Özbəkistan xaricdə işləyən vətəndaşlarına şərt qoyub

Rusiyada özbək miqrantlar.

-

Özbəkistanda 5 il evə qayıtmayan vətəndaşların siyahısı Özbəkistanın Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsinə göndərilir.

AzadlıqRadiosunun özbək xidmətinə müsahibəsində yerli məhəllə komitəsinin (Azərbaycandakı mənzil-istismar sahələrinə və keçmiş yerli sovetlərə uyğun dövlət qurumu nəzərdə tutulur- red.) keçmiş gözətçisi Özbəkistan Xarici İşlər Nazirliyinə göndərilən xüsusi siyahıdan söz açıb.

Onun sözlərinə görə, məhəllədə ölkə sərhədlərindən 5 il və daha çox müddətdə kənarda qalan şəxslərin siyahısı tərtib edilib: «Bu siyahını birbaşa Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə göndərirdik. Daha sonra konsulluq şöbəsi siyahıda adı keçən adamlarınözləri barədə olduqları ölkədəki Özbəkistan konsulluğuna məlumat verib-vermədiyini araşdırırdı. Söhbət yaşadıqları şəhər, işlədikləri yer və ya nə iş gördükləri haqqında məlumatdan gedir. Başqa sözlə, qanunsuz fəaliyyətlə məşğul olub-olmamaları aydınlaşdırılırdı. Beş il boyunca ölkəyə qayıtmayan və konsulluqlara özü barədə məlumat verməyən şəxslərin siyahısını tərtib edirdik. Bizə demişdilər ki, onlar vətəndaşlıqdan, avtomatik olaraq,çıxarılacaq və vətəndaşlıqları bərpa edilməyəcək».

HƏLƏLİK, VƏTƏNDAŞLIQDAN ÇIXARILAN YOXDUR

Təhlükəsizlik mülahizələrindən adını açıqlamayan müsahib bu yaxınlarda - məhəllələrə nəzarət xüsusi xidmət orqanlarına veriləndən və işin həcmi böyüyəndən bəri işini itirib.

O, hələlik, vətənindən uzaqda qalan hər hansı özbəkistanlının vətəndaşlıqdan məhrum edilmədiyini deyərək, sözünü belə bitirir: «Digər məhəllələrdə də mən bunu müşahidə etmədim».

Keçmiş gözətçinin sözlərinə görə, Özbəkistan hakimiyyəti vətəndaşlıqdan məhrum edilə biləcək şəxslərin siyahısını hazırlayır.

MƏHƏLLƏ KOMİTƏLƏRİ İŞƏ KEÇİBLƏR

Sabiq gözətçi bildirir ki, hazırda yerli hakimiyyətlər məhəllə komitələrindən ölkədən uzun müddət kənarda qalan vətəndaşları geri çağırmağı tələb edir: «İndi məhəllə komitəsində çalışan 4 nəfərin hamısı bu işə cəlb olunub. Sahə müvəkkili, komitə rəhbəri, gözətçi səhər tezdən adamların evlərinə gedirlər. Onlar bir ailədən neçə nəfərin hansı ölkəyə getdiyini müəyyənləşdirir və onların orada nə işlə məşğul olduqlarını, vətəndə axırıncı dəfə nə vaxt gəldiklərini araşdırırlar. Sorğu-sualdan sonra iki siyahı tərtib edilir və birinə gedənlər, o birinə də qayıdanlar qeyd olunur. Gedənlərin siyahısı xüsusi xidmət orqanlarına, qayıdanlarınkısa polisə verilir. Vətəndaş 3 ildir ölkədən kənardadırsa, yaxınlarından onun nömrəsini alıb zəng edir və geri qayıtmasını istəyirlər. Qayıdan vətəndaşlar problem yaşamırlar».

QAYIDANLAR NƏZARƏTƏ ALINIR

AzadlıqRadiosunun müsahibi onu da deyir ki, qayıdan şəxslər məhəllə komitəsinə dəvət edilir və onlarla söhbət aparılır: «Xaricdə nə işlə məşğul olduğu, hansı millətin nümayəndəsi ilə qaldığı, namaz qılıb-qılmadığı kimi məsələlər soruşulur. Ayın sonunda bütün qayıdan vətəndaşlarla xüsusi xidmət orqanlarının əməkdaşı söhbət edir. Əgər sual yaransa, həmin adam nəzarətə götürülür. Heç bir şübhə doğurmayan şəxslər yenə xaricə gedə bilirlər».

Qayıdan şəxslərdən tibbi arayış, pasportun surəti və başqa sənədlər tələb olunur.

Sabiq gözətçinin sözlərinə görə, qonşu məhəllələrdə bir neçə adam saxlanıb. O deyir ki, indi məhəllə komitələri hakimiyyət üçün vacib struktura çevrilib.

Onun söylədiyinə görə, xaricə gedib-gələnlərə2012-ci ildən nəzarət aparılır. Onların geri qaytarılması kampaniyasına isə ötən ilin sonunda başlanıb.

Bu ilin fevralında Daxili İşlər Nazirliyi 75 min vətəndaşın xaricdə olması barədə məlumat yayıb və onların hamısının qeydiyyata alındığı bildirilib. Nazirlik ölkəyə qayıtmış 70 min adamla profilaktik söhbət aparıldığını da açıqlayıb.

Özbəkistanın Almaniyadakı səfirliyi 2014-cü ildə 2 min həmvətəninə diplomatik nümayəndəlikdə qeydiyyata düşmələri və əks halda vətəndaşlıqdan çıxarılacaqları barədə xəbərdarlıq edib.

AzadlıqRadiosunun özbək xidmətivətəndaşlıqdan məhrum edilənlərin olub-olmadığını müəyyənləşdirə bilməyib.