Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 21:05

Paşinyanın ofisi Bakı və Yerevan arasında ilkin razılaşmanı 'mühüm hadisə' adlandırıb


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan baş naziri ofisinin İnformasiya və İctimai Əlaqələr departamenti iki ölkənin baş nazir müavinləri arasında aprelin 19-da əldə olunmuş razılaşmaya münasibət bildirib.

Departamentdən Ermənistanın Armenpress dövlət xəbər agentliyinə bildirilib ki, tərəflər ilk dəfə olaraq sərhəd seqmentinin demarkasiyasına dair razılaşma əldə ediblər.

Başqa sözlərlə Ermənistanın Azərbaycana qaytarmağa hazır olduğunu bildirdiyi dörd kəndin olduğu sektorda faktiki olaraq iki ölkə arasında ilk demarkasiya aktı baş verib.

Razılaşmada Azərbaycanın Qazax rayonunun dörd kəndi ilə Ermənistanın bu kəndlərə qonşu kəndləri arasında sərhəd xətti müəyyənləşdirilib.

Sovetin ən son xəritəsi

Məlumatda deyilir ki, xüsusi olaraq dərc olunmuş xəritə Azərbaycan sərhədinin Ermənistan və Gürcüstan arasındakı dövlətlərarası yola son dərəcə yaxınlaşdığını göstərir.

Bu da qeyd olunur ki, bu yolun Ermənistanın Kirants kəndi yaxınlığından keçən hissəsi Azərbaycanın nəzarətinə düşür.

Dərc olunmuş xəritədə keçmiş SSRİ-nin daxili sərhədləri və onlara ediləcək dəyişikliklər yer alıb.

Armenpressin demarkasiya prosesi üçün hansı ilin xəritəsindən istifadə olunacağına dair sualına cavab olaraq baş nazirin ofisi bildirib ki, söhbət SSRİ dövrünün topoqrafik xəritələrindən gedir.

Məlumatda qeyd olunduğuna görə mühüm məqam bundan ibarətdir ki, sərhəd Komissiyalarının bəyanatına görə Sovet İttifaqının çökdüyü anda mövcud olmuş sərhədlərin hüquqi bazası bərpa olunur. Yəni söhbət sovet Ermənistanı və sovet Azərbaycanı arasında mövcud olmuş sərhəddən gedir.

Anklavlar/eksklavlar

Baş nazirin ofisi həm də bunu çox mühüm məqam hesab etdiyini bildirib ki, Komissiyalar iki ölkə arasında bütün sərhədin 1991-ci il Almatı Bəyannaməsi bazasında delimitasiya olunacağına dair razılaşma əldə ediblər. Bu Bəyannamədə isə keçmiş sovet respublikaları arasında mövcud olmuş sərhədlər təməl prinsip elan edilir.

Paşinyanın ofisi əlavə edib ki, bununla belə tərəflər qarşıdan gələn aylarda parlamentlərdə ratifikasiya da daxil, zəruri daxili qanunvericilik aktları qəbul edəcəklər.

Anklavlar və eksklavlar məsələsinə gəlincə isə Paşinyanın ofisi xüsusi olaraq Artsvaşen (Başkənd) kəndini qeyd edib.

Məlumatda vurğulanır ki, demarkasiya prosesində Artsvaşenin eksklav/anklav olaraq statusu hüquqi olaraq əsaslandırılmalıdır. Bu əsaslandırmadan sonra problemin siyasi həlli müəyyən ediləcək ki, bu da artıq ayrı bir məsələdir.

Alternativ yol

Hökumət bildirib ki, Ermənistan demarkasiya prosesinin nəticəsi olaraq heç bir nəqliyyat yolundan məhrum olmayacaq.

Belə ki, Yerevan-Tbilisi magistral yolunun Kirants kəndi sektorundan keçən hissəsinə bir neçə yüz metrlik düzəliş ediləcək.

Paşinyanın ofisi bunu da xatırladır ki, bu, Kirants kəndinin yeganə yolu deyil. Məlumata görə Kirants-Açarkut-İcevan yolu təmir olunacaq və bəlkə də yenidən tikiləcək.

Baş nazirin ofisindən verilən məlumatda habelə bölgədəki kəndlərin təhlükəsizliyinə dair suala cavab verilir:

"Birincisi, gəlin nəzərə alaq ki, Azərbaycan bu kəndlərə yaxındır və onlar atəş məsafəsindədir. Bəli, bu prosesin nəticəsi olaraq Azərbaycanın sərhəd xidməti Kirants və Voskepar kəndlərinə yaxınlaşacaq. Amma nəzərə alınmalıdır ki, bizim kəndlərimizi Azərbaycanla demarkasiya edilmiş dövlət sərhədi ayıracaq. Bu əsas faktordur və unutmayın ki, Ermənistanın sərhəd xidməti də sərhədin bu tərəfində yerləşdiriləcək”.

Dörd yox, iki kənd yarım

Baş nazirin ofisi bunu da bildirir ki, Ermənistan sərhədin demarkasiyası nəticəsində təhlükəsizlik risklərini xeyli azaltmış olur:

"Dəqiqlik naminə deyilməlidir ki, Azərbaycana əslində iki kənd yarım verilir, çünki Qızılhacılı kəndinin bütün ərazisi, Aşağı Əskipara kəndi ərazisinin əhəmiyyətli bir hissəsi indiyədək Azərbaycanın nəzarətində idi”.

Baş nazirin ofisinin bəyanatında Azərbaycanla sərhədin ilk demarkasiyası “mühüm əhəmiyyətli hadisə” kimi qiymətləndirilir:

“Ermənistan Respublikası bu prosesdə sərhədin delimitasiyası və təhlükəsizliyi ilə bağlı risklərini azaltmış olur. Bugünkü hadisə ilə...biz Azərbaycanla ilk demarkasiya olunmuş sərhədimizi əldə edirik və bunu mühüm əhəmiyyətli hadisə adlandırmaq olar”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi başqa kəndlərinin işğal edildiyini açıqlayıb.

2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG