-
Maşında çəkilmiş filmlər
İranlı kinorejissor Abbas Kiarostaminin Fransanın “Le Figaro” jurnalına müsahibəsi
Farscadan çevirən: Elşən Böyükvənd
Tehran parklarında bir avtomobil şütüməkdədir. Sürücü (Maniya Əkbəri) öz oğlunu üzgüçülük hovuzuna aparır. Uşaqla Ana arasında mübahisə yaranır. 7 yaşlı oğlan uşağı Anasının boşanmasını tənqid atəşinə tutur. Filmin başqa 9 sekansı (epizodu) da elə avtomobilin içində və ayrı-ayrı qadınlarla çəkilir.
“Albalı Dadı” filmi ilə 1977-ci ildə Kann kinofestvalının qalibi olmuş Abbas Kiarostami bu il “On” (“Ten”) filmi ilə yenidən Kanna qayıdıb (2002):
Kişilərin əsarətində yaşayan, yaxud onların müstəbidliyi altından boyun qaçıran qadınlar haqda çəkilmiş bir filmdir.
Filmdə gözə çarpan yeganə kişimərkəz baxış, artıq ev diktatoruna çevrilmiş kiçik oğlanın baxışıdır.
Abbas Kiarostami İranda boşanma, evlilik məsələləri və aşiqanə duyğuları kameraya çəkməklə bütün şəxsi həyat sərhədlərini darmadağın edir. “On” - həm filmin forması və həm də məzmunu baxımından, qeyri-adi bir əsərdir.
- Siz “On” filimində İran qadınlarının vəziyyətini təsvir etmisiniz, bu isə, sizin yaradıcılığınızda görünməmiş hadisədir. Motivasiyanız nə idi?
- Əsərlərimdə qadınlara heç zaman yer verilməmişdi. Buna baxmayaraq, onlarla uğraşmamağımın illəti bu deyildi. Sözün düzü, mən qərar verməmişəm! Qadınlar özləri mənim kinoma ayaq qoyublar, mənsə buna görə sevinirəm.
- Siz söz azadlığının girilməsi yasaq olan şəxsi həyat sahələrinə inanılmaz həddə girir və müxtəlif mövzulardan danışırsınız. Bəs bu necə oldu? Filminizə senzura tətbiq olunmadımı?
- Tam azad bir şəkildə işimi yerinə yetirdim. İran Mədəniyyət Nazirliyindən çəkiliş üçün icazə istəmədim, çünki icazə aldığım zaman ssenarini dəyişirəm; əvəzində film bitəndən sonra onu dövlət məmurlarına göstərdim.
Onların reaksiyasından qorxurdum, çünki keçmişdə filmimi senzuraya məruz qoymuşdular. Ancaq İran təəccüblər ölkəsi olduğundan dolayı, mənə dedilər: “Ooo necə də gözəl filmdir, heç bir problemi yoxdur”, mən də təəccüblənib sevindim.
- Filmin əsas qəhrəmanı olan maşın sürücüsü Maniya Əkbəri haqda danışın lütfən.
- O, rəssəmdır və keçmişdə heç zaman aktiyorluq sənəti ilə məşğul olmayıb. Habelə, filmdə gördüyümüz uşağın dul Anasıdır.
Boşanma haqda Ana ilə uşağın arasında gedən mübahisəni ehtiva edən filmin birinci sekansı dörd ay çalışmadan sonra çəkilib.
Kinozalda nümayiş zamanı tamaşaçı sənədli filmdən daha real və həqiqi bir filmə baxdığını hiss etməliydi. Eyni zamanda bu, hekayənin bir sekansı idi. Ssenarini iki illik bir zamanda və bir sıra “həqiqətlər”dən ilham alaraq yazmışam.
- Maniya Əkbəri filmdə deyir, “boşanmaq üçün ölkə qanunları olduqca əskidir. Məhkəmədə qadın öz haqqlarını əldə etmək üçün əri tərəfindən döyüldüyünü və ya həyat yoldaşının narkoman olduğunu deməlidir”. İranda boşanmış qadının vəziyyəti necədir?
- Hakimlər çətinliklə boşanmaq qərarını veririlər. Ancaq bizim ölkəmiz təzadlar yurdudur. Ən ucqar kəndlərdə yaşayan qadınlar və orta sinfə mənsub olan xanımlar var, ancaq hüquqi baxımdan boşanma zamanı onların arasında heç bir fərq yoxdur. Bu təzadlı vəziyyət filmdə də əks olunur.
- Sürücü (Maniya Əkbəri) fahişə bir qadını maşına mindirir. Bu sekansı necə çəkə bildiniz ?
- Ssenarinin bu parçası yazılmışdı. Mən hətta filmdə fahişə qadınların aktyorluq etməsini istəyirdim. Ancaq heç kəs mənimlə əməkdaşlıq etməyə hazır olmadı.
Buna görə də heç bir təcrübəsi olmayan 17 yaşlı gənc bir qızdan bu rolu oynaması üçün xahiş etdim. Nəticədə, dialoqlarda qızın ağzından çıxanlar, mənimlə bir neçə fahişə qadının arasında gedən telefon danışıqlarının nəticəsidir. Həmin qadın bir yerdə deyir: “Heç bir gileyim yoxdur. Bu, həyatdır, bu, mənim alın yazımdır”. Onlar ictimai statuslarını qəbul edirlər.
Onlar, kütlə gözündə cəmiyyətdən kənarda qalıblar, ancaq özləri heç bir qayda və əxlaqi dəyərləri qəbul etmirlər.
- Filmin məzmunundan sonra formaya çatırıq. Siz “On”u necə düzəltdiniz?
- Çəkilişlər zamanı dekonstruksiyaya və bir növ “Mise-en-scène”-i qırağa qoymağa tərəf getdiyimin fərqində deyildim.
Rejissor futbol məşqçisi kimidir. Oyundan qabaq futbol meydanını hazırlamaq da gərəkdir. Rəqəmsal kameralar rejissorun əlini daha açıq qoyur.
Sonda bunu deməliyəm ki, bu, çox sadə bir filmdir. Çəkiliş üçün iki obyekt və kameranın iki tərəfdən çəkiliş aparması; ancaq eyni zamanda bu, rejissorluğunu etdiyim ən çətin və mürəkkəb film idi. Bundan öncə bu qədər hazırlıq aparmağa gərək görməmişdim.