İran hökuməti qadınlara qarşı zorakılığı cinayət əməli kimi tanıyan qanun layihəsini təsdiqləyib.
Bura qadına “fiziki və ruhi zərər” vuran hərəkətlər də daxildir.
Bu barədə məlumatı yanvarın 3-də İranın qadın məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar özünün Twitter hesabından verib.
O qeyd edib ki, qanun layihəsi “yüzlərlə saat” müddətində ekspertlər tərəfindən öyrənilib.
Hökumət bu qanun layihəsini 2019-cu ilin sentyabrından bəri nəzərdən keçirirdi.
İndi layihə səsə qoyulmaq üçün parlamentə göndərilməlidir.
“Beynəlxalq standartlara çatmır”
Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı dekabrın əvvəllərində bildirmişdi ki, “müəyyən müsbət müddəalarına baxmayaraq” qanun layihəsi beynəlxalq standartlara çatmır:
“Qanun layihəsi qadınlara qarşı zorakılığı geniş təfsir etsə və zorakılığın müxtəlif növlərini kriminallaşdırsa da, sənəd gender zəminində zorakılığın bir sıra növlərini cinayət əməli hesab etmir. Bura nikah daxilində zorlama və azyaşlıların evləndirilməsi daxildir”.
Təşkilat bunu da qeyd edirdi ki, qanun layihəsi qadınlara qarşı ayrı-seçkiçilik yaradan müddəaları qüvvədə saxlayır.
Ailə daxilində zorakılıqdan qorumayacaq
Hüquqşünasların fikirincə buna görə də bu qanun qadınları ailə və məşət zorakılığından qoruya bilməyəcək.
Media xəbərlərinə görə qanun layihəsi azadlıqdan məhrumetmə də daxil qadınlara qarşı zorakılığa görə müxtəlif cəzaları təsbit edir.
Qanun layihəsinə görə Ədliyyə zorakılığa qarşı kövrək qadınların himayə edilməsi üçün xüsusi idarə yaratmalıdır.
Layihə habelə qadınlara qarşı zorakılıqla mübarizə aparacaq xüsusi polis bölümünün yaradılmasını nəzərdə tutur.
Konvensiyanı imzalamayan 4 ölkədən biri
Human Rights Watch təşkilatının iranlı nümayəndəsi Tara Sepehrifar yanvarın 3-də Twitter-də yazıb ki, İran parlamenti sözü gedən qüsurları aradan qaldıraraq bu layihəni təkmilləşdirməlidir.
AzadlıqRadiosu yazır ki, bu qanun layihəsi təqdim olunmazdan az əvvəl qadınlara qarşı ölkə boyunca hiddət doğuran zorakılıqlar törədilmişdi.
Bunlardan biri də 14 yaşlı Romina Əşrəfinin atası tərəfindən “namus zəminində” başının kəsilməsi idi.
Bu qətldən bir neçə gün sonra parlament uşaqları zorakılıqdan qorumalı olan qanun qəbul etmişdi.
İran Qadınlara Qarşı Zorakılığın Bütün Formalarının Ləğvi barədə BMT Konvensiyasını imzalmayan dörd ölkədən biridir.