-
Cəmil Həsənli İşdən Sonra verilişində ölkənin durumundan, təqib və təzyiqlərdən, Milli Şuranın mitinqindən danışıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
“QIZIMLA BAĞLI HADİSƏ BİZƏ QARŞI TƏXRİBATDIR”
“Kütləvi repressiyalar hansısa formada bizə də çatmalı idi. DİN və xüsusi xidmət orqanları əməkdaşları həmişə bizim evin ətrafında olublar. Bəzən maşına taksi nişanı, Rusiya nömrəsi yapışdırıblar. Qızımla bağlı hadisə də quramadır. Bizim evin yaxınlığında “İlahiyyat”məscidi var. Hadisə cümə günü, insanların məscidə çox gəldiyi gün baş verib. Çünki bu halda ətrafda o qədər insan olur ki, çətinliklə hərəkət etmək mümkün olur. Qızım həmin gün maşınla uşaqları məktəbdən gətirib maşını çox yavaş sürətlə qaraja döndərirmiş. Bu zaman bir qadın ona tərəf gəlib. Qızım maşını saxlayıb, qadın isə maşına dəyib yıxılıb. Günel maşından düşəndən sonra ibadətə gələnlər deyib ki, biz bu qadını tanıyırıq. Qadın deyib ki, məni gərək bu qız xəstəxanaya aparsın. Qızım qadını polis işçilərinin biriylə xəstəxanaya aparıb. Qadın xəbərdarlıq edib ki, sınıq olsa şikayət edəcək. Onu müayinə ediblər, məlum olub ki, xəsarət yoxdur. Günelə də deyiblər sizlik iş yoxdur, gedə bilərsiniz. DİN-in açıqlaması da təsdiq edir ki, bu məsələ siyasi xarakterli bir addımdır. DİN-in mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov mətbuata belə açıqlama verib ki, qızım yol-nəqliyyat hadisəsi törədib və bunu hüquq-mühafizə orqanlarından gizlədib. Guya qadını yoldan keçənlər xəstəxanaya aparıblar. Bu qədər yalan olmaz axı. Ehsan Zahidovun açıqlamasından öncə bu məlumatı sosial şəbəkədə yaymışdılar artıq. Açıq-aşkar görünür ki, bu hadisə xüsusi xidmət orqanlarının, DİN-in öz qurmasıdır. Mitinq öncəsi qızım vasitəsilə mənə təzyiq etmək. Susdurmaq istəyiblər”.
“ƏDALƏTSİZLİYƏ ETİRAZ SİYASƏT YOX, VƏTƏNDAŞ MÖVQEYİDİR”
“Siyasət mənim həyatımın kiçik hissəsidir. Mən daha çox Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğulam. Noyabr ayında New Yorkda, dekabrda Harvardda kitablarım çıxacaq.
Siyasi məhbuslar olmasa, normal ədalətli cəmiyyət olsa, mənim siyasətdə nə işim var? Öz yazı- pozumla məşğul olaram. Ədalətsizliyə münasibət bildirmək lazımdır. Bu siyasət yox, vətəndaş mövqeyidir. Mən özümü siyasətə həsr etsəydim partiya yaradardım. Heç bir partiyanın üzvü olmamışam. Milli Şura siyasi partiyadan geniş anlayışdır. Üzvlərindən 20 -30 faizinin partiya mənsubiyyəti var”.
“BİZ İNSANLARI DİNC MİTİNQƏ ÇAĞIRIRIQ”
“Cəmiyyətimizdə 105 nəfər saxta ittihamlarla həbs olunub. Onlardan 25 nəfərə yaxını narkotik ittihamı ilə tutulub. Mitinqə bu gün izacə verildi. Ayın 12-də saat 3-də “Məhsul” stadionda mitinq keçirəcəyik. Siyasi və vicdan məhbuslarını gündəmə gətirəcəyik. Onlara azadlıq tələb edəcəyik. Onların bir çoxunun məhkəməsində olmuşam. Hüquqşünas olmasam da, müəyyən etmişəm ki, onlar siyasi mülahizələrə görə məhkum ediliblər. Ümid edirəm ki, vətən millət təəsübkeşləri, zülmə, ədalətsizliyə yox deyən vətəndaşlar qatılacaqlar. Mitinq məsələyə münasibətin bir formasıdır. Bu, məsələyə beynəlxalq aləmin diqqətini artırır. Öz vətəndaşlarımızı dinc mitinqə çağırırıq. Hakimiyyət orqanları təxribat törətməyəcəksə, dünya da görəcək ki, Azərbaycanda dinc mitinq keçirmək mümkündür”.