Çində son bir il yarımda koronavirusa yoluxmalarda kəskin artım baş verib. Bir şəhər təcrid olunub, yerli başçılar cəzalandırılıb.
Ötən il pandemiyanın nəzarətə alındığı Çində əhali virusdan nəfəs almışdı, eyni zamanda sərt sərhəd nəzarəti, sosial məsafə və karantin tədbirləri görülürdü.
Bu gün – avqustun 4-də isə şərqi Nanjinq şəhərinin azı 17 vilayətində yoluxmalar aşkarlanıb. Çin 71 yeni yoluxmanın qeydə alındığını bildirir, onların yarıdan çoxu isə Jianqsu sahil vilayətindədir. Nanjinq bu vilayətin paytaxtıdır.
2019-cu ilin dekabrında ilk yoluxmaların aşkarlandığı Vuhan şəhərində isə kütləvi testlər yeni halların Jianqsudakı yoluxmalara çox bənzədiyini üzə çıxarıb. Bu yoluxmalara isə yüksək yoluxucu delta ştammının səbəb olduğu bildirilir.
Daha bir ocaq
Janqjiajie şəhərində də başqa bir ocaq aşkarlanıb. Bu şəhər “Avatar” filmlərini bəzəyən mənzərələri – qum təpələri, mağaraları, meşələri, şəlalələri ilə məşhurdur.
Bazar günü şəhərdə əhalinin evlərindən çıxması yasaqlanıb. Şəhəri nə turist, nə də sakin tərk edə bilər.
Şəhər hökumətinin Kommunist Partiyası intizam komitəsi pandemiyanın önlənməsinə “mənfi təsir” göstərən yerli rəsmilərin siyahısını dərc edib, onların cəzalanacağını bildirib.
Avqustun 3-dək Çində 1.71 milyard doza vaksin vurulub. Bunların ilkin, yaxud hər iki doza olduğu bəlli deyil. Amma 1.4 milyardlıq əhalinin azı 40 faizinin artıq tam peyvəndləndiyi bildirilir.
Çin şirkətləri vaksinlərinin delta ştammına necə təsir göstərdiyini açıqlamayıblar. Ancaq rəsmilər vaksinlərin xəstəliyin ağırlaşması və hospitalizasiyanı önlədiyini deyirlər.
Ölkədə COVID-19-a 93 mindən çox yoluxma, 4 min 600-dən çox ölüm qeydə alınıb.
Yaponiya
Yaponiya da avqustun 4-də koronavirusa yoluxmaların görünməmiş sürətlə artdığını açıqlayıb. Hazırda Tokioda olimpiya oyunları keçirilir. Pandemiya xəbərləri isə hökumətin virusla mübarizəsinə şübhələr oyadır.
Səhiyyə naziri Norihisa Tamuranın deməsinə görə, delta ştammı yoluxmalarda “əvvəl görünməyən” artıma səbəb olur. Daha yüngül simptomları olan xəstələrdən xəstəxanaya getmək deyil, evdə qalmaq istənilir və nazir bu yeni qaydanı müdafiə edib.
“Pandemiya yeni fazaya daxil olur... Yetərincə çarpayımız olmayınca adamları xəstəxanaya gətirə bilmərik. Bu cəbhədə qabaqlayıcı tədbir görürük”, – Tamura parlamentdə deyib.
Bu gün Tokioda 4 mindən çox yoluxma qeydə alınıb.
Rəy sorğuları yaponların çoxunun Olimpiya oyunlarına qarşı çıxdığını göstərirdi. Amma rəsmilər yoluxmalarda artımla oyunlar arasında əlaqə olmadığını deyirlər.