Trump İsrail-Fələstin münaqişəsinin həlli planından danışıb

ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu sentyabrın 26-da Nyu Yorkda görüşüblər

ABŞ prezidenti Donald Trump deyib ki, Yaxın Şərqdə “iki dövlət əsasında” sülh planını yaxın aylarda elan edəcək.

Bu, Trump administrasiyasının İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinə verdiyi ilk aşkar dəstəkdir.

Trump Nyu-Yorkda İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşündə deyib ki, bu münaqişənin dinc yolla həlli onun “arzusudur”.

Netanyahu-nun bu məsələdəki mövqeyi belədir ki, hər hansı gələcək Fələstin dövləti hərbsizləşdirilmiş olmalı və İsraili yəhudi xalqının dövləti kimi tanımalıdır.

Donald Trump sözü gedən sülh planını iki-üç ay ərzində açıqlayacağını deyib.

Trump adminsitrasiyası bundan əvvəl bəyan etmişdi ki, iki dövlət prinsipini yalnız iki tərəfin buna razı olduğu təqdirdə dəstəkləyəcək:

"Mən iki dövlət həllini bəyənirəm. Məncə bu ən münasib həldir…Mənim hissiyatım belədir”.

Lakin Fələstinin vəzifəli rəsmisi Trump-ın qeydlərini rədd edərək deyib ki, Ağ Evin siyasətləri sülhə olan ümidləri darmadağın edir.

Vaşinqtonda bu yaxınlarda bağlanmış Fəlsətin missiyasının başçısı Husam Zomlot deyib:

"Onların sözləri hərəkətlərinə ziddir və onların hərəkətləri iki dövlət prinsipi əsasında həllin mümkünlüyünü darmadağın edir”.