Ermənistan niyə Qərbə deyil, Rusiyaya meyllənir – Qərb mediası

Yerevan, 8 may, 2018-ci il

Qərbə doğru fırlanmaq Ermənistanın maraqlarına tam uyğun deyil. “New Eastern Europe” portalında Benyamin Poghosyan Ermənistandakı “məxməri inqilab”dan sonra bu ölkənin Rusiyayla münasibətlərindən söz açır.

Müəllif 2018-ci ilin aprel-mayında küçə etirazları nəticəsində hakimiyyət dəyişikliyindən sonra ikitərəfli münasibətlərlə bağlı daha çox mənfi gözləntilərin olduğunu yazır. Ancaq Rusiyanın qonşu ölkədəki prosesləri münasibəti gözlənilməz dərəcədə sakit oldu. “Ola bilsin, Rusiya o qədər təəccüblənmişdi ki, güclü addım ata bilmədi, ya da Azərbaycanla Qarabağ münaqişəsi və Türkiyəylə münasibətlərin yoxluğundan dolayı Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq Rusiyayla əlaqəni kəsməyəcəyindən əmin idi”, – məqalədə deyilir. O vaxtdan tərəflər arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib.

Vladimir Putin (sağda) və Nikol Pashinian Kremldə görüşür, dekabr, 2018-ci il

Digər tərəfdən, Birləşmiş Ştatlar Ermənistandan İranla münasibətlərinin miqyasını kiçiltməyi, Rusiyadan uzaqlaşmağı, Çinlə əlavə kontakt yaratmamağı, Azərbaycan və Türkiyəylə münasibətləri normalaşdırmağı tələb edir. Müəllif bütün bu tələblərin Ermənistan- ABŞ münasibətləri üçün yaxşı bir şey vəd eləmədiyini vurğulayır.

“Rusiyayla strateji alyansı gücləndirmək və Çinlə əməkdaşlığı dərinləşdirmək Ermənistanın milli marağındadır. Bu, hər hansı ərazi itkisini önləməyin yeganə yoludur. Bu səbəbdən Ermənistanın yeni rəhbərliyi Rusiyayla gələcək strateji alyansın vacibliyindən danışır, Rusiyanı xarici siyasət oriyentasiyası sarıdan əmin edir. Yaxın 5-10 il ərzində Ermənistana minimum təhlükəsizlik təminatı verəcək başqa bir ölkə yoxdur”, – müəllif yazır.

Boeing birinciliyini əldən verir

ABŞ-ın Boeing şirkəti ən böyük təyyarə istehsalçısı statusunu Avropadan olan rəqibi Airbus-a güzəştə gedə bilər. Bu haqda “The Wall Street Journal” qəzeti yazır.

Boeing 737 MAX təyyarələri

Boeing 2012-ci ildən birinciliyi saxlamışdı. Ancaq iki 737 MAX təyyarələrinin qəzaya uğraması, sonradan bu laynerlərin uçuşlarının dayandırılması şirkətin gəlirlərinə böyük zərbə vurub. Bazar ertəsi Səudiyyə Ərəbistanının Flyadeal aviaşirkəti Boeing-ə sifarişləri dayandırıb, Airbus-a verib. Bundan Boeing-in itkisi 6 milyard dollar dəyərləndirilir.

İndoneziya və Efiopiyada iki 737 MAX təyyarəsinin qəzaya uğraması nəticəsində Boeing-in təyyarə təchizatı bu ilin birinci yarasında 30 faizədək azalıb. Qəzalardan dolayı təyyarələri uçuşlardan yığışdırılan aviaşirkətlər kompensasiyaya iddia edə bilər ki, bu da Boeing-in maliyyə problemlərini dərinləşdirə bilər. Aviaqəzalarda ölənlərin yaxınları da şirkətə qarşı iddialar qaldırıblar.

Boeing-ə sifarişini ləğv edən Flyadeal Airbus şirkətinə 30 A320neo təyyarəsi sifariş edib, hələ əlavə 20-ni də ala bilər.

Bəzi ekspertlər bu sifarişin ləğvini Boeing üçün həyəcan siqnalı sayırlar. Çünki indiyədək Boeing-in sifarişləri Airbus-un xeyrinə ləğv olunmayıb. Bu il British Airways bildirmişdi ki, əlavə 200 ədəd 737 MАХ almağı planlaşdırır.

Boeing apreldə bildirib ki, 737 MАХ-ın uçuşlarının dayandırılması ilə əlaqədar 1 milyard dollara yaxın xərci çıxıb. Ancaq təhlilçilər bu rəqəmin kəskin artacağını təxmin edirlər.

Arxiv fotosu

Britaniya muzeyi buddist heykəlləri qaytarır

Dördüncü əsrə aid gildən hazırlanmış buddist heykəlcikləri Əfqanıstana qaytaracaq. Həmin heykəllərin Taliban tərəfindən oğurlandığı, Hitrouda taxta qutuda aşkarlandığı bildirilir.

Britaniya muzeyi bazar ertəsi bu repatriasiya işinin detallarını açıqlayıb. Doqquz büst və bir başsız heykəl 2002-ci ildə Hitrou aeroportunda, Pakistanın Pişəvər şəhərindən uçuşdan sonra aşkarlanıb. Uzun hüquqi prosesdən sonra heykəllər Britaniya muzeyinə göndərilib.

Muzeyin aparıcı kuratoru John Simpson deyib ki, təxminən 1500 il öncə bu büstlər rənglənərdi, qədim Gandhāra krallığında buddist monastırların divarlarını bəzəyərdi.

“Heyrətləndiricidir. Son illər Kabilə minlərlə əşya qaytarmışıq, ancaq ilk dəfədir buddist eksponatlarla işləyirik”, – o vurğulayıb.

Simpson-un sözlərinə görə, Gandhāran heykəlləri çox güman 2001-ci ilin əvvəlində Taliban tərəfindən ələ keçirilib. O zaman Bamiyan kəndindəki nəhəng budda heykəlləri partladılmışdı.