Yetmiş yeddi il, Nobel mükafatı və sonra...

Babək Yusifoğlu

Babək Yusifoğlu


YETMİŞ YEDDİ İL, NOBEL MÜKAFATI VƏ SONRA...

Özünün də dəqiq yadına gəlmirdi ki, yazmaq həvəsi onda nə vaxtdan baş qaldırıb.

Amma bunu yaxşı xatırlayırdı ki, yazmağa başlayanda yeniyetmə çağlarıydı və sonradan özünü bütünlüklə həmin istəyə həsr etdi.

Nə çətinliklər, nə cap üçün üzücü rədd cavabları, nə də qarşısındakı maneələr onu yolundan sapdırmadı. Naqib yazdı, yorulmadı.

Hətta yazmaq həvəsi ona öz şəxsi həyatını belə unutdura bildi.

Bəlkə də məhz buna görə idi ki, ərəb dünyasının məşhur romançısı Naqib Mahfuz ailə qurmağı, necə deyərlər, ev-eşik sahibi olmağı belə yadından çıxarmışdı.

Bu onun haqqında yazanların ritorikası deyildi. Müsahibələrinin birində məşhur

Bəli, özü inanmasa da qərblilər Nobeli məhz ona verdilər. Hətta onda Mahfuz evinə zəng edib təbrik edən dostlarına acığı da tutmuşdu ki, niyə onunla belə zarafat edirlər.
yazıçı bunanla bağlı özü etiraflarda bulunmuşdu. Bir dəfə jurnalistlər Naqibdən niyə gec evləndiyinin səbəbini soruşanda o demişdi:

- Mən işimlə və yazıçılıqla "yüklənmişdim". Gündüzlər dövlət qulluqçusu, gecələr isə yazıçı idim. Günüm bütünlüklə bu işlərə həsr olunurdu. Evlənməkdən çəkinirdim də... Xüsusilə, bir sıra sosial problemlərlə çarpışan bacı-qardaşlarımın qayğılarını gördükdən sonra. Belə təsəvvürüm vardı ki, ailə həyatı mənim bütün vaxtımı udacaq...

Ərəb dünyasının böyük yazıçısı Naqib Mahfuz həqiqətən də evlənəndə yaşı artıq 40-a az qalmışdı.

Və onu qeyd etmək vacibdi ki, yazıçının öz yaradıcılığı üstündə belə əsməsi boşuna deyildi.

Mahfuz özünü yazıçı kimi təsdiqləmiş bir şəxsiyyət idi. Müsəlman dünyasından boylanan bu qələm sahibi özünün bütün istedadı ilə Qərbin də diqqətini özünə cəlb edə bildi.

Çünki Naqib Mahfuzun yaratdıqlarını qəbul etməmək mümkün deyildi.

Və təəccüblü də olsa o, Nobel mükafatına da layiq görüldü. Avropalılar axı belə addım atmırlar. Müsəlmanlara niyə bu böyük mükafatı versinlər ki? Amma...

Şərqin, eləcə də dünyanın ən böyük romançılarından biri sayılan bu ərəb oğlunun həyatı haradan, necə başlamışdı? Nələr yaşamışdı?

Əslində bütün bunlar da maraqlıdı.

QAHİRƏLİ OĞLAN

O, 1911-ci il 10 dekabrda Qahirədə bir məmur ailəsində dünyaya göz açmışdı.

Uşaqlığı, ilk təhsil illəri digər ərəb uşaqlarından xüsusi cəhətləri ilə fərqlənməsə də içindəki bir istəyin həmişə onu ardıyca çəkdiyini hiss etmişdi.

Və bir də kitablara olan həvəsi həmişə onunla birgə olmuşdu.

Hələ yeniyetmə ikən məktəbli dostlarından birinin məsləhəti ilə oxuduğu Hazif Nəcibin "Consonun oğlu" əsəri ona inanılmaz təsir bağışladı, belə demək mümkünsə, Naqibin həyata baxışlarını belə dəyişdi.

Əslində bunu yazıçı gələcəkdə özü də söhbətlərində etiraf edəcəkdi.

Bununla bərabər elmə, təhsilə olan sonsuz marağı heç şübhəsiz ki, öz təsirini göstərəcəkdi. Göstərdi də.

Naqibin yolu həmin dövrlərdə Şərqin ən böyük təhsil ocaqlarından biri sayılan Qahirə Universitetinə yönəldi və o, universitetin fəlsəfə fakültəsinə daxil oldu.

Hələ 16-17 yaşlarından başlayaraq yazdığı və hələ bunların sonradan nələrə çevriləcəyini bilmədiyi yazılarına məhz tələbəlik dövrlərində daha ciddi yanaşmağa başladı. 1934-cü ildə Naqib universiteti başa vurdu.

Amma heç nə asan olmadı. Naqib yazdıqlarını insanlara təqdim etməyə imkan qazana bilmirdi.

Əslində Naqibin ciddi olaraq 1929-cu ildən yaradıcılığa başladığını söyləmək mümkündü.

Sadəcə olaraq uzun illər naşirlər Mahfuzun yazdıqlarını çap etməyi lazım bilməmişdilər. O, məşhurlaşandan sonra həmin dövrləri belə xatırlayacaqdı:

"Mənim bütün hekayələrim rədd edilirdi. "Macalla"nın redaktoru Salman Musa hər dəfə mənə deyərdi ki, sənin yazmaq potensialın var, ancaq sən onu hələ inkişaf etdirə bilməmisən".

"QAPI"NI AÇDI...

Amma Naqib nə deyilməsinə baxmayaraq ruhdan düşmədi, inadından dönmədi. Çünki o, yaradıcılıq həvəsinə üstün gələ bilməzdi.

Müntəzəm yazmağa başlayandan düz 10 il sonra - II Dünya Müharibəsi ərəfəsində nəhayət onun ilk əsəri "Abat əl- Əktar" çap olundu.

Və bu, Mahfuzun artıq yaradıcılıq yolunda ilk qələbəsi idi. "Qapı" açılmışdı.

Elə həmin il onun burjua cəmiyyətindəki zəngilik və yoxsulluğun yaratdığı problemlərdən bəhs edən ilk novellalar toplusu da işıq üzü gördü.

Müharibə illərində isə Naqib intensiv şəkildə iri əsərlər üzərində işlədi.

Naqib Mahfuz (sağda)

Və çox keçmədi ki, "Taleyin oyunları" əsərini yazdı. 1943-cü ildə "Şəcərə", 1944-ci ildə "Fiv döyüşü", 1945-ci ildə isə "Yeni Qahirə"ni ərsəyə gətirdi.

Həmin vaxtlar dünyanın çox gərgin, sıxıntılı, hərbi-siyasi qarşıdurmalar dövrü olsa da, incəsənət, ədəbiyyat, humanizm prinsipləri nisbətən arxa plana keçsə də yazıçının bu əsərləri oxucular tərəfindən rəğbətlə qarşılandı. Bir zamanlar yazıları naşirlər tərəfindən qəbul edilməyən Naqib Mahfuz hər yerdə tanınmağa başladı.

Qeyd etmək lazımdı ki, həmin vaxtlar Naqibin həyata baxışında, həyat prinsiplərində müəyyən dəyişikliklər baş verməkdəydi.

Belə ki, yazıçı özünün sosialist ideyalarından əl çəkdi və uzun müddət psixoloji cəhətdən qeyri-müəyyənlik içərisində qaldı.

Bütün bunlar isə bir azdan onun dərin pessimizmə qapılmasına səbəb oldu. Artıq o, həyat haqqında, inandıqları barəsində əvvəlki kimi düşünmürdü.

Gününün böyük bir hissəsini məqsədsiz söhbətlərə həsr edir, hər birinin öz dünyası olan Adil Kamalla, Əhməd Zəki Məkhlüflə tərk-dünyalıqdan, ədəbiyyatın dəyərdən düşməsindən danışardı.

Hətta iş o yerə gəlib çatdı ki, fikirlərini məşğul edən metafizik suallara cavab tapmaq üçün sufi mistikasını öyrənməyə girişdi.

Lakin bu da uzun müddət davam etmədi. Və nəhayət o, elmi sosializmi və mənəvi problemləri araşdıran fəlsəfi meyarlar üzərində dayandı.

Nə bilmək olardı, bəlkə də bütün bu fəlsəfi düşüncələr "sənaye erası"nın mühitə gətirdiyi yeni dünyagörüş ilə bağlı idi.

... TRİLOGİYA

Bütün bunlara baxmayaraq Naqib Mahfuz yeni əsərlər üzərində işləməyə böyük məsafəli ara vermirdi.

Yaradıcılığının yeni mərhələsinə qədəm qoyanadək - 1956-cı ilədək bir neçə romanla oxucularının qarşısına çıxdı - "Xan əl-Xəlili" (1946), "Middak küçəsi" (1947), "Başlanğıc və son" (1949) kitablarını yazdı.

İndi o, Qahirədə oxucuların ən çox haqqında danışdığı müəlliflərdən birinə çevrilmiş, ölkəsində kifayət qədər şöhrət sahibiydi. Lakin onun həm istedadı, həm də yazmaq istəyi artıq elə bir səviyyədə idi ki, yolu dünyaya çıxırdı.

Təəssüf ki, məhz həmin dövrlər Naqib yaradıcılıqla daha az məşğul olurdu. Bu təxminən bir neçə il beləcə davam etdi və həmin fasiləni əslində onun yaradıcılığında yeni bir mərhələyə keçid hesab etmək olar.

1956-57-ci illərdə yazmağa başladığı Qahirə trilogiyasının ilk romanını - "Saraylar arasında"nı bitirdi. Bəlkə də yazıçının özü də bununla qazanacağı böyük uğuru təsəvvür etmirdi. Amma bu baş verdi.

Çünki əsər böyük rezonans yaratdı. Qahirənin ortabab zümrəsindən olan üç nəslin - 1917-1952-ci illərdəki həyatından, ölkədə sosial və siyasi sferada baş verən hadisələrindən bəhs edən trilogiyanın ikinci və üçüncü romanları - "Arzuların sarayı", "Şəkərli ev" çap olunandan sonra isə yazıçınin şöhrəti sürətlə Misir sərhədlərini aşdı.

Hətta dünya bu adı tanımağa məcbur qaldı.

Hakimiyyət belə bu uğura laqeyd qala bilmədi, yazıçını mükafatlandırdı.

Misir o dövrdə yeni hadisələrə "hamilə" idi. Məhz 1950-60-cı illərdə cəmiyyət böyük təbəddülat yaşayırdı.

Belə ki, 1952-ci ilin əvvəlində Camal Əbdül Nasir başda olmaqla gənc zabitlər hərbi çevriliş nəticəsində hakimiyyətə gəldi və ziyalıların əksəriyyəti onlara inanmadığı üçün ölkədə başlayan sosial islahatlarda iştirak etməkdən çəkindilər.

Amma 1956-cı ildəki Süveyş müharibəsindən sonra vəziyyət köklü surətdə dəyişdi.

Xüsusilə müharibədən sonra Nasir tərəfindən ölkənin inkişafı üçün Sosialist Xartiyasının elan olunması buna zəmin yaratdı. (Elə Ənvər Sadatın hakimiyyəti dövrünü də bura əlavə etmək olar).

Sonradan hakimiyyət Naqib Mahfuzun Misir ədəbli mühitində gördüyü işləri dəyərləndirib xidmətlərindən də yararlanmaq məqsədi ilə onu mədəniyyət nazirliyində məsul vəzifəyə təyin etdi.

Yazıçının özünün dediyi kimi, məmur həyatı onun vaxtının böyük bir hissəsini əlindən alsa da yaradıcılığına ara vermədi.

"BÖYÜK" DİLLƏRDƏ OXUNAN ƏRƏB

Amma cəmiyyətdə yaşanan daimi həyəcanlardan, əzablardan, müxtəlif sıxıntılardan qaynaqlanan üzücü duyğular Naqib Mahfuzun yaradıcılığına da təsirsiz ötüşmədi. Çünki bütün bunlar onun psixologiyasında da yer eləmişdi.



Yazıçının "Oğru və it", "Tanrının nuru", "Yol", "Yoxsul" , "Nil üzərində dedi-qodu", "Bal ayı" və digər əsərləri tərk edilmiş, unudulmuş adamların, tənhalıqdan boğulanların... həyatını əks etdirir.

Bu yazılarıyla müəllif həm də daha çox kiçik həcmli əsərlərə üstünlük vermiş, daha çox simvolların gücündən istifadə etməyə çalışmış, insanların pessimizmə necə yuvarlandığını ustalıqla göstərmişdir.

Qahirə trilogiyası oxucular arasında inanılmaz şəkildə populyarlaşdı.

Və Naqib Mahfuzun əsərləri biri-birinin ardınca dünyanın ən böyük dillərinə tərcümə olunmağa başladı. İngilis, fransız, alman, rus... dillərində nəşr edilən kitabları oxucu qazanmaqda heç bir çətinlik yaşamadı.

İngilis dilinə tərcümə olunan trilogiyadakı romanları, "Xeopsun müdrikliyi", "Min gecənin gecələri" və digər əsərləri demək olar ki, naşirlər məmnuniyyətlə cap edirdilər.

Onun "Payız bildirçini" əsəri işıq üzü görəndən az sonra rus dilinə tərcümə edilərək böyük tirajla çap olundu.

Ümumiyyətlə, rus nəşrləri onun bir sıra romanlarını - "Şəcərə", "Miramar Pansionatı", "Hörmətli ağa", ard-arda, hətta "müasir nəsrin ustaları" silsilə nəşri sırasında oxuculara təqdim etdilər.

Onun haqqında yazanlar bildirirlər ki, Mahfuz yaradıcılığında ziddiyyətlər olan yazıçılardandır.

Həqiqətən də Naqibin uzun yaradıcılıq yoluna nəzər salanda həmin ziddiyyətləri, həyat baxışının dolanbaclarını görmək mümkündü.

Yəqin ki, bütün bunlar da onun yaşadıqlarının, həyatda qarşılaşdığı çətinliklərin, düşdüyü psixoloji durumların, ictimai-siyasi mühitin dəyişkənliyinin... nəticəsi idi. Bir çoxlarından fərqli olaraq Naqib islamın radikallaşması ilə razı deyildi.

Bu məsələdə o, liberal idi. İnsan oğlunun ağılla problemləri çözməsinin tərəfdarı idi.

Yeri gəlmişkən, deyim ki, bu səbəbdən də radikal islamçılar ona təpkili idilər.

Amma o, Allaha ibadətlərini yerinə yetirərdi.

SAĞLIĞINDA HEYKƏLİ QOYULAN YAZIÇI

Naqib Mahfuz nəinki Misir, nəinki ərəb aləmi, eləcə də bütün dünya nəsrində öz sözünü demiş yazıcı olub.

Onun ədib kimi xidmətlərindən danışanda elə bunu demək kifayətdi ki, həmin dövrlərdə ərəb dili bir sıra təsirlər altına düşmək təhlükəsi altında idi.

Əllaməçi yazarlar, oxumuşlar xalqa yad tendensiyaları dilə sırımağa girişmişdilər.

Həm də ölkədə faktiki olaraq üç "dildə" danışılırdı - klassik, müasir və danışıq dillərində.

Lakin Naqib Mahfuz əsərləri ilə ədəbi ərəb dilinin üslubunu zənginləşdirə, hər kəsə ana dilinin gerçək gözəlliyini sübut edə bildi.

Dünya dillərində oxunan Naib Mahfuza nəhayət, 1988-ci ildə ədəbiyyata göstərdiyi xidmətlərə, yazdığı əsərlərə görə Nobel mükafatı verildi.

Amma sırf yaradıcılıqdan, sənətkarlıqdan, ədəbiyyatdan söhbət gedirsə, məncə yazıçıya bu mükafat vaxtından çox gec verildi.

60-cı illərdən sonra dünya dillərində müntəzəm oxunsa da, böyük tirajlarla çap edilsə də, hər tərəfdə böyük yazıçı kimi tanınsa da, əsərləri ümumilikdə bədii ədəbiyyata öz töhfələrini versə də Qərb onu yalnız 28 il sonra rəsmən etiraf etdi, yazıçını mükafatlandırdı.

Ümumiyyətlə, Naqib Mahfuz məhsuldar bir yazıçı olub. Belə ki, o, 50-yə yaxın romanın, hekayələr toplusunun müəllifidir.

Bundan başqa, onlarla povesti var və əsərlərinin demək olar ki, yarısı ya teatrlarda oynanılması üçün səhnələşdirilib, ya da ekranlaşdırılıb.

Məhz bu səbəbdən Misir kinematoqrafiyasından da danışılarkən onun adı xüsusi olaraq vurğulanır.

Axı, o həm də ölkənin kino sahəsinin təşəkkül tapması üçün böyük əmək sərf etmişdi.

Naqib Mahfuzu ölkənin nadir hörmət sahiblərindən biri hesab etmək olar.

Hələ sağlığında ikən yazıçıya Qahirənin rayonlarının birində - Muhəndisində bronzadan hazırlanmış heykəlin ucaldılması buna əyani bir misaldı.

BUNLAR ONUN QƏRİBƏLİKLƏRİ İDİ

Yaradıcılığında olduğu kimi şəxsi həyat tərzində də özəlliyi olan Mahfuz heç vaxt mətbuatın "gözünə girməyi" xoşlamazdı.

Mahfuzun Qahirədəki heykəli

İnsanlar onu geyimində, məişətdə konservativ kimi görməyə adət etmişdilər.

90-cı illərdə Naqib Mahfuzdan müsahibə almağa nail olan jurnalistlər onun əyinində 60-cı illərin dəbindəki və bütün düymələri düymələnmiş kostyumlar görərdilər.

Yazıçını yaxından tanıyanlar danışırlar ki, həyatı boyu onun xarakterində heç dəyişməyən bir sıra xüsusiyyətləri də var və onlardan biri inadcıllığıdır.

Naqib danışmağı, söhbətləşməyi sevməzdi. Yaxından tanıyanlar onu qaradinməz və qapalı adam hesab edərdilər.

Bununla yanaşı Mahfuz münasibətlərində və danışığında səmimi, həm də açıq sözlü idi.

Tünd kofe içəmək və siqaret çəkmək adəti olan yazıçı gün ərzində görəcəyi işlərin, gedəcəyi yerlərin vaxtına dəqiqliklə əməl etməyi sevərdi. Bütün bunlarla yanaşı, Mahfuzun heç cür həzm edə bilmədiyi qələbəlik idi.

O heç vaxt səs-küyün, insan kütləsinin içərisində olmağı sevməmişdi.

Gənclik illərində bu xasiyyəti o qədər hiss olunmasa da yaşlaşandan sonra o belə yerlərdə görünməzdi. Hətta xüsusi dəvət olunduğu tədbirlərə də (nadir istisnalar olmaqla) qəti qatılmazdı. Əlbəttə, heç kim inanmaq istəməz, Naqib Mahfuz Nobel mükafatını almaq üçün getməyə belə etiraz etmişdi.

Məgər məşhurların hər biri həmin mükafatı almağa qaça-qaça yollanmırdımı? Bütün bunlarla bağlı müsahibələrinin birində yazıçı ona verilən sualları belə cavablandırmışdı:

- Siz hazırda dini ibadətləri yerinə yetirirsinizmi?

- Hərdən. Çünki indi mənə yaşım mane olur. Öz aramızdır, mən dini insanın mövcudluğunun ayrılmaz hissəsi hesab edirəm. Lakin bununla belə tam aydındır ki, sənə ən yaxın olana gözəl münasibət bəsləmək daim dua etməkdən, əyilib başını kiçik xalıya söykəməkdən daha vacibdir. Allah dinləri ritulların yerinə yetirilməsinə xidmət edən klub kimi göndərməyib.

- Siz Məkkədə olmusunuzmu?

- Yox.

- İstərdinizmi gedəsiniz?

- Yox. Mənim basabasdan zəhləm gedir.

- Hətta indi də siz qonaq getməkdən, yaxud tədbirlərdəki qəbullardan boyun qaçırırsınız məgər?

- Mən heç vaxt belə tədbirlərdə iştirak etmirəm. Hətta dostlarımın evinə də getmirəm. Onlarla yalnız "Kazino Qəsr əl-Nil"də, yaxud bir-iki kafe var, orada görüşürəm.

- Yoxsa elə bu səbəbdənmi Nobel mükafatını almaq üçün İsveçə getmədiniz? Həddən çox görüşlər, naharlar, qəbullar?...

- Yox, tam belə deyil. Mənim gənclik illərində səyahətlər etmək üçün istəyim ola bilərdi. Lakin indi belə istəklərim qəti yoxdur. Hətta iki həftəlik səyahət belə mənim həyat tərzimi dəyişə bilir.

- Yəqin aldığınız mükafata münasibətiniz haqqında dəfələrlə soruşublar. Mükafatın sizə veriləcəyindən hər hansı təxminləriniz əvvəlcədən vardımı?

- Qətiyyən yox. Arvadım düşünürdü ki, həmin mükafatı mən haqq edirəm, lakin özüm fikirləşirdim Nobel - Qərb mükafatıdır. Və hesab edirdim ki, onlar bunun üçün heç vaxt Şərq yazıçısını seçməzlər. Baxmayaraq ki, belə söhbətlər gəzirdi ki, iki ərəb yazıçısının - Yusif İdrisin və Adonisin adları namizədlərin arasındadır.

Bəli, özü inanmasa da qərblilər Nobeli məhz ona verdilər. Hətta onda Mahfuz evinə zəng edib təbrik edən dostlarına acığı da tutmuşdu ki, niyə onunla belə zarafat edirlər.

...VƏ SON

Naqib Mahfuz doğrudan da özünün dediyi kimi, sakitliyi heç nəyə dəyişməyən bir adam idi.

Xüsusən yaşlılıq dövründə. Yazıçı gec evlənsə də iki qız övladı dünyaya gəlmişdi və bu kiçik ailə nəhəng və sıx şəhərin - Qahirənin kənarında, Aquzada yaşayıb.

Və heç kim ağlına belə gətirməzdi ki, 90 yaşını adlamış yazıçı kiminsə hücumuna məruz qala bilər.

Amma bu baş verdi. Onun bir neçə liberal əsərini həzm edə bilməyən qatı islamçılar Naqib Mahfuzdan intiqam almaq fikrinə düşmüşdülər.

1994-cü ilin iyul ayında, evindən bir qədər aralıda fanatik islamçılardan biri böyük yazıçıya hücum edərək bıçaqla onu qolundan yaraladı.

Xəstəxanaya yerləşdirilib müalicə olunsa da bundan sonra Naqibin səhhətində böyük problemlər başladı.

Və 2006-cı ilin iyulunda böyük ədibin vəziyyəti pisləşdiyi üçün onu yenidən xəstəxanaya qoydular, amma yazıçı bir daha oranı tərk edə bilmədi.

Avqustun sonunadək həkimlərin nəzarətində qalan Mahfuzun xəstəliyi ağırlaşdı.

Və elə həmin ildə avqustun 29-da 95 yaşında əbədiyyətə qovuşdu. Amma özündən sonra adının heç vaxt unudulmasına imkan verməyəcək böyük bir ədəbi irs qoydu.

Həmçinin oxu
Rıtsar yazıçı