'Qanun'dan müəmmalı oğurluq

"Qanun" nəşrlər evi

Nəşriyyata ötən ilin eyni günündə də oğrular girmişdi...

“Qanun” Nəşrlər Evini sentyabrın 26-dan 27-nə keçən gecə qarət ediblər.

Bu haqda nəşriyyatın rəhbəri Şahbaz Xudoğlu məlumat verib.

Onun bildirdiyinə görə, nəşriyyatdan xeyli pul aparıblar.

“Bizim nəşriyyatın kassasından 3 min manatdan artıq pul aparıblar. “Əli və Nino” kitab evinin kassasından isə 213 manat 20 qəpik götürüblər”, Ş.Xuduoğlu deyib.

Buna da bax:​ Bu da Azərbaycanda ötən il ən çox satılan kitablar

Onun bildirməsinə görə, oğrular kameralara düşüb. Oğrular iki nəfər olub. Maskalı olduqlarından onların kimliyini müəyyən etmək mümkün olmayıb. Ərazinin polis orqanları nəşriyyata gələrək gərəkli prosedurları başladıblar.

Şahbaz Xuduoğlu həmçinin, 2015-ci ildə, eyni gündə nəşriyyatdan oğurluq edildiyini yada salıb.

“Düz bir il əvvəl eyni gündə, eyni hadisə baş vermişdi. O zaman açılmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında qaldı, sıxıldı, əzildi və günlərin bir günü havaya qovuşdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən”, deyən Ş.Xuduoğlunun fikrincə, “ötən il baş verən oğurluq olayı effektiv araşdırılsaydı, bəlkə də bu hadisə baş verməzdi”...

Şahbaz Xudoğlunun şikayətinə hüquq mühafizə orqanlarından, hələlik, münasibət almaq mümkün olmayıb.