«Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək Xankəndi şəhərində «Qarabağ – Ermənistandır» sözlərini qəti şəkildə rədd edirik».
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ - Azərbaycandır: «Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır, dəstəkləyir...».
O, daha sonra da əlavə edib ki, Nikol Paşinyanın bu açıqlaması Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır.
«Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır,... ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir», - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.
H.Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının yalandan başqa bir şey olmadığını etiraf edir. Onun sözlərinə görə, Ermənistan tərəfi bu açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur:
«Ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını... təmin edəcəkdir».
Azərbaycan XİN: «Bu, danışıqlar prosesinə böyük zərbədir»
Ermənistanın baş naziri Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri və orada səsləndirdiyi fikirləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat verib.
«Bəyanatının, əsasən, daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir», - deyə XİN hesab edir.
Sənəddə yazılıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə açıq ziddiyyət təşkil edir:
«Bu, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı elə Ermənistanın özünün səsləndirdiyi, «münaqişənin yalnız sülh yolu ilə həlli» çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu».
Bəyanat müəlliflərinin fikrincə, görünür, Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və xalqını aldatmaqla məşğuldur.
«Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də, yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir», - Azərbaycan XİN vurğulayıb.
Xatırlatma
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib.
N.Paşinyan Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.