Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:51

'Nazirin qardaşı yavan çörək versin, qapısında işləyim' - Məhkəmə


Müdafiə sənayesi naziri Yavər Camalov
Müdafiə sənayesi naziri Yavər Camalov

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunmuş Samir Nəbiyev deyir ki, onun qapısında yavan çörəyə işləməyə hazırdır. Təki işləsin və borcundan çıxsın. S.Nəbiyev öz məhkəməsində bu haqda danışıb.

Nazirin qardaşından birgə biznes üçün 18 min manat və 2 min 500 dollar pul alıb qaytarmamaqda suçlanan S.Nəbiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

«NAZİRİN QARDAŞINA SƏLƏM VERMİŞƏM»

İyulun 19-da keçirilən məhkəmədə S.Nəbiyev əlavə ifadə verib. İcarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasında nazirin qardaşı ilə tanış olduqlarını deyən Nəbiyevin sözlərinə görə, Əlikram Camalov onun daimi müştərisi olub.

«Özü deyirdi ki, «mən filankəslərə pul vermişəm». Mən də yeni mallar almaq üçün pul istədim. O da 18 min manat verdi. Danışdıq ki, hər ay pulun 10 faizini verəcəm. Bu 18 minə görə ona 5 min manat faiz ödəmişəm. Sonra daha 2 min 500 dollar aldım. Buna görə də 1500 dollar sələm vermişəm», - S.Nəbiyevin ifadəsidir.

***Buna da bax-Nazirin qardaşı ağır cinayətlər məhkəməsində dindirildi

«POLİSLƏ GƏLİB MƏNİ ATAMIN YASINDAN APARDILAR»

S.Nəbiyevin sözlərinə görə, devalvasiyadan sonra nazirin qardaşı onu ofisinə çağırıb, pulunu tam istəyib. O isə indiki halda məbləği tam qaytarmağa imkanı olmadığını deyəndə, Ə.Camalov manatla verdiyi pulun da o dövrün məzənnəsinə uyğun dollarla hesablanmasını istəyib:

«Əlikram müəllim dedi ki, «manatı dollara çevirirəm», məcbur olub razılaşdım. Sonra mənim biznesim iflas etdi. Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götürsün. Razılaşmadı, dedi ki, pulu nağd ver. Bir müddət sonra atam rəhmətə getdi, yas verirdim. Əlikram müəllim polislə gəlib məni yasdan apardı, ifadəmi verdim. Sonra Bakıda qala bilməyib rayona köçdüm. Polisə də zəng edib dedim ki, heç yerə qaçmamışam, amma pulu ödəyə də bilmirəm».

Verdiyi faizlərin aldığı məbləğdən çıxılmadığını deyən S.Nəbiyev ifadəsinin sonunda bildirib ki, borcunu qəbul edir, işlə təmin olunsa, qazancının hamısını ona ödəməyə hazırdır: «Yavan çörək versin, qapısında işləyim».

Ardınca hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. İyulun 26-da keçirilən növbəti iclasda prokuror çıxış edəcək.

Samir Nəbiyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Amma S.Nəbiyev dələduzluq etmədiyini, devalvasiyadan sonra maddi vəziyyətinin pisləşdiyi üçün pulu qaytara bilmədiyini deyir.

Əlikram Camalov da verdiyi pula görə faiz aldığını təsdiqləyir. Nazirin qardaşı məhkəmədə təsdiqləyib ki, verdiyi pulların o vaxtın məzənnəsi ilə hesablanıb dollarla qaytarılmasını istəyir. Ə.Camalov onu da bildirib ki, indiki mərhələdə 10 min dollar geri alsa, S.Nəbiyevdən şikayətçi olmaz.

XS
SM
MD
LG