Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 18:15

Avropa Parlamenti Azərbaycanla əməkdaşlığı dayandırmağa və sanksiyalara çağırır. Bakıdan reaksiya


Avropa Parlamentinin sessiyası (Arxiv fotosu)
Avropa Parlamentinin sessiyası (Arxiv fotosu)

Avropa Parlamenti aprelin 25-də Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa və gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran qətnamə qəbul edib.

“Vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Qubad İbadoğlu və İlhamiz Quliyev işi” adlı qətnamə 474 leyhinə, 4 əleyhinə səs nisbəti ilə qəbul edilib.

Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.

Qətnamədə tanınmış iqtisadçı Qubad İbadoğlunun həbs edilməsindən ayrıca bəhs olunur, onun həbsi siyasi-ictimai fəaliyyəti və Azərbaycan hakimiyyətinə tənqidi münasibəti ilə izah edilir.

Bu da vurğulanır ki, Qubad İbadoğlu Avropa Parlamentinin Azərbaycanda insan haqlarını müzakirə etməli olan sessiyasının ərəfəsində ev məhbusluğuna keçirilsə də, onun səhhəti əhəmiyyətli dərəcədə pisləşib.

Qətnamədə adı çəkilən daha bir fəal – İlhamiz Qyliyevin ötən ilin dekabrında “narkotiklərlə bağlı şübhə doğuran ittihamla” həbs olunduğu vurğulanır.

Vəzifəli rəsmilərə sanksiyalar

Avropa Parlamenti Bakını İlhamiz Quliyevuin dərhal azad olunmasına, Qubad İbadoğluya qarşı ittihamların ləğvinə və ona xaricdə müalicə olunmaq üçün icazə verilməsinə çağırır.

Qətnamədə ümumiyyətlə Azərbaycandakı “bütün siyasi məhbusların” azad olunmasına çağırış edilir.

Avropa deputatları hesab etdiklərini bildiriblər ki, Azərbaycanda insan haqlarının kobudcasına pozulması onun 2024-cü ilin noyabrında keçiriləcək BMT iqlim konfransı - COP-29-a ev sahibliyi ilə “bir araya sığmır”:

"Avropa Parlamenti tələb edir ki, insan haqları, əsas azadlıqlar və vətəndaş cəmiyyətinin səmərəli iştirakı tərəfdaş ölkə (Azərbaycan-red) ilə Sazişlə təsbit və təmin edilsin”.

Qətnamədə bundan başqa Avropa Komissiyasına Azərbaycanla enerji sahəsində strateji əməkdaşlığın dayandırılmasının mümkünlüyü məsələsinə baxılmasına və ciddi insan haqları pozuntularına görə Azərbaycanın vəzifəli şəxslərinə qarşı Avropa İttifaqı sanksiyalarının tətbiq olunmasına çağırış edilir.

Milli Məclis Avropa Parlamentinə cavab verib

Öz növbəsində Azərbaycan Milli Məclisi aprelin 25-də Avropa Parlamentinə cavab verib.

Açıqlamada qeyd edilir ki, Bakı Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair “obyektivlikdən uzaq” qətnamə qəbul etməsini “qərəzli siyasi aksiya” kimi qiymətləndirir.

Bu da vurğulanır ki, Azərbaycan “yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları” qəbul etmir:

“...Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir”.

Vurğulandığına görə, demokratik institutların qurulması, sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə “irəliyə getmək əzmini” və “iradəsini” nümayiş etdirir:

“... Birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir”.

Milli Məclis hesab edir ki, “konkret cinayət əməlləri törətdiklərinə görə” məhkum edilənlərin siyasi məhbus adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğundan barələrində ittiham irəli sürülən şəxslərin qeyd-şərtsiz azadlığa buraxılma tələbinin “hansı məntiqdən irəli gəldiyi aydın deyil”:

“... Bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılıdır.”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG