Xankəndində sakitçilikdir
"France Presse" agentliyinin müxbirləri Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndində son günlər sakitçilik olduğunu xəbər verirlər.
Jurnalistlərin bu gün (26 oktyabr) səhər bildirməsinə görə, gecə sakit keçib. Atəşkəs qüvvəyə minməzdən 10 dəqiqə öncə partlayış səsi eşidilib, yaxınlıqdakı təpədən tüstü qalxıb.
Bazar ertəsi səhər cəbhə xəttindən gələn döyüş səslərinin azaldığı, ancaq uzaqdan atəş səsləri eşidildiyi bildirilir.
XİN: "Məsuliyyət Ermənistanın üzərindədir"
Oktyabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti cəbhədə atəşkəslə bağlı məlumat açıqlayıb.
Məlumatda yazılıb ki, oktyabrın 26-sı, saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub: "Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb. Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur".
Açıqlamanın sonunda da yazılıb ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir: "Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir".
Yerevan Bakını günahlandırır
Ermənistan tərəfi də Azərbaycanı yeni atəşkəs rejimini pozmaqda ittiham edir. Ermənistan Müdafiə Nazirliyi atəşkəsin Azərbaycan qüvvələri tərəfindən iki dəfə pozulduğunu iddia edir. Bu haqda nazirliyin sözçüsü Şuşan Stepanyan açıqlama yayıb.
Baş nazir Nikol Paşinyan Facebook-da yazıb ki, Ermənistan tərəfi atəşkəs rejiminə ciddi şəkildə əməl etməkdədir.
Ağdam rayonu atəşə tutulur
"Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 26-sı, saat 10 radələrində yayıb.