Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Haqqımızda

HAQQIMIZDA

Azad Avropa/Azadlıq Radioları ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə ABŞ Konqresi tərəfindən qrant hesabına maliyyələşir. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün AzadlıqRadiosunun verilişlərini dinləyir.

AzadlıqRadiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyadan, Münhen şəhərindən efirə çıxıb.
1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə AzadlıqRadiosu Münhendən Praqaya köçüb.

AzadlıqRadiosunun peşə etikası qaydaları və jurnalistika standartları ilə BU KEÇİDDƏ ətraflı tanış olun.

AzadlıqRadiosu Çex Respublikasının paytaxtı Praqadakı yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. AzadlıqRadiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. 2004-cü ildən AzadlıqRadiosunun Bakıda da bürosu rəsmi fəaliyyət göstərir.

AzadlıqRadiosu korporasiyası aşağıdakı dillərdə verilişlər yayımlayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna.

Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını başa vurub, yayımlarını dayandırıblar.

AzadlıqRadiosunun missiyası

AzadlıqRadiosunun missiyası azad medianın qadağan edildiyi, onun hələ formalaşmadığı ölkələrdə xəbərlər yaymaqla demokratik dəyərləri və institutları dəstəkləmək, insan haqlarını qorumaqdır. AzadlıqRadiosunun əməkdaşları əhalinin yerli mediadan ala bilmədiklərini, senzurasız xəbərləri və açıq debatları təqdim edirlər. AzadlıqRadiosu hər hansı mümkün təsir və maneələrə baxmayaraq, obyektiv jurnalistikanın ən yüksək standartlarını tətbiq etməyə çalışır, faktları olduğu kimi çatdırır.

Mərkəzi Avropadan tutmuş Sakit okeana, Baltik dənizindən Qara dənizə, Rusiyadan Mərkəzi Asiya və Fars körfəzinə qədər xalqlar despot – istibdad rejimlərdən qurtulmaq üçün mübarizə aparırlar. Onlar insan haqlarının pozulmasına və mərkəzləşdirilmiş iqtisadiyyata qarşı çıxır, etnik və dini zəmində qarşıdurmaları və regional münaqişələri həll etməyə, kütləvi informasiya vasitələrinin müstəqilliyinə nail olmağa çalışırlar. Bu regionda demokratik dəyərlər və azad bazar iqtisadiyyatına əsaslanan sabitlik bütün dünyada sülh əldə etməyin vacib şərtlərindəndir.

AzadlıqRadiosu bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı məlumatlandırılmış cəmiyyətdir. Adıçəkilən regionda alternativ radioyayımlar sahəsində təqribən 50 illik təcrübəsi olan AzadlıqRadiosu –

- Obyektiv informasiyanı təmin edir. Həmçinin, demokratiyaya çatmaq və bazar iqtisadiyyatına keçmək yolunda daxili və regional problemlərin təhlili və müzakirəsinə şərait yaradır.

- Demokratik dəyərləri dəstəkləməklə region ölkələrində vətəndaş cəmiyyətini möhkəmləndirir

- Etnik və dini dözümsüzlüyün təzahürləri ilə mübarizə aparır və xalqlar arasında qarşılıqlı anlaşmaya yardım edir

- Yerli kütləvi informasiya vasitələri üçün nümunədir, onların müstəqilliyinə və işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına yardım edir: Həmçinin, yerli informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirir.

- Region ölkələri ilə dünyanın inkişaf etmiş demokratiyaları arasında daha sıx əlaqələrə yardım edir.

AzadlıqRadiosunun peşəkar etika kodeksi

AzadlıqRadiosunun bütün müxbirləri, ştatdankənar əməkdaşları və təhlilçiləri bu prinsiplərə riayət etməlidirlər:

Dəqiqlik

- AzadlıqRadiosunun müxbirləri və təhlilçiləri mümkün olan hər şeyi etməlidirlər ki, radionun yayım və çap materiallarında məlumatların dəqiqliyi təmin olunsun. Məlumatların dəqiqliyinə şübhə varsa, bu məlumat azı iki müstəqil mənbə ilə dəqiqləşdirilməlidir.

- Kifayət qədər təsdiqlənməmiş və ya şayiələrə əsaslanan məlumatlardan istifadə olunmur.

- Səhv verilmiş istənilən məlumat mümkün olan ən qısa müddətdə düzəldilməlidir.

Tərəfsizlik

- İnformasiya konkret faktlarla verilməli, heç bir təhrif və ya qərəz olmadan auditoriyanın hadisələri və problemləri qavramasına yardım edilməlidir.

- Jurnalistlər və təhlilçilər müzakirə olunan bütün məsələlər üzrə müxtəlif, o cümlədən bir-birinə əks olan fikirləri dəqiq və balanslı şəkildə təqdim etməlidirlər. Balansı təmin edərkən fikirləri mühüm olan insanlar və ya qruplar şərh verməzlərsə, bu barədə efirdə məlumat verilməlidir.

- AzadlıqRadiosu hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq, bütün siyasi partiyalardan azaddır. AzadlıqRadiosu heç bir mühacir cəmiyyətindən, kommersiya şirkəti və ya xüsusi maraqları təmsil edən başqa birliklərdən və dini təşkilatlardan asılı deyil. Radiostansiya hər hansı bir xüsusi siyasi, iqtisadi və ya dini mövqeləri dəstəkləmir və təbliğ etmir.

Verilişlərin aparılması tonu

- Yayım və çap materialları sakit, mülayim tonda, mədəni, ölçülüb-biçilmiş nitqin nümunəsi olmalı, insan haqlarına hörməti nümayiş etdirməlidir. Proqramlarda hansısa bir qrup və ya fərdə qarşı dini, etnik, sosial-iqtisadi zəmində etinasızlıq, təhqiredici fikirlər olmamalı, hamı tərəfindən qəbul edilmiş etiket normaları qorunmalıdır.

- Yayım və çap materiallarında zorakılığın, düşmənçiliyin qızışdırılması kimi qavrana biləcək materiallar olmamalıdır. Münaqişələr və ya gərgin vəziyyətlər haqqında istənilən məlumat balanslı olmalı və faktlara əsaslanmalıdır.

Təbliğat aparmama

- AzadlıqRadiosu demokratik cəmiyyətlərə xas demokratik prinsipləri və insan haqlarına riayət olunmasını dəstəkləyir. Amma konkret siyasi və ya qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya aparmır.

- AzadlıqRadiosu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktında təsbit olunan bütün xalqların öz müqəddəratını təyinetmə haqqını dəstəkləyir. Bununla belə, radiostansiya yayım və çap materiallarında separatizm təmayüllərini şirnikləndirməməli, təbliğ etməməlidir.

- AzadlıqRadiosu beynəlxalq normalara uyğun olaraq bütün insanların sərbəst hərəkət və miqrasiya azadlığını dəstəkləyir. Buna baxmayaraq, radionun yayım və çap materiallarında ölkədən qaçma, miqrasiya təşviq olunmamalıdır.

Davranış etikası

- AzadlıqRadiosunun ştatlı və ştatdankənar əməkdaşları öz davranışlarında etik normalara riayət etməli, başqa şəxslər və təşkilatlarla münasibətdə maraqların toqquşmasından, ya da belə maraq toqquşması yarada biləcək vəziyyətlərdən qaçmalıdırlar. Əməkdaşlar heç bir halda – nə şəxsi varlanma naminə, nə başqa xeyir güdərək – özlərini və AzadlıqRadiosunu bu və ya başqa şəkildə ictimai hörmətdən sala biləcək hərəkətə yol verməməlidirlər.

Mətnlərin yazılışı

- AzadliqRadiosunun saytındakı mətnlər imkan daxilində müəlliflərin orijinal yazı üslubunun saxlanılması ilə dərc olunur. Redaksiyanın latın, yunan və ya Şərq dilləri mənşəli sözlərin leksikadakı üstünlüyündən doğan hər hansı məhdudiyyəti yoxdur. Coğrafi terminlər Azərbaycan, əcnəbi şəxslərin adları isə İngilis dillərində yazılır. Sonuncu qaydanın yeganə səbəbi dünyadakı bütün dillərin əhatə imkansızlığında, xarici ölkələr haqda informasiya axınıımzın əsasən ingilisdilli mənbələrdən qaynaqlanmasındadır.

XS
SM
MD
LG