Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:02

Şadlıq sarayında müxalifətçi toyuna kim qadağa qoyub?


Ş.Hacıbəyli
Ş.Hacıbəyli

Müxalifətçi toyunun şadlıq evində keçirilməsinə icra başçısının qadağa qoyması haqda günlərdir müzakirə gedir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızı Altunay Hacıbəyli və cəbhəçi gənc Ruslan Nəsirlinin məhz bu qadağa ucbatından şadlıq evində deyil, dədə-baba qaydasına uyğun olaraq, həyətdə çadır quraraq toy çaldırdıqları deyilir.

Partiya sədri Əli Kərimli sosial mediada yazır: «Saatlı icra hakimiyyəti başçısı Siraqəddin Cabbarov bu gənclərin toyunun rayondakı şadlıq evində keçirilməsini qadağan etməklə bir andaca ölkənin gündəminə, mənfi qəhrəmanına çevrildi. Ancaq hadisə ilk baxışda göründüyündən daha dərindir. Bir icra başçısının antiinsani özfəaliyyəti yox, dövlət siyasətidir».

Ş.Hacıbəyli: «Konkret deyə bilmərəm, icra başçısı edib, ya başqası»

Şamil Hacıbəyli AzadlıqRadiosuna açıqlamasında bəzi səbəblərdən bu məsələni ictimailəşdirməyin əleyhinə olduğunu söyləyir. Onun sözlərinə görə, sosial mediadakı qınaqlardan sonra icra başçısı AXCP üzvünə bu işdən xəbərsiz olması ilə bağlı ismarış göndərib.

«Mən konkret deyə bilmərəm o edib, ya başqası. Amma bu, siyasi qərar idi. Bu siyasi qərarı icra başçısı qəbul edib, polis rəisi, rayon prokuroru, DTX-nın yerli şöbəsi edib, mən deyə bilmərəm. Dünən – aprelin 21-də «Xəyal» şadlıq sarayının direktoru ilə də görüşdüm, o da and-aman etdi ki, icra başçısı mənə bununla bağlı göstəriş verməyib. Soruşdum, bəs kim tapşırıq verib. Cavab verdi ki, başqa adamdır, ancaq ad çəkmədi», – Ş.Hacıbəyli qeyd edir.

İcra hakimiyyətindən: «Olmayıb, ola da bilməz»

Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevsə AzadlıqRadiosuna açıqlamasında «Belə hal olmayıb, ola da bilməz» deməklə başlayır.

«İcra başçısının xəbəri yoxdur, o toyu harada edib, necə edib. Şamil bəyin özündən xəbər alın, şadlıq sarayının müdiri ilə də danışa bilərsiniz, belə hal olmayıb. Yalan informasiyadır», – icra başçısının birinci müavini bildirir.

Adıçəkilən şadlıq sarayının rəhbəri ilə danışmaq mümkün olmur.

Ə.Amaşov
Ə.Amaşov

Deputat: «Hadisəni eşidəndə şoka düşdük...»

62 saylı Saatlı seçki dairəsindən deputat seçilmiş Əflatun Amaşov sosial mediada bu haqda yazılanları oxuduqdan sonra rayon rəhbərliyi və Ş.Hacıbəyli ilə əlaqə saxladığını söyləyir. O, icra hakimiyyətinin deyilənləri təkzib etdiyini bildirir: «O toya mən də dəvət olunmuşdum, Bakıda olmadığımdan gedə bilmədim. Şamillə çoxdanın tanışıyıq, Moskvada eyni vaxtda oxumuşuq. Hadisəni eşidəndə şoka düşdük ki, nə məsələdir. İcra başçısı ilə əlaqə saxladım, dedi ki, belə şey olmayıb, qarşı tərəf də eyni sözü dedi, təkzib etdilər».

Deputat belə bir hadisənin baş verəcəyinə inanmır və belə bir müdaxilə olarsa, bunu yolverilməz sayır.

Müxalifətçi xanım: «Biz bunu bir dəfə yaşamışıq»

AXCP sədrinin həbsdəki müavini, siyasi məhbus sayılan Seymur Həzi ilə bir neçə il öncə həbsxanada rəsmi nikaha girən müsavatçı fəal Nigar Həzinin sözlərinə görə, hakimiyyət ilk dəfə deyil gənc fəalların evlənməsinə müdaxilə edir.

«Biz o vaxt nikah gününü avqustun 1-nə təyin etmişdik, rəsmi şəkildə gün də alınmışdı. Sadəcə, hakimiyyət mane oldu, həmin gün nikah olmadı, sonra baş tutdu. Yəni biz bunu bir dəfə yaşamışıq. Ondan qabaq Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin oğlunun toyunun keçirilməsi ilə bağlı restoran sahibləri ilə ilkin razılaşma əldə olunsa da, sonradan geri çəkilmişdilər. Saatlıda isə hər iki gəncin valideynləri müxalifətçidir və rayonlarda şəhərə nisbətən təzyiq daha güclüdür», – N.Həzi danışır.

O, bir neçə aya azadlığa çıxmalı olan Seymur Həzi ilə toy etmək haqda düşündüklərini deyir, amma Saatlıda müxalifətçi ailəsinin qarşısına çıxan əngəllərlə üzləşəcəklərini istisna etmir. Siyasi fəal bu cür müdaxilələri absurd və gülünc sayır, hakimiyyətin evlənmək kimi məsələlərə müdaxiləsinə isə artıq təəccüblənmədiyini bildirir.

Nigar Yaqublu və Seymur Həzi evləndi
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

XS
SM
MD
LG