Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:33

Əfqan Sadıqovun cəzası azaldılıb


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun cəzası 6 ildən 4 ilə endirilib. İyulun 2-də Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Qərardan öncə çıxış edən vəkil Zibeydə Sadıqova deyib ki, müvəkkili ayrıseçkiliyə məruz qalıb. Onunla birlikdə saxlanmış Sakit Muradov eyni əməldə suçlansa da, həbs olunmayıb, bu gün də azadlıqdadır, şərti cəza verilib. Sadıqov isə səhhətində çox ciddi problemlər olmasına baxmayaraq, həbsdə saxlanılır. Vəkil vurğulayıb ki, Sadıqov bu gün suçlandığı əmələ təhrik olunub. Cinayət işinin materiallarındakı sübutlar da bunu açıq-aşkar göstərir.

Prokuror Ziya Hacıyev Sadıqova münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilib onun cəzasının 6 ildən 4 ilə endirilməsini istəyib.

Qısa müşavirədən sonra Ali Məhkəmənin hakimləri də prokurorun təklifinə uyğun qərarı elan ediblər.

Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Xatırlatma

Azel TV saytının rəhbəri Əfqan Sadıqov 2019-cu ilin mayında həbs olunub. Ona qarşı CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Sakit Muradovla birlikdə Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərini rəhbərlik etdiyi saytda onlar haqqında rüsvayedici materiallar yaymaqla hədələyib onlardan 10 min manat almaqda suçlanır.

2020-ci il noyabrın 3-də Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Həyat yoldaşı Sevinc Sadıqovanın bildirdiyinə görə, noyabrın 4-dən o, hökmə etiraz əlaməti olaraq aclıq edir.

Sumqayıt Apellyasiya Məhkəməsi Sadıqovun cəzasını 6 ilə endirmişdi.

Sadıqov bundan öncə 2016-cı il noyabrın 22-də həbs olunaraq CM-in 127-ci (sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi. Sonradan onun cəzası 1 il azaldıldı. O, həmçinin bir neçə dəfə inzibati qaydada həbs edilib.

Sadıqov bütün hallarda ittihamları qəbul etməyib, həbsinin jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

XS
SM
MD
LG