Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun rəsmi Bakının Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ı suçlaması ilə bağlı münasibəti yayılıb.
Bu barədə REAL hərəkatının təmsilçiləri məlumat veriblər.
İlqar Məmmədov məktubda vurğulayıb ki, Azərbaycan hakimiyyəti Avropa Şurası (AŞ) ilə münasibətlərinin pisləşməsində cənab Thorbjørn Jaglandı günahlandırır:
“Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın Avropa Şurasından çıxarılma sanksiyası ilə bağlı qərarı baş katib Thorbjørn Jagland deyil, bu qurumun üzvü olan 46 ölkənin təmsilçiləri verib”.
Buna da bax: Prezident: 'Azərbaycan Avropa Şurasını tərk etsə...'
İlqar Məmmədov yazıb ki, son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib:
"Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın AŞ-dan çıxılacağı ilə bağlı mövzu bu gün gündəmə çevrilib. Azərbaycanın Avropa Şurasından çıxarılması ilə ölkəmizə dəyəcək ziyan ilk növbədə ondan ibarət olacaq ki, bunun ardınca Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına start verilə bilər".
ReAL İdarə Heyətinin üzvü, vəkil Xalid Bağırov da həbsdə olan sədrin məktub yazdığını təsdiqləyib.
Buna da bax: Vitse-spiker: ‘İlqar Məmmədova görə düşüblər Azərbaycanın üstünə...’
* * *
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.
Buna da bax: Avropa Şurasının rəhbəri Azərbaycan barədə ‘ən son addımın’ atılmasını istəyir
Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.
Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Bundan sonra Azərbaycan rəsmilərinin dilindən Avropa Şurasının baş katibi Thorbjørn Jagland haqda tənqidi fikirlər səslənməyə başlayıb.
Buna da bax: Avropa Şurasının baş katibi Azərbaycandan hücumlara məruz qaldığını yazır
Prezident nə demişdi…
Bu məsələyə bu günlər Avropa Birliyi Şurasının təmsilçilərini qəbul edən prezident İlham Əliyev də münasibət bildirmişdi:
“Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər”.
Buna da bax: ‘Qərara gəldim ki, hakimiyyətlə Qərb mediası vasitəsilə danışaq’
İlham Əliyev deyib ki, Azərbaycan Avropa Şurasından çıxsa heç kəs buna əhəmiyyət verməyəcək:
“Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq”.