Vəkil Elçin Sadıqov bu gün, iyulun 30-da 10 saylı cəzaçəkmə müəssisəsində saxlanan hüquşünas Əlabbas Rüstəmovla görüşüb.
Bu barədə Elçin Sadıqov özü bildirib.
Vəkilin sözlərinə görə, Əlabbas Rüstəmov vurğulayıb ki, iyulun 25-dən başladığı aclıq aksiyasını davam etdirir:
“Əlabbas Rüstəmov azadlığa buraxılmasını tələb edir. Hesab edir ki, həbsi və cəza alması qanunsuzdur, azadlığa buraxılmalıdır. Mən də xahiş etdim ki, aclıq aksiyasını dayandırsın. Amma Əlabbas Rüstəmov aksiyanı davam etdirəcəyini söylədi”.
Vəkilin bu açıqlamasını, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
Amma «Turan» Agentliyi dünən, iyulun 29-da hüquqşünasın aclıq aksiyasına başlamasına aid dedikləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla danışmışdı.
Agentliyin məlumatına görə, Mehman Sadıqov yalnız onu bildirib ki, aclıq etmək hər məhbusun haqqıdır və o, hər hansı səbəblə bağlı belə tədbirə əl atırsa, bu barədə rəsmi olaraq saxlandığı müəssisənin rəhbərliyinə müraciət etməlidir.
Lakin Mehman Sadıqov Əlabbas Rüstəmovun aclıq aksiyası keçirib-keçirməməsi ilə bağlı konkret heç nə deməyib.
Xatırlatma
Əlabbas Rüstəmov 2014-cü il iyunun 28-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.
2017-ci ilin iyulunda Ali Məhkəmə Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.
Hüquqşünas ittihamın qurama olduğunu bildirir və onu rədd edir. Hüquq müdafiəçiləri onun adını siyasi məhbuslarla bağlı siyahıya salıblar.
Əlabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların deməsinə görə, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.