Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:57

Ekspertlərin fikirləri haçalandı. 'Gürcüstanda 'elit korrupsiya' daha yüksəkdir'


Vasif Mövsümov
Vasif Mövsümov

Xəbər verildiyi kimi, Beynəlxalq «Transparency International» təşkilatı illik Korrupsiyanı Qavrama İndeksini açıqlayıb.

Sənədə görə, Azərbaycan yenə Qafqazın «korrupsiya çempionu»dur. Qafqazdakı qonşulardan Ermənistan 33 xalla 113-cü, Gürcüstansa 57 xalla 44-cü yerdədir. 2015-ci ildəki 119-cu yerdən 123-cü sıraya geriləyən Azərbaycan cəmi 30 xalla Cibuti, Syerra-Leone, Laos, Honduras, Paraqvay, Meksika və Moldova ilə eyni cərgəyə yerləşib.

V.MÖVSÜMOV: «RAZI DEYİLƏM»

Korrupsiyayla Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov «Transparency International» təşkilatının açıqladığı sənəddəki bəzi fikirlərlə razılaşmır. O, Azərbaycanın Cənubi Qafqazda «ən korrupsioner» ölkə kimi tanıdılmasına etiraz edir. V.Mövsümovun fikrincə, Gürcüstanda «məişət korrupsiyası»yla mübarizə aparılsa da, «elit korrupsiya» daha yüksəkdir, özəlliklə prezident Mikheil Saakashvili-nin hakimiyyətindən sonra. Ermənistana gəlincə, fondun icraçı direktoru deyir ki, bu ölkədə korrupsiyanın səviyyəsi Azərbaycandan heç də yaxşı deyil, ikincisi, «iqtisadi inkişaf olan yerdə korrupsiyayla mübarizəyə şərait yaradılır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf daha yüksəkdir».

Buna da bax-Vahid Əhmədov: 'Korrupsiyanı rəsmilər inkar etmirlər'

V.Mövsümovun sözlərinə görə, Azərbaycanda son illər «məişət korrupsiyası»nın aradan qaldırılması istiqamətində «çox güclü addım» atılıb - «ASAN-xidmət» yaradılıb: «Bunun səmərəsini əhali də görür. Demək olar ki, aşağı səviyyədə korrupsiya yoxdur. İkincisi, təhsil sistemində ictimai nəzarət mexanizmi təşkil olunub, bu sistemdə şəffaflaşdırma gedir. Azərbaycanda ən çox şikayət də təhsil və səhiyyə sistemindəndir».

«SƏHİYYƏDƏ PROBLEMLƏR DAHA ÇOXDUR»

V.Mövsümov təhsildən fərqli olaraq, səhiyyədə, hələlik, korrupsiyayla mübarizənin səmərə vermədiyini bildirir: «Amma son illər dövlətin səhiyyə sisteminə dəstəyi, ayrılan vəsait onu göstərir ki, yaxınlarda burda da vəziyyəti düzəltmək imkanı olacaq. Səhiyyədə problemlər daha çoxdur, daha çox diqqət ayrılmalıdır. Dövlət xəstəxanalarında baş verənlər, narazılıqlar, rüşvət alınması bu sahədə çox işlər görülməli olduğunu göstərir».

Buna da bax-Azərbaycan korrupsiyada Cibuti, Syerra-Leone, Laos və Hondurasla bir sırada

Fondun icraçı direktoru «məişət korrupsiyası»yla mübarizənin effektli olduğunu deyir, bəs «yuxarı səviyyələrdə» bu mübarizə necə aparılır? V.Mövsümovun qənaətincə, külli miqdarda dövlət vəsaitinin mənimsənməsi üzündən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində, yaxud Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslər dövlətin bu yöndə siyasi iradəsini ortaya qoyur.

Nemət Əliyev
Nemət Əliyev

«NEÇƏ KORRUPSİYA İDARƏSİ YARATMAQ OLAR?»

İqtisadçı-ekspert Nemət Əliyev beynəlxalq təşkilatın açıqladığı sənədin həqiqəti əks etdirdiyini düşünür. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti korrupsiyanın ləğvi istiqamətində, sadəcə, gözə kül üfürmək üçün bəzi addımlar atıb: «Neçə dənə korrupsiya ilə mübarizə idarəsi yaratmaq olar? Narahatedici hal odur ki, adı daha çox korrupsiya əməllərində hallandırılanlar həmin komissiyalara üzvdür və ya rəhbərlik edir. Ona görə də bu istiqamətdə real nəticə əldə etmək olmur».

N.Əliyev ötən il Azərbaycanın iqtisadi göstəricilərinin «çox kəskin şəkildə» aşağı düşməsinin bir səbəbini də korrupsiya səviyyəsinin yüksəkliyinə bağlayır: «Vergi, gömrük orqanları sahibkarların yaxasını buraxmırlar. Bu da iqtisadi inkişafa ciddi zərbədir. Digər tərəfdən, ötən ilin dövlət büdcəsiylə bağlı Maliyyə Nazirliyi məlumat yaydı. Büdcə haqda qanuna görə, hökumət hər ay, orta hesabla, 1.5 milyard manat xərcləməli idi. Ancaq faktik olaraq, hökumət yanvar-noyabr aylarında hər ay 1.3 milyard manat xərcləyib. Sonradan məlumat yaydılar ki, təkcə dekabrda dövlət büdcəsindən 4 milyard manata yaxın vəsait xərcləyiblər. Bu, proqnoz göstəricidən 2.5 dəfə, yanvar-noyabr aylarındakı orta aylıq xərc məbləğindən 3 dəfə çoxdur. Deməli, bu qədər tənqidlər də hökumətə dərs olmayıb, dövlət büdcəsi vəsaitinin böyük hissəsi yenə təyinatından yayındırılıb, xüsusi ciblərə axıdılıb».

N.Əliyev deyir ki, Azərbaycan hökumətinin düşüncəsi dəyişmədikcə, ölkə hələ uzun müddət bu cür sənədlərdə lider qalacaq.

XS
SM
MD
LG