Qatarın dünya çempionatını keçirmək hüququ əlindən alına bilər

FİFA-nın prezidenti Sepp Blatter 2022-ci ilin dünya çempionatını keçiriləcək ölkəni elan edir, 2 dekabr 2010


TƏZƏDƏN SƏSVERMƏ OLA BİLƏR

FIFA etiraf edib ki, təşkilat daxilində aparılmış araşdırmalar 2022-ci ilin Dünya Çempionatının keçiriləcəyi ölkə ilə bağlı səsvermənin nəticələrinə yenidən baxılmasına səbəb ola bilər. Bu barədə Britaniyanın “İndependent” qəzeti məlumat yayıb.

FİFA-nın prezidenti Sepp Blatter mayın 19-da bildirib ki, korrupsiya barədə çoxsaylı ittihamlar, o cümlədən də “The Sunday Times” qəzetinin yaydığı məlumatlar təşkilatın İcraiyyə Komitəsinin bu çempionatla bağlı yenidən səsvermə keçirilməsinə gətirib çıxara bilər.

“The Sunday Times” qəzetinin əməkdaşları özlərini böyük bir ABŞ şirkətinin nümayəndələri kimi təqdim edərək 2018 və 2022-ci illərin Dünya Çempionatlarının keçirilməsi ilə bağlı səsvermə üstündə FİFA rəsmiləri ilə sövdələşiblər. Qəzet bu yaxınlarda həmin araşdırmasının nəticələrini təqdim edib.

FİFA-nın 75 yaşlı prezidenti jurnalistlərin bu araşdırmalarının yekunlarına dair hələlik şərh vermir, bildirir ki, özləri də məsələni öyrənirlər. Əgər qanunsuzluq aşkar edilsə, genişmiqyaslı addımlar atacaqlar.

1 SƏSƏ 11 MİLYON AVRO?

Keçən ilin dekabrında “Newsweek” jurnalının əməkdaşı Jonatan Alter də özünün etibarlı mənbələrinə istinadla Twitter səhifəsində yazırdı ki, 2022-ci ilin Dünya Çemionatının Qatarda keçirilməsinə səs vermələri üçün FİFA-nın İcraiyyə Komitəsinin üzvləri milyonlarla dolalr rüşvət alıblar. Onun iddiasına görə, təkcə Zineddin Zidan Qatara səs vermək üçün 11 milyon avro pul alıb.

FİFA prezidenti vəzifəsinə yeni seçkilər də gələn ay – iyunun 1-də keçirilməlidir. Bu seçkidə indiki prezident Blatterin rəqibi də əslən Qatardan olan Asiya Futbol Konfederasiyasının prezidenti Mohammad ibn Hammam olacaq. Bundan əvvəl İngilətərə Futbol Assoasiyası bu səsəvemədə iştirak etməyəcəyini bildirib.

FİFA-da keçən ilin dekabrında keçirilən səsəvermənin yekunlarına görə 2018-ci ilin Dünya Çempionatı Rusiyada, 2022-ci ilin Çempionatı isə Qatarda keçirilməlidir. Amma hər iki ölkənin bu nəticələri rüşvətlə əldə etmələrinə dair iddialar aylardır ki, davam edir.