ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatları kiçik və adi silahların qlobal ticarətini tənzimləyən müqavilədən çıxaracaq.
Trump bu bəyanatı aprelin 26-da ABŞ-ın ən nüfuzlu silah hüquqları təşkilatı – Milli Atıcılıq Assosiasiyasının konfransında səsləndirib.
Bu təşkilat iddia edir ki, 2014-cü ildən qüvvədə olan bu müqavilə şəxslərin silah sahibi olmaq hüquqlarına təhlükə təşkil edir.
Silah Ticarəti Müqaviləsi tapança və başqa əl silahlarının beynəlxalq ticarətini nizamlayır, lakin eyni zamanda həm də qeyri-nüvə tankların, döyüş təyyarələrinin və hərbi gəmilərin alqı-satqısına nəzarət edir.
Bu müqaviləyə rəsmən 101 ölkə qoşulsa da, bunlardan, ABŞ da daxil 29-u sənədi ratifikasiya etməyib.
Trump-dan əvvəlki prezident Barack Obama bu sənədi 2013-cü ildə imzalasa da, ABŞ Senatı onu ratifikasiya etməmişdi.
Trump Milli Atıcılıq Assosiasiyasının toplanışında elan edib ki, “Amerika bu müqaviləni rədd edir”. O deyib ki, “biz imzamızı geri götürürük”.
Birləşmiş Ştatlar dünyanın ən böyük silah ixracatçısıdır.
Trump 2017-ci ildə hakimiyyətə gələndən bəri ABŞ-ı Paris İqlim Razılaşması da daxil bir sıra beynəxalq sazişlərdən çıxarıb.
Ötən il Trump Birləşmiş Ştatları dünyanın 6 gücü ilə Tehran arasında imzalanmış 2015-ci il nüvə sazişindən kənarlaşdırıb.
Bu saziş İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki beynəlxalq sanskiyaları qaldırır.