Cenevrədə danışıqlar başlanıb
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin beynəlxalq vasitəçilərlə Cenevrə danışıqları artıq başlanıb.
Oktyabrın 30-da Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Ondan sonra Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq diplomatlarla görüşməlidir.
"Ermənistan Azərbaycan hərbçilərinin meyitlərini vermir"
"30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir".
Bunu bu gün, oktyabrın 30-da brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və Azərbaycanda olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunub: "...Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur".
Amma Ermənistan və tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın təmsilçiləri onların tərəfindən xarici vətəndaşların döyüşməsi ilə bağlı deyilənləri yalanlayırlar.
Üstəlik, Ermənistan Müdafiə Nazirliyindən oktyabrın 29-da belə bir açıqlama olmuşdu ki, Azərbaycan Dağlıq Qarabağ müharibəsində öldürülmüş 30 əsgərin meyitini onlara təhvil verib və Yerevan da buna oxşar cavab verməyə hazırdır.
84-yaşlı Mişa Melkumyan vəfat edib
Ermənistanın 84-yaşlı şəxsin nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etdiyi bildirilir.
Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 30-da məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Hadrut qəsəbəsində köməksiz buraxılıb gedilməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşan 84-yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi aşkarlayıb: "Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın (Beynəlxalq Qırmızı Xaç Komitəsi) vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir".
Açıqlamaya görə, ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan xəstəxanaya yerləşdirilib: "...M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinmiş və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunmuşdur".
Məlumata görə, onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılıq əldə olunub: "Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərmiş və M.Melkumyanın nəşini qəbul edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina etmişdir".
Bu məsələyə oktyabrın 29-da BQXK də öz açıqlamasında toxunmuşdu. Həmin açıqlamada isə M.Melkumyanın sağlamlıq durumunun hələ ki, səfər etməsinə imkan vermədiyi qeyd olunurdu.