Gorusdan Qubadlı ərazisinin vurulduğu deyilir
Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisinin artilleriya atəşinə tutulduğu bildirilir.
Bu barədə oktyabrın 24-i, səhər saat 11:24-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) açıqlama verib. AMN qeyd edib ki, döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən qarşı tərəf Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
“Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir”, məlumatda vurğulanıb.
Qubadlı rayonu 1993-cü ildə işğal edilib.Dünən, oktyabrın 23-də Azərbaycan prezidenti bu rayonun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərininin işğaldan azad edildiyini açıqlamışdı.
“Naftalan-Tərtər atəşə tutulur”
“Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.”
Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 24-i, saat 11:11-də açıqlayıb.
Goranboy-Naftalan ərazilərinin də atəşə tutulduğu deyilir
Azərbaycan oktyabrın 24-i səhər saatlarında Ermənistanın nəzarətində olan silahlı qüvvələrin Goranboy-Naftalan istiqamətindəki əraziləri də atəşə tutduğunu açıqlayıb.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Tərtər və Bərdə rayonlarının atəşə tutulduğu bildirilir
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrini atəşə tutduğu bildirilir.
Bu məlumatı da oktyabrın 24-i, səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi (AMN) yayıb.