Yanvarın 28-də Vəkillər Kollegiyası üzvlüyünə keçirilən imtahanların nəticələrindən 23 nəfər narazı qalıb. Onların şikayətlərinə baxılıb.
Kollegiyanın bu gün, fevralın 2-də yaydığı məlumatda bildirilir ki, vəkilliyə namizədlərdən 23 nəfəri imtahan nəticələrinin onların iştirakları ilə yenidən araşdırılmasını xahiş edib.
Kollegiya vurğulayır ki, yazılı test imtahanın nəticələrinə görə, uyğun bal toplaya bilməyən 1266 namizəd növbəti mərhələyə adlaya bilməyib. Narazı 23 iddialının şikayətləri Dövlət İmtahan Mərkəzinin inzibati binasında həmin mərkəzin, kollegiya rəhbərliyinin, namizədlərin bilavasitə iştirakı ilə araşdırılıb.
Buna da bax: Vəkillikdən ötrü verilən imtahanın nəticəsi açıqlanıb
Araşdırma zamanı vəkilliyə namizədlərin cavablarının bir daha yoxlanıldığı, nəticələrin düzgün hesablandığının müəyyən olunduğu bildirilir.
Bu il yanvarın 28-də Azərbaycan Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanı keçirilib. 2000-nə yaxın qeydə alınan namizəddən imtahanda yalnız 1873 nəfər iştirak edib. Onlardan 607 nəfəri 60 və daha yüksək bal toplayıb.
İmtahan nəticəsində ümumi balı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılırlar.
Xatırlatma
Parlament ötən il oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.
Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.
Bir çox ekspertlər, hüquqşünaslar bu dəyişiklikləri mürtəce hesab edirlər. Onların fikrincə, hüquqşünasların məhkəməyə çıxmaq imkanlarının əllərindən alınması vətəndaşların məhkəmələrdə müdafiəsində ciddi problemlər yaradacaq.
Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən bir qədər çox üzvü var. Beynəlxalq qurumların hesabatlarına görə, adambaşına düşən vəkil sayı sıralamasında Azərbaycanın adı son yerlərdə gəlir.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə vəkilliyə qəbulu bərpa etməklə yeni qanunvericiliyin hər hansı problem doğurmayacağını düşünür. Son illər Vəkillər Kollegiyasına qəbul dayandırılmışdı.
Kollegiya hesab edir ki, əksinə yeni qanunvericilik vətəndaşların hüquqlarının daha peşəkar qorunmasına təkan verəcək.