Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:23

ABŞ senatorları Trump-ın Məmmədovlarla biznesinin araşdırılmasını tələb edirlər


Bakıdakı Trump Tower göydələni
Bakıdakı Trump Tower göydələni

ABŞ Senatının bir qrup aparıcı üzvü prezident Trump-ın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması üçün federal təhqiqatın keçirilməsinə çağırıblar.

Onların fikrincə, sözü gedən biznes, çirkli pulların yuyulması və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi.

Senatorlar Sherrod Brown, Ben Cardin və Dianne Feinstein bu barədə naraharlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comey-yə yazdıqları məktubda açıqlayıblar.

Brown, Cardin və Feinstein ABŞ senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridirlər.

ABŞ Konqresinin yaydığı mətbuat məlumatında deyilir ki, senatorların narahatlığı 2017-ci il, martın 13-də New Yorker jurnalında dərc eduilmiş “Donald Trump-ın ən pis sazişi” adlı təhqiqat məqaləsində yazılanlardan qaynaqlanır.

Bu məqalədə söhbət Trump Organization təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi Trump Tower göydələnindən gedir.

Məqalədə yazılanlara görə Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu ilə bağlara malikdirlər. İİKK İranda əhəmiyyətli iqtisadi və siyasi qüdrətə malik seçmə hərbi qüvvədir.

Sözü gedən məktubda senatorlar yazırlar ki, məqalə Trump Organization təşkilatının Xaricdə Korrupsiya Əməlləri Qanununu (Foreign Corrupt Practices Act ) pozub-pozmadığına dair suallar yaradıb.

Trump Bakı biznesindən çıxdığını elan edəndən sonra onun adını daşıyan lövhə götürülüb
Trump Bakı biznesindən çıxdığını elan edəndən sonra onun adını daşıyan lövhə götürülüb

Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nin maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi. Məqalədən bunu da başa düşmək olar ki, İİKK Trump Organisation təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi. Əgər bu baş veribsə, onda Trump Organisation təşkilatı ABŞ sanksiyalar qanunu birbaşa pozmuş sayılır.

Senatorlar yazırlar ki, belə görünür, Trump Organisation təşkilatının məqalədə deyilən səhlənkarlığı üzündən prezident Trump və onun təşkilatı Azərbaycanın korrupsiyalı oliqarxları və ola bilsin İİKK qarşısında faş olub.

Məktubda deyilir ki, hətta Trump Organisation təşkilatı Bakı layihəsindən çıxdığını elan etsə də, onun potensial cinayət məsuliyyəti barədə suallar cavabsız qalıb.

Senatorlar Ədliyyə Nazirliyindən xahiş edirlər ki, Trump Organization təşkilatının, lazımi araşdırma aparmadan Məmmədovlarla münasibətlərə girişməsi ilə antikorrupsiya qanunlarınlını pozduğuna dair iddialar araşdırılsın.

Məktubda “Məmmədovlar” dedikdə söhbətin keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan, onun oğlu Anardan və qardaşı Elton Məmmədovdan getdiyi açıqlanır.

Senatorlar bunu da qeyd edirlər ki, araşdırma zamanı şirkətin Bakı biznesində partnyorlarının qanunsuz fəaliyyətini “bilərəkdən görməməzliyə vurması” və buna görə də Trump Organisation təşkilatı barədə cinayət məsuliyyətinin qaldırılmasımümkünlüyü də araşdırılmalıdır.

Məktubda deyilir ki, əgər Ədliyyə Nazirliyi təhqiqatın aparılmasına ehtiyac olmadığını bildirsə, bunun səbəbini izah etməlidir.

Konqresin yaydığı məlumatda deyilir ki, senatorlar Brown, Cardin və Feinstein dəfələrlə və israrla Trump-dan şəffaflıq və hesabatlılıq tələb etsələr də, o mümkün maraqlar toqquşmasına səbəb ola biləcək biznesi barədə açıqlamalar verməkdən imtina edib.

ABŞ mətbuatı bundan əvvəl də Məmmədovların İran İnqilab Keşikçiləri Korpusu ilə mümkün əlaqələrindən yazıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov bu iddialarla bağlı media qurumlarının və beynəlxalq agentliklərin sorğularına cavab verməyiblər.

Donald Trump prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan edib.

Bakıda tikilmiş göydələndən Trump lövhəsi çıxarılıb.

Ziya Məmmədov bu ilin əvvəllərində nəqliyyat naziri vəzifəsindən azad edilib.

XS
SM
MD
LG