-
Avqustun 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
«Qarabağ» klubu F qrupunda «Internazionale» (İtaliya), «Dnepr» (Ukrayna) və «AS Saint Etienne» (Fransa) klubları ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 18 sentyabr, 2-23 oktyabr, 6-27 noyabr və 11 dekabr tarixlərində keçiriləcək.
«QARABAĞ»IN TARİXİ UĞURU
«Qarabağ» klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində avqustun 28-də Hollandiyanın «Tvente» nin qonağı olub.
Qol.Az-ın məlumatına görə, Enshede şəhərində keçirilən oyunda Azərbaycan komandası 1-1 hesabına nail olaraq yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.
Rəqiblərin Bakıda keçən ilk oyununda hesab açılmamışdı. Ona görə də təkrar görüşdə istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam komandasını qrup mərhələsinə çıxarırdı.
Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan «Qarabağ» ikinci hissədə cavab qolunu vurmaqla tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.
Xatırladaq ki, 2009/2010 mövsümündə «Qarabağ» Avropa Liqasının pley-off mərhələsində məhz «Tvente» ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan «Qarabağ» Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.