Keçid linkləri

2024, 26 İyun, çərşənbə, Bakı vaxtı 22:50

'Bloomberg': Avropa Rusiya qazını Azərbaycan qazı ilə əvəzləmək istəyir


Avropa Kiyevlə Ukrayna ərazisindən qaz tranzitinin saxlanması mümkünlüyünü müzakirə edir.

Bu barədə yazan Bloomberg qeyd edir ki, Avropa bu tranzitlə Rusiya qazı əvəzinə Azərbaycan qazının nəql olunmasını istəyir.

Xəbərdə deyilir ki, Rusiya qazının Avropaya Ukrayna ərazisi ilə nəqlinə dair müqavilənin müddəti bu ilin sonunda başa çatır.

Kiyev tranzitin uzadılmasına dair Rusiyanın Gazprom şirkəti ilə heç bir razılaşma imzalanmasını planlaşdırmır.

İnfrastruktur var

Bununla yanaşı Ukraynanın dövlət Naftoqaz şirkətinin nümayəndəsi Aleksey Çernışev deyib ki, Ukraynanın qazın tranziti üçün bütün lazımi infrastrukturu var, sadəcə olaraq bundan istifadə etmək lazımdır.

Bloomberg vurğulayır ki, Azərbaycan qazının Avropaya nəqlindən mənfəətlənən Slovakiya olacaq.

Agentlik əlavə edir ki, belə bir tranzit imkanını Slovakiyanın baş naziri Robert Fitso may ayında Bakıya səfəri zamanı müzakirə edib.

Onun sözlərinə görə əgər belə bir razılaşma əldə olunarsa, Bratislava Azərbaycandan qazın idxalına başlaya bilər.

Slovakiya bu qazın bir hissəsini özündə saxlamaq, qalan həcmlərini isə başqa ölkələrə nəql etməyi planlaşdırır.

Rusiyanı da qane edəcək

Bloomberg qeyd edir ki, əgər tranzit mübadilə formasında olarsa, belə bir variant Rusiyanı da qane edir. Belə olduğu halda Moskva öz yanacağını başqa regionlara göndərə biləcək.

Xəbərdə deyilir ki, Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinə dair qərar bu ilin sonundan tez olmayaraq qəbul edilə bilər. Razılaşmaya Ukrayna döyüş meydanlarındakı vəziyyət də təsir göstərəcək.

Rusiya qazının Avropaya Ukrayna ərazisi ilə tranzitinə dair razılaşma 2019-cu ildə imzalanıb. Bu qazın əsas alıcıları Slovakiya və Avstriyadır.

Ukrayna Rusiyanın Gazprom şirkəti ilə hər hansı razılaşma imzalamaqdan qəti imtina edir.

Bununla belə Kiyev bildirib ki, Avropa şirkətləri həcmləri Ukraynadan icarəyə götürə bilərlər.

XS
SM
MD
LG