Goranboy rayonunun atəşə tutulduğu bildirilir
"Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy rayonunun ərazisini artilleriya atəşinə tutub".
Bu məlumatı AMN oktyabrın 29-u saat 9:40 radələrində açıqlayıb.
Cəbhədə oktyabrın 29-na olan son vəziyyət
Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusu bölmələrinin yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriyadan da istifadə etməklə atəşə tutduğu bildirilir.
Bu barədə bu gün, oktyabrın 29-u, saat 7:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda yazılıb ki, döyüş əməliyyatları, əsasən, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib.
Qarşı tərəfin hücum etmək cəhdlərinin qarşısının alındığı qeyd edilir.
"Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - açıqlamada yazılıb.
Prokurorluq Bərdədə həlak olanlarla bağlı yeni məlumat yayıb
Azərbaycanın Baş Prokurorluğu bugün, oktyabrın 28-də Bərdə rayonuna atılan raket mərmiləri nəticəsində halak olan insanların adlarını açıqlayıb.
Məlumatda bildirilir ki, saat 13 radələrində Ermənistan silahlı birləşmələri şəhərin dinc sakinlərinin sıx hərəkətdə olduğu əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 raket zərbəsi endirib.
Qurum qeyd edir ki, nəticədə 20 nəfər həlak olub. Oktyabrın 28-də Bardə şəhərində həlak olan daha bir şəxsin isə, bir gün əvvəl Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralandığı bildirilir.
Baş Prokurorluq əlavə edir ki, oktyabrın 28-də raket mərmilərindən 70 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
“Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.”
Azərbaycanın rəsmi qurumları bildirirlər ki, Bərdə rayonunun oktyabrın 27-də atəşə tutulması nəticəsində həmin gün 4 mülki şəxs həlak olub, ondançoxu da yaralanıb.
Ceyhun Bayramov həmsədrlərlə danışıb
Bu gün, oktyabrın 28-də Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Visconti ilə telefon danışıqları olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi bir daha kobud şəkildə pozması barədə məlumat verib:
“O, 27-28 oktyabr 2020-ci il tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib.”
Açıqlamaya görə, Ceyhun Bayramov həmsədrləri Azərbaycanın mülki vətəndaşlarına qarşı qeyri-insani hərəkətləri pisləməyə çağırıb:
“ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğuladılar”.