Çingiz Həsən oğlu Hüseynov 1929-cu ildə Bakıda doğulub. Tanınmış yazar və ədəbiyyatşünas sayılır. Çoxlu titulları var: Fililogiya elmləri doktoru, professor, İnformatizasiya Akademiyasının akademiki, Azərbaycanın əməkdar incəsənət xadimi...O, 1952-ci ildə MDU-nun filologiya fakültəsini və 1956-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib.
Çingiz Hüseynov 1956-71-ci illərdə SSRİ Yazıçılar İttifaqı Azərbaycan Ədəbiyyatı Komissiyası sədrinin müavini olub. 1972-91-ci illərdə SovİKP MK yanında İctimai Elmlər Akademiyasında kafedra müdirinin müavini çalışıb. 1991-ci ildən MDU-nun filologiya fakültəsində və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma Akademiyasında dərs deyir. ABŞ, Fransa, Türkiyə və digər ölkələrdə Rusiya xalqlarının mədəniyyətindən mühazirələr oxuyub.
O, azı 30 roman və povestin müəllifidir. Formaca özgün və məzmunca kəskin dramatik romanları ona şöhrət qazandırıb. Bu sırada «Məhəmməd, Məmməd, Məmiş», «Ailə sirləri», «Fətəli fəthi», «Doktor N.» və digər əsərlərinin adını çəkmək olar. «Məhəmməd, Məmməd, Məmiş» romanında Çingiz Hüseynov mafioz hakimiyyət qurumlarının köklərini üzə çıxarır, «Ailə sirləri»ndə cəmiyyətə yaşam şərtlərini diktə edən tayfanı ifşa edir. Çingiz Hüseynovun nisbətən gözdə əsərlərindən biri də «Fətəli fəthi»dir. Bu roman 19-cu əsrdə Rusiya-Qafqaz münasibətlərinə, Qafqazın işğalına və çarizmin bu bölgədə ağlagəlməz amansızlıqla aparılan müstəmləkə siyasətinə həsr olunub. Yazıçının «Aşmış kuzənin suyunu axıtma» və ya digər adıyla «Məhəmməd peyğəmbər» adlı romanında millət və dinlərin qarşıdurması pislənir, dünyada dinclik və barışın hökm sürməsi arzulanır.
Çingiz Həsən oğlu Hüseynov bir çox ədəbiyyatşünaslıq işlərinin də müəllifidir. Sabir, Mirzə Cəlil, Səməd Vurğun, Mehdi Hüseyn, eləcə də Azərbaycanın digər yazar və şairləri onun ədəbi-tənqidi əsərlərinin diqqət mərkəzində dayanıb. Çingiz Hüseynovun əsərləri dünyanın bir çox ölkəsində nəşr edilib. O, Yazıçı Birlikləri Beynəlxalq Cəmiyyətinin Azərbaycan ədəbiyyatı şurasının sədri, Rusiya azərbaycanlıları federal milli-mədəni şurasının üzvüdür.
Onun yaradıcılıq və araşdırma hədəfləri bir an da Azərbaycandan yayınmayıb. O, bir sprinter olsaydı, ayaqları yalnız və yalnız Azərbaycan torpağından güc alardı. O, bir snayper olsaydı, atəş hədəfində yalnız və yalnız bütün cəmiyyətə yaşam standartları püskürdən, insanları insan kimi yaşamağa qoymayan mafioz güclər olardı. Amma o, bir sənətçidir. Amma o bir alimdir. Amma o, «qürbət» sözünün bütün ağrılarını dadmış, acılara tablaşmış müdrikdir – Çingiz Hüseynovu deyirəm...Bu günlər 80 yaşını haqlayan qocaman qəribi! Bu radio dastanının da adı belə olsun – «Qocaman Qərib».
O, vətəndən uzaqlarda yaşayan, amma hər an Azərbaycanla nəfəs alan Qocaman Qərib qaldı! Çingiz Hüseynovu deyirəm!.. İndi dinləyəcəyiniz müsahibə də onun həyat öygüsüdür: ana dilində söyləyir, sevgi və sayqılarını insanlarla bölüşür, «Azadlıq» radiosunun efirindən 80 ilin önünə və arxasına boylanan Qocaman Qəribin - Çingiz Hüseynovun özünü dinləmək üçün «İz»i «tıkla»maq yetər…