-
Azərbaycanda iki Yehova şahidinin – Validə Cəbrayılova və Irina Zakharchenko-nun həbs qətimkan tədbiri uzadılıb. Hər ikisi MTN-nin istintaq təcridxanasında saxlanır. Məlumatı dini azadlıqlar üzrə ixtisaslaşmış, Osloda yerləşən Forum 18 təşkilatı yayıb.
Beş sünni müsəlman – Ləzgi məscidinin imamı Mübariz Qarayev, Həbibulla Ömərov, Səlim Qasımov, Eyvaz (soyadı bəlli deyil) və Azad Qafarovun isə məhkəmələri yaxınlaşır. Qurum bu 7 nəfərin qadağan olunmuş dini ədəbiyyat yaymaqda təqsirli bilindiyini qeyd edir.
Səkkizinci vicdan məhbusu, şiə müsəlman ilahiyyatçı Ceyhun Cəfərov isə vətənə xəyanət ittihamıyla saxlanıb.
Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə dini azadlıqların tam təmin olunduğunu, bütün dini təriqətlərə bərabər şərait yaradıldığını, heç kəsə fərq qoyulmadığını bəyan edir.