-
Oxu Zalı Gürcüstanda yaşayan azərbaycanlı şair Coşqun Cəfərin şeirlərini təqdim edir.
Coşqun Cəfər
TİFLİSLİ TURİSTİN BAKIYA DEDİKLƏRİ
Bakı,
Hündür mərtəbəli evlərinin kəlləsindən baxıb çox da öyünmə
Ən kiçik arzularını ürəyində gömmüş adamlar dolanır küçələrində.
Bakı,
Bulvarının qızıl paltar geyinməsinə baxıb dişlərini ağartma, söyünmə
Lül-piyan bomjlar həyat axtarır zibil qutularında,
Lüt üryan uşaqlar ümid dilənir küçələrində...
Bakı, sən haralısan?
Hər gün bir yerə köçürsən!
Sökülə-sökülə tikilirsən,
Tikilə-tikilə uçursan...
Qız qalan qala olub qoruya bilmir
Damarını kəsən qızlarının taleyini, həyatını, həyasını...
Xəzər dənizin yuya bilmir
Üzü qara adamlarının üzündən ağ boyasını...
Qan qalmayıb damarlarında, Bakı
Əmir səni əjdahalar zəli kimi.
Can qalmayıb insanlarında, Baki
Öz evlərində gəzirlər qonaq kimi
Vətən onlara qürbətdi uzaq kimi
Bakı, ayaqlar altında əzlilirsən xalı kimi...
El-aləmə gün ağlayırsan
Özünə gün axlamağa yoxdu sənin vaxtın, Bakı?
Qar da yağdı yenə ağ günə çıxmadın
Səni çapıb-talayanlar Aya çıxdı.
Qara neftə batıb yoxsa baxtın, Bakı?
Mən sənə şeir yazmadım, alın yazını oxudum, Baki...
Buna da bax: "Coşqun Cəfər. Qiyamət gecəsi"
YAŞAMAĞA ELEGİYA
1.
Burda yaşamaq-
Ölənə qədər çiyinlərində öz tabutunu daşımaq…
Burda ömürlər ölməyə həsr edilir,
Burda ömürlərə diri-diri qəsd edilir.
Başdaşlarımızın belə bahalı mərmərdən olmasına baxma,
Hər gecə bütün bədəni yara tökmüş ən xəstə itlər yatır üstündə.
Yaxınlarımızın ölülərimizə üz-gözünü cıraraq ağlamasına baxma,
Onlar da öz gününə ağlayır əslində.
Ağlayırlar sən öldün, qurtuldun bir yolluq,
Biz isə hər gün yaşaya-yaşaya ölməklə məşquluq.
Ölü deyil ah-nalə çəkməyimizin əsl səbəbi,
Çəkdiyimiz heç ah-nalə də deyil.
O səs-səda
Öz ölmüş yaşamımızdan şikayətdir,
Üsyandır,
Qorxudur...
Ölü deyil göz yaşı tökməyimizin əsl səbəbi,
Gözlərimizdən axan heç yaş da deyil,
O dünyaya yola saldığımız ölülərimizi
Uğurlamaq üçün arxalarıyla tökdüyümüz sudur,
Burda ölünün arxasıyca ağlamağın fəlsəfəsi məhz budur.
2.
Burda bütün sənə sevgilərin içində
Yekə bir mənə sevgi gizlənib.
Məsələn,
Bu zamana qədər hələ bir ana görməmişəm
Öz oğlunu oğlu üçün saxlasın
Burda analar oğullarını saxlayırlar ki, öləndə tabutlarını yerdən qaldıran olsun.
Burda qarşılıqsız sevmək heç vaxt olmayıb,
Məsələn,
Bu zamana qədər hələ bir ata görməməşəm
Öz qızını qızı üçün sığallasın,
Burda atalar qızlarını öpüb, sığallayırlar ki, öləndə tabutları üstündə dil deyib, ağlayan olsun...
3.
Burda insanlar iki yerə bölünür:
Ölü doğulanlar
Və doğulub ölənlər.
Tale üzümüzə baxdı,
Biz ölü doğulmadıq.
Amma...
Gəl gedək buralardan,
Mən yaşamaq istəyirəm,
Mənim ölməyə vaxtım yoxdu..
EVLİ AMMA YALQIZ QADIN
Evli amma yalqız qadın...
Çoxdu;
Hər gecə üşüyər... üşüyər...
Yayda da üşüyər, qışda da!
Sobanı doldurar odunla,
Soba da üşüyər, odun da,
Bir ömür buz içində yaşıyar... yaşıyar...
Heç kimin saxta qayğısı onu isidə bilməz,
Zaman ötər,
Günəş batar,
Ay mürgüləyər,
Ulduzlar yuxulayar,
Gecə yatar,
O yata bilməz…
Gözləri pərdə olar pəncərədən asılı qalar,
Sevgili əvəzinə dizini qucaqlayar, ağlayar...
Yatağını bürüyər kimsəsizlik ətiri,
Yastığı göz yaşı udmaqdan öz rəngini itirər,
Boynu qısılı qalar,
Özünü qucaqlayar, ağlayar...
Evli amma yalqız qadın...
Gündüzləri tək yeyər, tək içər
Tək durub, tək oturar
Gecələri... gecələri dik atılar
Gecə barlarından gəlib qapını çırpan
Ər dediyi kişinin dodaqlarından qopan
Özgə qadın adlarının səsinə.
Divardan asdığı toy şəkili parça-parça olar, yerə düşər
Otağının divarları uçar, üstünə düşər
Qəzəb hissi gicitikan tək ruhunu dalayar,
Çartlaq dodaqlarını dişi ilə qana bulayar
Hər gecə intihar edər ər dediyi kişinin
Özgə dodaqlardan öpən nəfəsində.
Evli amma yalqız qadın...
Darıxar… Darıxar...
Siqaretə başlar
Evdəki bütün içkiləri qurtarar…
Nə güzgüyə baxar, nə özünə
Nə də ki, evi yığar…
Kişilər varlandıqca sevgiləri qurtarar –
Belə yazar toz basmış pəncərəyə, şüşəyə
Hər gün beləcə yoxa çıxar üşüyə-üşüyə…
Buna da bax: "Gürcüstandakı azərbaycanlı gənclər mədəniyyət saytı açdılar"
KÜRÜN MARMARAYA AXIŞI
Axır… məktub yazıram küləkli, axşamüstü
Bir şairin nitqiyəm, Tblisidə yaşaram.
Sol tərəfim qoca dağ, başım dumanlı, tüstü
Dalğalar hisslərimdi, sellər fikrim coşaram.
Adım dəli kür deyə demə ki, aferistəm
Şahlar tikən məscidin neçəsin devirmişəm.
Baxma başımın üstə kilsə var ateistəm
Gözlərimi açandan sağa üz çevirmişəm.
Sən ey dostum Marmara, duydum sən də solçusan
Köksündə qasırğalar bir üsyan türküsüsən
Gəmi, qayıqlarınla inqilaba yolçusan
Prezdenti söyübsən: sən hara tülküsüsən?!
Qorqasali də mənlə hər gün çıxır qırğına
Təzə hakimiyyəti hey danlayır, pisləyir.
Siyasi söhbətlərdən bezdim artıq yorğunam
Könlüm bu gecə sənə bir sirr açmaq istəyir
Bu sirr ayıq deyilməz, sən rakı iç, mən çaxır
Necə dəli olmayım, ah necə hallanmayım.
Dalğanda ayna kimi öz kölgəsinə baxır
Sevdiyim düz yanında, necə paxıllanmayım?!
Eh Marmara sevgini sənə izah edim necə?
Elə bil ki, deyirsən göydə ulduzları say.
Gəl sənə yalqızlığı izah eyləyim: gecə-
Milyon-milyon ulduz və tək-tənha Ay…
Bu sevgini istədim göndərim balıqlardan
Hansına yaxınlaşdım qarmaqla biri tutdu.
İstədim məktub yazım göndərim qayıqlardan
Dedilər ki, sığışmır məktub çox yeri tutdu…
Marmara ümid sənə, tək sənə arxayınam
Axır, axıram sevgim süzülür hecalardan.
Ona de ki, hardasan? Sənsiz darmadağınam
Gəl, gəl yığışdır məni bu qəhbə küçələrdən…
***
Sən getdin…
Evimə darıxmaq dadanıb.
Yalqızlıq adlı kaftar,
Bir axmaq dadanıb…
Sən getdin…
Gecəmin gündüzü ölüb
Geyib başdan-başa qara
Ayda ki intihar edib
Asıb özün göydən yerə
Sən getdin…
Hər tərəf kədər qoxuyur
Bu ətri kim bura töküb?
Göydəki ulduz ha deyil
Göyün üzü yara töküb.
Sən getdin
Mən də itdim.
Tapa bilmirlər heç yanda.
Görən olub sən aparıbsan
Məni də gətir qayıdanda.
***
Qafqazda mən gecə gəzən
Səni gəzə-gəzə gəzən
Yollarında itib azan
Küçələrinə adını yazan
Bir şəhər yaşayır- Tiflis!
Bu şəhərdə bir qış günündə
Səni sevmək olan peşəsi
Ürəyi dolu önündə
Çoxlu boş içki şüşəsi
Bir nəfər yaşayır- muflis!
O bir nəfər sinəsində
Çıxışlarına dözməyən bədən!
Çırpınıb dar qəfəsində
Hamıya səni təbliğ edən
Bir peyğəmbər yaşayır- sənsiz
Hər axşam məhşər yaşayır...
***
Ürəyimə gəzmək düşüb
Olar gəlim ürəyinə?
Yaşamağa evim yoxdu
Gəlim qalım ürəyində
Bura soyuq…
Yaşamaq çətin
Gəlim ürəyini edim vətən.
Burda gülməyə həsrətəm
Gəlim gülüm ürəyində…
Hərə bir məmləkətə gedir,
Xaricə, qürbətə gedir
Eşitdim ki, ürəyində
Ölənlər cənnətə gedir
Olar ölüm ürəyində?