"Qızıl Aypara"nın könüllüsü həlak olub
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdədə partlayış zamanı həlak olan Məhərrəm Mustafayevin bu qurumun könüllüsü olduğunu bildirir. Cəmiyyətin digər könüllüsü Fatma Bəbisova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter-də bu haqda yazıb: "Ata və yerli komanda üzvü, Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin könüllüsü Ermənistanın şəhəri kaset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb".
90 mülki şəxs həlak olub, 392 nəfər...
Azərbaycan Baş Prokurorluğu bu gün, oktyabrın29-da cəbhədə mülkü əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb: "Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2406 yaşayış evi yararsız vəziyyətə düşüb".
Bakı görüş vaxtının dəyişdirilməsini təklif edib
Azərbaycan bu ölkənin xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 29-na ATƏT-in Minsk qrupu həmsədrləri ilə nəzərdə tutulan görüşünün oktyabrın 30-na keçirilməsini təklif edib.
"Turan" agentliyinin xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
"Biz indi həmsədrlər tərəfindən bunun təsdiqini gözləyirik", - deyə L.Abdullayeva qeyd edib.
Bu formatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünə gəlincə isə, mətbuat xidmətinin rəhbəri deyib ki, belə görüş heç əvvəldən nəzərdə tutulmurdu. "Cenevrədə ancaq ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulurdu", - L.Abdullayeva söyləyib.
Bərdə və Goranboy rayonları atəşə tutulub
"Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 29-u, saat 12:25 radələrində yayıb.