91 nəfər həlak olub
Azərbaycan Baş Prokurorluğu mülki insanların itkiləri ilə bağlı oktyabrın 30-da növbəti açıqlama yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb: "Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 min 442 yaşayış evi yararsız vəziyyətə düşüb".
Baş Prokurorluğun məlumatında habelə qeyd edilib ki, sentyabrın 27-dən indiyə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub.
Həmçinin bildirilib ki, nəticədə 4 uşaq hər iki valideyni itirib.
Açıqlamaya görə, həlak olanlardan 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişidir. Həlak olanlardan 15-nin ahıl şəxs olduğu vurğulanıb.
MN: Qubadlı Ermənistandan atəşə tutulur
"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) oktyabrın 30-u saat 12 radələrində bildirilib.
Ceyhun Bayramov Cenevrəyə gedib
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Onun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyi, Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki mövcud durumu müzakirə edəcəyi gözlənir.
Əslində, bu görüş oktyabrın 29-na nəzərdə tutulmuşdu. Amma Azərbaycanın istəyi ilə ertələnmişdi.