kateqoriyasındadır. Bu iki ölkə ötən il də bu kateqoriyada idi.

Belarus (35), Qazaxıstan (32), Rusiya (31), Pakistan (26), Özbəkistan (26), İran (15) və Türkiyə (37) də azad olmayan ölkələr kateqoriyasındadır.

Keçmiş sovet respublikalarından Qırğızıstan (61) və Ukrayna (56) qismən azad ölkələr kateqoyasındadır.

Freedom House təşkilatının İnternet Azadlığı xəritəsi
Freedom House təşkilatının İnternet Azadlığı xəritəsi

İnternet azadlığının məhdudlaşdırılmasının xarakterinə gəlincə isə qeyd edilir ki, Azərbaycanda siyasi, dini və sosial materialların bloklanması, hökumətyönlü şərhçilərin müzakirələri manipulyasiya etməsi, internetdə senzuranı gücləndirən qanun və qaydaların tətbiqi, bloger və istifadəçilərin həbsləri və saxlanması, hökumət tənqidçilərinə qarşı texnoloji hücumlar kimi hallar müşahidə olunub.

Ümumilikdə isə Freedom House təşkilatının 2019-cu il üçün İnternet Azadlığı hesabatında deyilir ki, dünya boyunca hökumətlər seçkilərin manipulyasiyası və vətəndaşların izlənməsi üçün sosial mediadan istifadəni intensivləşdirib.

Bunun nəticəsində qlobal miqyasda dalbadal 9-cu ildir ki, internet azadlığı tənəzzül edir.

Təbliğat senzuradan səmərəli olanda

Noyabrın 5-də açıqlanmış hesabatda bu da deyilir ki, populist liderlər və onların müttəfiqləri öz ölkələrində daxili siyasətlərin təhrif olunmasına cəhdlər edirlər.

Bu da qeyd olunur ki, bir sıra ölkələrdə müxtəlif rejimlərin hakimiyyətdə saxlanması üçün internet saytlarının bloklanması və internetə girişin bağlanması kimi tədbirlərə əl atılıb.

Hesabatda deyilir ki, Rusiyada sosial mediada təkmil izləmə xeyli artlıb.

May ayında hökumət prezident Vladimir Putin barədə sosial media materiallarının toplanması və təhlili texnologiyalarının inkişaf etdirilməsi üçün tender elan edib.

Hesabatda bu da deyilir ki, Rusiya və Çin bir sıra başqa ölkələrin demokratik seçkilərinə kiberhücumlarla müdaxilədə iştirak edib.

Vaşinqtonda mənzillənmiş təşkilatın prezidenti Mike Abramowitz deyib ki, “bir çox hökumətlər sosial mediada təbliğatın senzuradan daha effektiv işləməsini başa düşüblər”.

“Tiranlıq və zülmün Troya atı”

Hesabat müəllifləri bunu da bildiriblər ki, ötən il hər hansı seçkilərin keçirildiyi 30 ölkədən 26-da dezinformasiyadan istifadə olunub.

Sənəddə deyilir ki, 65 ölkədən 40-da “sosial mediada təkmil izləmə proqramlarının” tətbiq edildiyi müşahidə edilib.

Freedom House təşkilatının texnologiya və demokratiya araşdırmaları üzrə direktoru Adrian Shahbaz bildirib ki, “bir vaxtlar yalnız dünyanın ən qüdrətli kəşfiyyat agentliklərinin ixtiyarında olan məlumat casusluğu alətləri indi bütün dünyada geniş istifadədir”.

Shahbaz bunu da qeyd edir ki, “internet azadlığının gələcəyi bizim sosial medianı sağlamlaşdırmaq qabiliyyətimizdən asılı olacaq”.

Onun sözlərinə görə, bunlar əsasən Amerikanın təsis etdiyi platformalar olduğundan ABŞ dünya boyunca şəffaflıq və hesabatlılıq sahəsində liderliyə sahiblənməlidir:

“İnternetin tiranlıq və zülmün Troya atına çevrilməsinin qarşısını almağın yeganə yolu da budur”.

XS
SM
MD
LG