«Futbol ona görə populyardır ki, axmaqlıq populyardır»

Jorge Luis Borges

-

Məşhur Argentina yazıçısı Jorge Luis Borges-in sözləridir: “Futbol ona görə populyardı ki, axmaqlıq populyardı”

Futboldan zəhləsi gedənlərin ürəyindən tikan çıxaran sözlərdir. Onların bu gün də əsas arqumentləri bunlardır: futbol darıxdırıcıdır, vurulan qolların sayı azdır, futbolçular xəsarət alır...

Borges futbolu “estetik cəhətdən eybəcər” adlandırmışdı. Futbolun vətəni haqda isə belə demişdi: “Futbol İngiltərənin ən böyük cinayətlərindəndir”.

Hətta, mühazirələrinin birini qəsdən 1978-ci ilin dünya çempionatında Argentinanın ilk oyunu ilə eyni vaxta salmışdı.

Amma Borges-in futbola nifrəti yalnızca estetik problem deyildi. Bu nifrətin kökündə ilk növbədə fanat qafası, azarkeşlik mədəniyyəti dayanırdı. Borges hansısa komandaya kor-koranə dəstək verən, rəqib komandanı görməyə gözü olmayan fanatların sevgisini 20-ci əsrin ən qorxunc siyasi hərəkatlarını hakimiyyətə gətirmiş insan kütlələlərin sevgisinə bənzədirdi.

Argentinanın keçmiş avtoritar lideri Juan Peron

​Yazıçı öz dövründə belə kor-koranə “xalq sevgisi”nin çox şahidi olmuşdu: Argentinada faşizm, peronizm, hətta anti-semitizmin tüğyan etdiyi vaxtları görmüşdü. “Futbolda mənə qorxunc gələn - hamını üstələmək, hökmran olmaq kimi məqamlar var”.

Borges ehkamçılığın bütün formalarına qarşı çıxırdı.

O, istənilən doktrinaya, dini baxışlar sisteminə, yaxud ideyaya pərəstişin əleyhinə idi.

Hətta Argentina millisinə kor-koranə azarkeşliyin də.

Yazıçının başqa bir arqumenti o idi ki, futbol həmişə millətçiliklə əlaqəli olur. “Millətçilikdə yalnız təsdiqə icazə var. Şübhəni, inkarı rədd edən istənilən doktrina fanatizm və axmaqlığın bir növüdür”.

Borges deyirdi ki, milli komandalar millətçilik coşqusu yaradır.

Bu isə ədalətsiz rejimlərə özünü legitimləşdirmək üçün ulduz futbolçulardan bir rupor kimi istifadə etmək imkanı verir.

Pele, 2014.

“Pelenin ölkəsində hökumət dissidentləri həbs etməklə yanaşı həm də onun topu başıyla vurmağa hazırlaşdığı anı təsvir edən nəhəng bir poster istehsal etdirmişdi. Poster bu şüarla müşayiət olunurdu: Ninguém mais segura este país: Heç kəs bu ölkəni durdura bilməz”. Bunu özünün “Braziliyanın İblislə rəqsi” kitabında amerikalı idman jurnalisti Dave Zirin yazır. İnsanların Peleyə olan məhəbbətindən rejim, beləcə, öz xeyri üçün istifadə edirdi.

Borges də bu məqamı nəzərdə tuturdu. Onun “Esse Est Percipi” essesi bu nifrətin səbəblərinə bir qədər də aydınlıq gətirir. Borges yazır ki, futbol Argentinada idman növü olmaqdan çıxıb və bir tamaşaya çevrilib. Media da bütün mümkün vasitələrlə bu fanatizmi körükləyir. Fanatizm o həddə çatıb ki, televiziyalar hətta mövcud olmayan, keçirilməmiş oyunları da saxtalaşdırıb yayınlasa, azarkeşlər buna inanacaq və sorğulamayacaqlar.

Borges-ə görə, insanlar adətən, hansısa möhtəşəm qlobal ideyanın arxasınca getmək ehtiyacı hiss edirlər. Kiminçünsə bu, dindir, kiminçünsə də futbol.

"The New Republic"ə istinadla Oxu zalı