Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:38

Üç gün əvvəl Osakücədə nə baş verib?


Osakücə kəndi
Osakücə kəndi

Lənkəran rayonunun Osakücə kəndindəyik. Son günlər sosial şəbəkələrdə adı tez-tez çəkilən bu kəndin sakini Əflatun Fərəcovun yas məclisinə baş çəkirik. Gəlişimizdə məqsəd onun ölümü ətrafında son günlər yaşanan narazılıqları aydınlaşdırmaqdır.

Kənd sakinləri bu məsələ ətrafında baş verənləri qınadıqlarını bildirirlər…

Nə baş verib

Ə.Fərəcov ötən ilin oktyabrında Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olarkən döyüşlər başlayıb. Yaxınlarının deməsinə görə, o, müharibədə iştirak edib. Bu il noyabrın 20-də cənazəsi gəlib. Kənd sakinlərinin sözlərinə görə, Ə.Fərəcovun yaxınlarına bildiriblər ki, o, avtomobil qəzasında ölüb, ona şəhidlik statusu düşmür. Vurğulandığına görə, bu da kənd sakinlərin narazılığına səbəb olub.

Əflatun Fərəcov
Əflatun Fərəcov

"Orada mənə dedilər ki, qardaşın qəzaya düşüb,…"

Qardaşı Ramin Fərəcov baş verənlər barəsində bunları deyir: "Ötən həftənin beşinci günü, noyabrın 20-də məni kənd icra nümayəndəliyinə çağırdılar. Orada mənə dedilər ki, qardaşın qəzaya düşüb, get Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə. Orada da mənə dedilər ki, qardaşın həlak olub, Yevlax xəstəxanasından onu götürmüşük. Dedilər, avtoqəzaya düşüb, təəssüf edirik ki, ona şəhidlik statusu düşmür. Şəhidi gətirdik həyətə. İcra hakimiyyətinin nümayəndələri gəldilər, polis də var idi...".

"Kənd bizə qoşuldu. Yürüş etdilər"

Onun sözlərinə görə, meyiti göstərmək istəməyiblər. Bu da, vurğulamasına görə, onda şübhə doğurub: "Apardıq evə, meyiti açdıq, başı yarılmışdı, hamısı tikiş idi. Güllə sağ böyüründən dəyib sol böyüründən çıxmışdı. Heç yeri sınmamışdı. Mən onlara dedim ki, bunda güllə yarası var, nə üçün şəhidlik düşmür? İcra nümayəndəsi gəldi. İstədilər tez dəfn eləsinlər. Mən qoymadım, dedim, icra hakimiyyəti başçısı gəlsin. Dedilər, başçının işi var, gələ bilməz. Qərara gəldik ki, şəhidi Bakıya aparaq. Kənd bizə qoşuldu. Yürüş etdilər. Polislər yolumuzu kəsdilər. Maşının güzgüsünü sındırdılar, şəhid olduğu maşını əzdilər...".

Ramin Fərəcov
Ramin Fərəcov

"Başçı dedi ki,..."

R.Fərəcovun deməsinə görə, əhaliyə qarşı dəyənəklərdən istifadə edilib: "Osakücədən Lənkəran şəhərinə 15 kilometr yoldur. İcra hakimiyyəti başçısı Veravul kəndinin ərazisində durmuşdu. Başçı dedi ki, Bakıya bu məsələdən ötrü getmişdim, indi oradan gəlirəm. Şəhidlik statusu verdilər. Ondan sonra yürüşü dayandırdıq".

R.Fərəcov göz yaşlarını saxlaya bilmir. Dərindən nəfəs alır. Sonra sözünə davam edir: "İcra hakimiyyəti başçısının, polisin etdiyi hərəkətləri özümə bağışlamıram. İnanıram ki, prezidentimiz bu haqsız hərəkətlərə qiymət verəcək. Şəhidin olduğu maşını təpikləyirdilər. Mənim iki uşağım var. Evimdə əsgər böyüdürəm. Burda təxribat olmayıb. Sizə nə danışdım həqiqətdir. Səhər saat 8-də şəhid həyətə gətirilib. 10-12 saat həyətdə olub. İcra hakimiyyəti başçısı gəlməyib. Vaxtında gəlsəydi, aydınlıq gətirsəydi, belə narazılıq olmazdı".

Əflatun Fərəcovun yas məclisi
Əflatun Fərəcovun yas məclisi

"Fikirləşiblər ki, atasız, anasızdır, nə istəsələr edə bilərlər...."

O, daha sonra deyib ki, burda qazanc məqsədi güdmürlər: "Çörək istəmirik, iş istəmirik, siyasi məqsəd yoxdur. Dövlətimizə bağlı olan adamlarıq. Prezidentimizi sevirik. Söhbət haqsızlıqdan gedir. Məmur özbaşınalığıdır. Fikirləşiblər ki, atasız, anasızdır, nə istəsələr edə bilərlər.... Qardaşım 44 gün müharibədə olub... Üç gün ac-susuz qalıblar".

Mərhumun bacısı Təranə Rzayeva da baş verənlərdən heyrətləndiyini deyir: ​"Biz beş bacı, dörd qardaşıq. Əflatun ən kiçiyidir. Atasını tez itirib, anası da rəhmətə gedib. Onu biz saxlayırdıq. Hər gün onunla əlaqə saxlayırdım... Sonuncu dəfə onunla noyabrın 12-də danışdıq. Ondan sonra əlaqə kəsilib. Ona zəng etdiyimiz nömrə ayın 20-də cavab verdi ki, beş gündür Əflatundan uzaqdayam, özüm xəstəxanadayam. Həmin günü məlum oldu ki, qardaşımın cənazəsi gəlib. Cənazəni qarşılayanda kənd sakinlərinə deyiblər ki, nə üçün əllərinizdə bayraq tutmusunuz, bu, şəhid deyil".

T.Rzayevanın deməsinə görə, üç kənd buna etiraz edib: "Bu gəzməyə getməyib, kefə getməyib. Vətəninə xidmət etməyə gedib. Bu necə maşın qəzasıdır ki, güllə yarası alıb. Deyirlər ki, ayın 18-də maşın qəzasına düşüb, amma ayın 12-dən onu axtarmışıq, tapa bilməmişik. Üç kəndin sakinləri buna etiraz etdilər. Kənd öz oğlunun arxasında durdu".

"Əflatun Fərəcov şəhid olub və şəhid kimi də dəfn olunub"
"Əflatun Fərəcov şəhid olub və şəhid kimi də dəfn olunub"

Rəsmilər nə deyir

Osakücə bələdiyyə sədri Həkət Cavadova deyir ki, Ə.Fərəcova şəhidlik statusu verilib və o ada layiqli şəkildə dəfn olunub: "Şəhidlər bizim üçün eynidir. Şəhidlərimizə qurban! O şəhidlər sənin, mənim rahat yaşamağımız uğrunda şəhid olublar. İşin dərinliyinə getmək lazımdır. O, şəhid olub və şəhid kimi də dəfn olunub. Anlaşmazlıq, nə olub, deyə bilmərəm? Ancaq rayon səviyyəsində, icra hakimiyyəti başda olmaqla dəfn olunub. Heç kim bir-birinə hörmətsizlik etməyib və etməsin. Heç nə olmayıb...".

Bu məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti də açıqlama verib. "Qafqazinfo" saytında yer alan açıqlamada bunlar qeyd edilib:

"Bəzi sosial şəbəkə istifadəçilərin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, şəhidlik statusunun verilməsi, ümumiyyətlə, şəhər icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər icra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır".

Qurumdan daha sonra da bunlar bildirilib: "İşğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş bütün lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Əflatun Fərəcovun dəfn mərasimi şəhər icra hakimiyyətinin rəhbərliyi, şəxsən icra başçısı başda olmaqla hüququ-mühafizə orqanlarının iştirakı ilə... keçib".

Deyilənlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi və tibbi komissiyadan isə, hələlik, münasibət almaq cəhdləri nəticə verməyib.

İtkin əsgər yaxınları haralara müraciət edə bilər?
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Xatırlatma

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, ümumilikdə Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 20-də razılaşmaya əsasən, Azərbaycan ordusu Ağdam rayon mərkəzinə daxil olub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG