Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:33

Kitabi-Dədə Qoqud (Baybörənin oğlu Bamsı Beyrək boyu)


əvvəli

Qam Ğan oğlu Bayındır xan yerindən durmuşdu. Qara yerin
üstündə hündür ağ evini tikdirmişdi. Uca alaçığı göy üzünə dirənmişdi.

Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Daş Oğuzun bəyləri Bayındır
xanın söhbətinə toplaşmışdı. Baybörə və onun adamları da Bayındır
xanın məclisinə gəlmişdi. Bayındır xanın qarşısında oğlu Qarabudaq
bəy dayanıb durmuşdu. Sağ yanında Qazanın oğlu Uruz durmuşdu.
Sol yanında Qazlıq qoca oğlu Yeynək bəy durmuşdu. Baybörə
bunları gördükdə ah çəkdi. Ağlı başından çıxdı. Dəsmalını əlinə alıb,
hönkürə-hönkürə ağladı.

Bunu görən Qalın Oğuzun arxası, Bayındır xanın kürəkəni Salur
Qazan qaba dizi üstünə çökdü. Baybörə bəyin üzünə qıyqacı baxdı.
Dedi: “Baybörə bəy, niyə ağlayıb zarıyırsan?”. Baybörə bəy deyir:
“Qazan xan, necə ağlamayım, necə zarımayım? Oğuldan dayağım yox,
qardaşdan sayılmağım! Allah-taala məni qarğayıbdır... Bəylər, taxtım-
tacım üçün ağlayıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda
kimsə qalmayacaq”.
Qazan deyir: “Arzun elə budurmu, Baybörə bəy?”. Deyir: “Bəli,
budur. Mənim də oğlum olsun, Bayındır xanın xidmətində durub, qulluq
eləsin, mən də baxıb güvənim, sevinib-fərəhlənim...”
Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua
elədilər. “Allah-taala sənə bir oğul versin!” – dedilər.
O zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini
tuturdu. Baybican bəy də yerindən durdu, dedi: “Bəylər, mənimçin də
bir dua eləyin. Allah-taala mənə də bir qız versin” – dedi. Qalın Oğuz
bəyləri əl qaldırdılar, dua eylədilər: “Allah-taala sənə də bir qız versin”
– dedilər.
Baybican bəy deyir: “Bəylər, siz şahid olun, Allah-taala mənə bir
qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsmə adaxlı olsun!”.
Bunun üstündən bir müddət keçdi. Allah Baybörə bəyə bir oğul,
Baybican bəyə bir qız verdi. Qalın Oğuz bəyləri bunu eşitdilər, şad
olub sevindilər.
Baybörə bəy tacirlərini yanına çağırıb əmr etdi: “Ay tacirlər, Allah
mənə bir oğul verdi. Oğluma görə Rum elinə gedin, oğlum böyüyüncə
yaxşı hədiyyələr gətirin!” – dedi. Tacirlər gecə-gündüz yol getdilər.
İstanbula gəldilər. Danışıq aparıb yaxşı hədiyyələr aldılar. Baybörənin
oğlu üçün bir dəniz qulunu, boz ayğır aldılar. Dəstəyi ağ tozlu bir
möhkəm yay aldılar, bir də altı pərli gürz aldılar. Qayıtmaq üçün yol
hazırlığı gördülər.
Baybörənin oğlu beş yaşına girdi. Bir müddət sonra çaya baxanda
öz əksinə şığıyan çal qaraquş ərdəmli, bir gözəl, yaxşı igid oldu.
O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsəydi, ona ad
qoyulmazdı. Baybörə bəyin də oğlu atlandı, ova çıxdı. Ov ovlarkən
atasının tövləsinə gəldi. Onu əmiraxurbaşı qarşıladı, atdan endirdi, qonaq
etdi. Yeyib-içib otururdular. Bu yandan da tacirlər gəlib, böyük
Dərbənd sərhəddində dayanmışdılar. Yarımasınlar Evnik qalasının
kafirləri, onlardan casusluq etdilər. Tacirlər yatarkən qəflətən beş yüz
kafir hücum edib, mallarını çaldılar çapdılar. Tacirbaşı tutuldu, tacirlərdən
biri qaçaraq oğuz diyarına gəldi. Baxdı gördü ki, oğuz yurdunun
ucqarında bir hündür alaçıq qurulmuş; bir yaraşıqlı, gözəl igid də
sağında və solunda qırx igidlə oturmuşdur. Tacir fikirləşdi: “Oğuzun
yaxşı igidlərindəndir, gedim kömək istəyim”. Tacir deyir: “İgid, igid,
bəy igid! Sən mənim səsimi anla, sözümü dinlə! On altı ildir ki, oğuzların
içindən getmişdik. Danışıq-razılıqla kafirin malını oğuz bəylərinə
gətirirdik. Böyük Dərbəndin Pasnik qalası yanında yatmışdıq. Evnik
qalasının beş yüz kafiri bizə hücum etdi. Qardaşım dustaq oldu.
Malımızı, azuqəmizi çalıb-çapıb getdilər. Dərdli başımı götürüb,
yanına gəldim. Başına dönüm, igid, mənə kömək et!”.
Bu dəfə oğlan içdiyi şərabı içmədi. Əlindəki qızıl qədəhi yerə
çırpdı. Dedi: “Nə dediyimi yetirin, mənim geyimimi, şahbaz atımı
gətirin! Hey! Məni sevən igidlər atlansınlar!”. Tacir də qabaqlarına
düşdü, bələdçi oldu.
Kafirlər də bir yerə çəkilib, pul bölüşdürməkdəydi. Bu vaxt igidlər
meydanının aslanı, pəhləvanların qaplanı Boz oğlan özünü yetirdi. Nə
bir dedi, nə iki, kafirləri qılıncladı. Baş qaldıranları öldürdü, cəzasına
çatdırdı. Tacirlərin malını xilas etdi.
Tacirlər dedilər: “Bəy igid, sən mərdlik göstərib bizi xilas etdin.
İndi gəl, bəyəndiyin malı götür!”. İgidin gözü bir dəniz qulunu boz
ayğırı tutdu, bir də altı pərli gürzlə dəstəyi ağ tozlu yayı. Bu üç şeyi
bəyəndi. Dedi: “Ay tacirlər, bu ayğırı, bu yayı və bir də bu gürzü mənə
verin!”. Belə dedikdə tacirlər pərt oldular.
İgid dedi: “Ay tacirlər, çoxmu istədim?!” Tacirlər dedilər: “Niyə
çoxdur?”. Amma bizim bəyimizin bir oğlu vardır, bu üç şeyi gərək ona
hədiyyə aparaydıq!”.
Oğlan deyir: “Ədə, bəyinizin oğlu kimdir?”. Dedilər: “Baybörənin
oğlu var, adına Bamsı deyirlər”. Baybörənin oğlu olduğunu bilmədilər.
İgid barmağını dişləyib fikirləşdi: “Burda minnətlə almaqdansa,
orada atamın yanında minnətsiz almaq yaxşıdır”, – dedi. Atını
qamçılayıb, yola düşdü. Tacirlər ardınca baxa-baxa qaldı. “Vallah,
yaxşı igiddir, insaflı igiddir!” – dedilər.
Boz oğlan atasının evinə gəldi. Atası tacirlərin gəlməsindən xəbər
tutdu, sevindi. Çətirli çadır, uca alaçıq qurdurdu. Yerə ipək xalçalar
saldırdı. Keçdi oturdu. Oğlunu sağ yanında əyləşdirdi. Oğlan tacirlər
barədə bircə söz söyləmədi. Kafirləri qırdığını demədi.
Gözlənilmədən tacirlər gəldilər. Baş endirib, salam verdilər.
Gördülər ki, o baş kəsən, qan tökən igid Baybörə bəyin sağında oturur.
Tacirlər yanaşıb igidin əlini öpdülər.
Bunlar belə etdikdə Baybörə bəyin acığı tutdu. Tacirlərə dedi:
“Ədə, əbləh oğlu əbləhlər! Ata dura-dura oğulunmu əlini öpərlər?”
Dedilər: “Xan, bu igid sənin oğlundurmu?”. “Bəli, mənim oğlumdur!”
– dedi. Dedilər: “İndilikdə əvvəlcə onun əlindən öpdüyümüzdən
incimə, xan. Əgər sənin oğlun olmasaydı,bizim malımız Gürcüstanda
getmişdi. Hamımız dustaq olmuşduq”.
Baybörə bəy deyir: “Ədə, mənim oğlum başmı kəsib, qanmı
töküb?”. “Bəli, baş kəsdi, qan tökdü, atdan adam saldı!” – dedilər. “Aha,
bu oğlan ad qoymaq həddinə çatıbmı?” – dedi. “Bəli, sultanım, ondan
da artıqdır!” – dedilər.
Baybörə bəy Qalın Oğuz bəylərini çağırdı, qonaq etdi. Dədəm
Qorqud gəldi, oğlana ad qoydu. Dedi: “Sözümü dinlə, Baybörə bəy!
Allah-taala sənə bir oğul vermişdir, əlində qalsın! Ağır bayraq götürəndə
müsəlmanlara arxa olsun! Qarşı yatan uca qarlı dağlardan aşarsa,
Allah sənin oğluna keçid versin! Coşğun sulardan keçərsə, keçid versin!
Kafir qoşununa baş vuranda Allah-taala sənin oğluna fürsət versin!
Sən oğlunu “Bamsım” – deyə oxşayırsan; onun adı Boz ayğırlı
Bamsı Beyrək olsun! Adını mən dedim, yaşını Allah versin!”.
Qalın Oğuz bəyləri əl götürüb dua etdilər. “Bu ad bu igid üçün
uğurlu olsun!” – dedilər.
Bəylər hamı ov üçün atlandılar. Beyrək Boz ayğırını çəkdirib mindi.
Böyük qoşun Ala dağa ova çıxdı. Birdən oğuz yurdunun üzərinə bir
sürü keyik gəldi. Bamsı Beyrək birini qovub getdi. Qova-qova bir yerə
gəldi çıxdı. Nə görsə yaxşıdır?! Gördü ki, göy çəmənlikdə bir qırmızı
çadır qurulmuşdur. “Görəsən, bu otaq kimin ola?!” – deyə fikirləşdi.
Xəbəri yox idi ki, alacağı ala gözlü qızın otağıdır. Bu otağa sarı getməyə
utandı. Sonra dedi: “Nə olursa-olsun, hər halda mən ovumu tutmalıyam!”.
Gəlib çadırın önünə çatdı, keyiki qıcıqlandırdı. Baxdı gördü
ki, bu otaq onun göbəkkəsmə nişanlısı-adaxlısı olan Banıçiçəyin
otağıymış.
Banıçiçək otaqdan baxırdı. Dedi: “Ay dayələr, bu əbləh oğlu əbləh
bizə gücünümü göstərir? Gedin ondan bir pay diləyin, görün nə
deyir?” – Qısırca yengə deyilən bir qadın vardı. İrəli gedib pay istədi.
“Hey, bəy igid, bizə də bu keyikdən pay ver!” – dedi. “Ay dayə, mən
ovçu deyiləm, hamınızın bəyinin oğluyam. Amma soruşmaq eyib
olmasın, bu otaq kimindir?” – dedi. Qısırca yengə deyir: “İgid bəyim,
bu otaq Baybican bəyin qızı Banıçiçəyindir”.
Xanım, bunu eşidəndə Beyrəyin qanı qaynadı. Ədəblə yavaşyavaş
geri döndü. Qızlar keyiki götürdülər. Gözəllər şahı Banıçiçəyin
önünə gətirdilər. Banıçiçək baxdı gördü ki, bu bir sultana layiq, kök
sığın-keyikdir. Banıçiçək deyir: “Ay qızlar, bu igid necə igiddir?”.
Qızlar: “Vallah, sultanım, bu igid üzü örtüklü yaxşı igiddir. Bəy oğlu
bəy imiş”, – dedilər. Banıçiçək deyir: “Hey, hey, dayələr, atam həmişə
mənə səni üzü niqablı Beyrəyə vermişəm, deyərdi. Olmaya, bu ola.
Çağırın bir xəbərləşim”,-dedi.
Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmaqlandı, soruşdu: “İgid,
hardan gəlirsən?” Beyrək deyir: “İç Oğuzdan”. “İç Oğuzda kimin
nəyisən?”. “Baybörə bəy oğlu Bamsı Beyrək dedikləri mənəm”. Qız
dedi: “Bəs nə məqsədlə gəlmisən, igid?”. Beyrək deyir: “Baybican
bəyin bir qızı var, onu görməyə gəldim!”. Qız dedi: “O elə qız deyildir
ki, sənə görünə! Amma mən Banıçiçəyin dayəsiyəm. Gəl indi səninlə
ova çıxaq. Əgər sənin atın mənim atımı keçsə, onun atını da keçər.
Həm də ox ataq. Məni keçsən, onu da keçərsən; həmçinin səninlə güləşək.
Məni bassan, onu da basmış olursan”.
Beyrək dedi: “Yaxşı, indi atlanın!”. İkisi də atlanıb meydana
çıxdılar. At sürdülər. Beyrəyin atı qızın atını keçdi. Ox atdılar.
Beyrəyin oxu qızın oxunu ötdü.
Qız deyir: “Ay igid, heç kimin atı mənim atımı, kimsənin oxu
mənim oxumu keçməyib. İndi gəl səninlə qurşaq tutaq!”. Beyrək dər-
hal atdan endi. Güləşməyə başladılar; iki pəhləvan kimi bir-birinə sarmaşdılar.
Gah Beyrək qızı, gah da qız Beyrəyi yerə vurmaq istəyir.
Beyrək sarsıldı, fikirləşdi: “Bu qıza basılsam, Qalın Oğuz içində başıma
qaxınc, üzümə rişxənd olacaq”. Qeyrətə gəldi. Qarmalayıb qızın
sinəbağını ələ keçirdi. Döşündən tutdu. Qız qurcandı. Bu dəfə Beyrək
qızın incə belindən yapışdı, fırladıb arxası üstə yerə vurdu. Qız dedi:
“İgid, Baybicanın qızı Banıçiçək mənəm!”. Beyrək üç öpdü, bir dişlədi,
“düyün qanlı olsun, xan qızı!” – deyə barmağından qızıl üzüyü çıxardı,
qızın barmağına keçirdi. “Bu üzük aramızda nişan olsun, xan
qızı!” – dedi.
Qız deyir: “Belə oldusa, indi irəli durmaq lazımdır, bəy oğlu!”.
Beyrək də həmçinin: “Nə deyirəm, xanım, baş üstə!” – dedi.
Beyrək qızdan ayrılıb, evlərinə gəldi. Ağ saqqallı atası qarşısına
gəlib dedi: “Oğul, bu gün oğuz yurdunda nə gördün, nə eşitdin?”. Deyir:
“Nə görəcəkdim, oğlu olan evləndirmiş, qızı olan köçürmüşdür...”
Atası deyir: “Oğul, yoxsa səni evləndirmək lazımdır?”. “Bəli, ağ saqqallı
əziz ata, evləndirmək lazımdır”-dedi. Atası dedi: “Oğuzda kimin
qızını alıb verim?”. Beyrək: “Ata, mənə bir qız alıb ver ki, mən yerimdən
durmadan o durmuş olsun! Mən qaracıq atıma minmədən o minmiş
olsun! Mən döyüşə getməmiş o mənə baş gətirsin! Ata, mənə belə
bir qız alıb ver”, – dedi.
Atası Baybörə xan deyir: “Oğul, sən qız yox, özünə bir yoldaşsilahdaş
istəyirsənmiş. Oğul, bəlkə istədiyin qız Baybican bəyin qızı
Banıçiçəkdir?”. Beyrək: “Bəli, ağ saqqallı əziz ata, mənim istədiyim
elə odur”, – dedi.
Atası dedi: “Ay oğul, Banıçiçəyin bir dəli qardaşı vardır, adına
Dəli Qarcar deyərlər. Qız istəyəni öldürür”. Beyrək deyir: “Yaxşı, bəs
nə edək?”. Baybörə bəy deyir: “Oğul, Qalın Oğuz bəylərini evimizə
dəvət edək, necə məsləhət görərlərsə, ona uyğun da iş görək”. Bütün
Qalın Oğuz bəylərini çağırıb, evlərinə yığdılar. Zəngin qonaqlıq verdilər.
Qalın Oğuz bəyləri dedilər: “Bu qızı istəməyə kim gedə bilər?”.
Məsləhət gördülər ki, Dədə Qorqud getsin. Bu təklifə qarşı Dədə
Qorqud deyir: “Dostlar, madam ki, məni göndərirsiniz, bilirsiz ki, Dəli
Qarcar bacısını istəyəni öldürür; Barı Bayındır xanın tövləsindən iki
şahanə yüyrək at gətirin. Bir Keçi başlı Keçər ayğırı, bir də Toğlu başlı
Duru ayğırı. Birdən qaç-qov olarsa, birisini minim, o birini
yedəkləyim”.
Dədə Qorqudun sözü ağıllarına batdı. Getdilər, Bayındır xanın
tövləsindən o iki atı gətirdilər. Dədə Qorqud birini mindi, birini
yedəklədi. “Dostlar, sizi Allaha tapşırdım!” – dedi, getdi.
Sultanım, bu vaxt Dəli Qarcar da öz uca evini, hündür otağını qara
yer üstündə qurdurmuşdu. Yoldaşları ilə nişan qoyub atırdı. Dədəm
Qorqud da o yandan gəldi. Baş endirib təzim etdi. Dil-ağız edib,
hörmətlə salam verdi. Dəli Qarcar ağzını köpükləndirdi. Dədə Qorqudun
üzünə baxdı. Dedi: “Əleykəssəlam! Ay əməli azmış, yolundan
dönmüş, qadir Allah ağ alnına qada yazmış! Ayaqlıların buraya gəldiyi,
ağızlıların buradakı sudan içdiyi yox idi. Sənə nə oldu? Əməlinmi
azdı? Ağlınmı azdı? Əcəlinmi gəldi? Bu aralarda neyləyirsən?”. Dədə
Qorqud deyir:
Qarşı yatan uca dağını aşmağa gəlmişəm.
Coşub daşan təmiz suyunu keçməyə gəlmişəm.
Gen ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm.
Tanrının əmriylə, peyğəmbərin rəyi ilə
Aydan arı, gündən duru bacın Banıçiçəyi
Bamsı Beyrəyə diləməyə gəlmişəm!
Dədə Qorqud belə dedikdə Dəli Qarcar deyir: “Əyə, nə dediyimi
yetirin, Qara ayğırı yaraqlı gətirin!”. Qara ayğırı yaraqlı gətirdilər.
Dəli Qarcar atlandı. Dədə Qorqud ümidini üzüb gözləmədi, qaçdı.
Dəli Qarcar ardınca düşdü. Toğlu başlı Duru ayğır yoruldu. Dədə
Qorqud Keçi başlı Keçərə sıçrayıb mindi.
Dədəni qova-qova Dəli Qarcar on ox məsafəsini keçdi, arxadan
Dədə Qorquda çatdı. Dədənin yaddaşı canlandı, Allaha sığınıb, ismiəzəm
oxudu.
Dəli Qarcar qılıncını əlinə aldı. Qolunu yuxarı qaldırıb hücum etdi.
Dəli bəy Dədəni bir anda vurmaq istədi. Dədə Qorqud dedi: “Vursan,
əlin qurusun!”.
Allahın əmri ilə Dəli Qarcarın əli yuxarıdan asılı qaldı. Dədə
Qorqud vilayətin ruhani ağası olduğu üçün diləyi qəbul olundu. Dəli
Qarcar deyir: “Amandır, kömək et! Tanrının birliyinə şübhə yoxdur!
Sən mənim əlimi sağalt; Tanrının əmri ilə, peyğəmbərin rəyi ilə
bacımı Beyrəyə verim”. Dediyini üç dəfə təsdiq elədi. Günahına tövbə
etdi. Dədə Qorqud dua eylədi. Allahın əmri ilə dəlinin əli sap-sağlam
oldu. Döndü, dedi: “Dədə, bacımın yolunda mən nə istəsəm, verərsənmi?”.
Dədə deyir: “Verərik, de, görək nə istəyirsən?”. Dəli Qarcar
deyir: “Min buğra gətirin ki, maya görməmiş olsun. Min də ayğır
gətirin ki, ilxıya girməmiş olsun. Min də qoyun üzü görməmiş qoç
gətirin. Min də quyruqsuz-qulaqsız köpək gətirin. Min də birə gətirin
mənə! Əgər bu dediyim şeyləri gətirərsinizsə, bacımı verdim. Amma
gətirməsən, bu dəfə öldürmədim, o vaxt öldürərəm!”.
Dədə döndü, Baybörə bəyin evinə gəldi. Baybörə bəy deyir: “Dədə,
oğlanmısan, qızmısan?”. Dədə “oğlanam!” – dedi. “Bəs Dəli Qarcarın
əlindən necə xilas oldun?”- dedi. Dədə deyir: “Allahın köməyi,
ərənlərin səyi ilə qızı aldım”.
Beyrəyə, anasına və bacılarına müjdəçi gəldi. Sevindilər, şad
oldular. Baybörə bəy deyir: “Dəli nə qədər mal istədi?”. Dədə dedi:
“Yarımasın Dəli Qarcarı, heç mümkün olmayan mal istədi!”. Baybörə
bəy deyir: “Axı, nə dilədi?”. Dədə deyir: “Min ayğır istəyibdir ki, ilxıya
girməmiş olsun. Min də buğra istədi ki, maya görməmiş olsun. Min də
qoç diləyibdir ki, qoyun üzü görməmiş olsun. Min də quyruqsuzqulaqsız
köpək istəyib. Min də qaraca-qaraca birələr dilədi. “Bu şeyləri
gətirsəniz, bacımı verərəm. Gətirməsən, gözümə görünməyəsən, yoxsa
səni öldürərəm!” – dedi”. Baybörə bəy deyir: “Dədə, mən üçünü taparsam,
ikisini sən taparsanmı?”. Dədə Qorqud “Bəli, xanım, tapacağam”
– dedi. Baybörə bəy: “İndi, Dədə, köpəklə birəni sən tap”,-dedi. Özü də
tövlə-tövlə atları üçün getdi. Min ayğır seçdi. Dəvələrinin arasından min
buğra-nər seçdi. Qoyun sürülərindən min qoç seçdi.
Dədə Qorqud da min quyruqsuz-qulaqsız köpəklə min də birə
tapdı. Bunları götürüb Dəli Qarcarın yanına getdi. Dəli Qarcar eşitdi,
qarşısına gəldi. “Görüm, dediyimi gətirdilərmi?” – dedi. Ayğırları
görəndə bəyəndi. Dəvələri də görüb bəyəndi. Qoçları bəyəndi.
Köpəkləri görəndə qah-qah güldü, dedi: “Dədə, bəs mənim birələrim
hanı?”. Dədə Qorqud: “Hey, oğul Qarcar, o itmilçəyi kimi adamı dəli
eləyər. O bir acıqlı canlıdır. Ona görə də bir yerdə yığıb saxlamışam.
Gəl gedək, kökünü gətir, arığını qoy qalsın”, – dedi.
Dədə Qorqud Dəli Qarcarı birə olan yerə gətirdi. Dəli Qarcarı
soyundurub ağıla saldı. Birələr Dəli Qarcarın bədəninə daraşdılar.
Dəli Qarcar gördü birələrlə bacarmır, dedi: “Dədə, kömək! Allah
eşqinə, insaf elə! Qapını aç, çıxım”. Dədə Qorqud: “Oğul, Qarcar,
qarğayıb eləməyəsən, bu tapşırdığın şeydir, götür! Nə oldu, belə
özünü itirdin? Köklərini seç, arığını qoy!” – dedi.
Dəli Qarcar deyir: “Vay, Dədə sultan, Allah bunların kökünü də
götürsün, arığını da! Bir məni qapıdan çölə çıxar, kömək elə”. Dədə
qapını açdı. Dəli Qarcar çıxdı. Dədə gördü ki, birələr Dəlinin canına
keçmişdir; başı-bədəni birədən görünmür. Üz-gözü bəlli deyil. Dəli
Qarcar Dədənin ayağına düşdü: “Allah eşqinə, məni xilas et!” dedi.
Dədə Qorqud “Get, oğul, özünü suya vur!” – dedi.
Dəli Qarcar qaçaraq getdi, suya düşdü. Birədir də, suda axdı getdi.
Gəldi paltarını geydi, evinə getdi. Böyük toy hazırlığını gördü.
Oğuz zamanında evlənən hər igid ox atardı. Oxu düşən yerdə də
gəlin otağı qurardı. Beyrək xan da oxunu atdı, oxu sancılan yerdə otağını
qurdurdu. Adaxlısından bir bəylik qırmızı qaftan gəldi. Beyrək
geydi. Bu iş yoldaşlarına xoş gəlmədi. Pərt oldular. Beyrək deyir:
“Niyə pərt oldunuz?” Dedilər: “Necə pərt olmayaq? Sən qırmızı qaftan
geyirsən, biz isə ağ qaftan!”. Beyrək: “Belə şeydən ötrü niyə halınızı
pozursunuz? Bu gün mən geymişəm, sabah naibim geysin. Qırx
günədək sıra ilə geyinək. Ondan sonra bir dərvişə verək!” – dedi. Qırx
igidlə yeyib-içib oturmuşdular.
Yarımasın kafirin casusu, bunları görüb, getdi Bayburd hasarının
bəyinə xəbər verdi. Deyir: “Nə oturursan, sultanım, Baybican bəy o
sənə verəcəyi qızı Beyrəyə verdi. Bu gecə gəlin gedəcəkdir”.
O məlun yeddi yüz kafirlə atlanıb yürüşə çıxdı. Beyrək ap-alaca
gəlin otağında yeyib-içib xəbərsiz oturmuşdu. Gecə yuxusu vaxtı kafirlər
hücum etdi. Naib qılıncını siyirdi, əlinə aldı. “Mənim başım
Beyrəyin başına qurban olsun!” – dedi. Naib yaralandı, həlak oldu.
Dərinlik gizlədər, çoxluq qorxudar.
At işləyər, ər öyünər...
Atsız kişinin ümidi olmaz.
Otuz doqquz igidlə Beyrək dustaq getdi. Dan yeri qızardı, günəş
doğdu. Beyrəyin atası-anası baxıb gördü ki, gəlin otağı görünməz olmuşdur.
Ah-vay etdilər, ağılları başlarından çıxdı. Gördülər ki, yurdda
bir quzğun, bir tazı dolaşır. Otaq yerlə-yeksan, naib isə həlak olmuşdur.
Beyrəyin atası böyük çalmasını götürüb yerə çırpdı. Dartdı, yaxasını
yırtdı. “Oğul, oğul!” – deyib yüyürdü, zarıldadı. Ağ birçəkli anası ağladı,
gildir-gildir göz yaşını tökdü, ağ üzünə acı dırnaq çaldı. Al yanağını
dartdı, qarğı kimi qara saçını yoldu. Ağlayıb-sızlayıb evinə gəldi.
Baybörə bəyin qızıl tağlı hündür evinə şivən düşdü. Qız-gəlininin
qəhqəhəli gülüşü kəsildi. Ağ əllərə qızıl xına yaxmadılar. Yeddi bacı
ağ çıxarıb, qara donlarını geydilər. “Vay, bəy qardaşımız! Muradınaarzusuna
çatmayan yalqız qardaş!” – deyib hönkür-hönkür ağlaşdılar.
Beyrəyin nişanlısına xəbər çatdı. Banıçiçək qaralar geydi, ağ
qaftanını çıxardı. Payız alması kimi al yanağını dartdı, yırtdı. “Vay, al
duvağımın yiyəsi! Vay, alnımın-başımın ümidi! Vay, şah igidim, şahzadə
igidim. Doyunca üzünə baxmadığım, igid xanım! Hara getdin,
məni yalqız qoyub igid xanım?! Göz açaraq gördüyüm, könül verib
sevdiyim, bir yasdıqda baş qoyacağım! Yolunda öldüyüm! Qurban olduğum!
Vay, Qazan bəyin dostu! Vay, Qalın Oğuzun sevimlisi Beyrək!”
– deyib zar-zar ağladı. Bunu eşidən Qıyan Səlcik oğlu Dəli
Dondaz ağ çıxardı, qara geydi. Beyrəyin yar-yoldaşları ağ çıxarıb qara
geydilər. Qalın Oğuz bəyləri Beyrək üçün böyük yas tutdular.
Ümidlərini üzdülər.
Bu hadisədən on altı il keçdi. Beyrəyin ölü-dirisini bilmədilər. Bir
gün qızın qardaşı Dəli Qarcar Bayındır xanın divanına gəldi. Diz çöküb
dedi: “Ağıllı xanın ömrü uzun olsun! Beyrək diri olsaydı, on altı
ildən bəri gələrdi. Beyrəyin diri olduğu xəbərini gətirən bir igid olsa,
qızılı tikişli, naxışlı çuxa, qızıl-gümüş verərəm. Ölüm xəbərini gətirənə
bacımı verərəm”.
Belə dedikdə, muradı gözündə qalsın, Yalançı oğlu Yalancığ dedi:
“Sultanım, mən gedim, ölüsü-dirisi xəbərini gətirim!”.
Sən demə, Beyrək Yalançı oğluna bir köynək bağışlayıbmış;
geyməyib saxlayırmış. Getdi, həmin köynəyi qana-mana batırdı, gətirib
Bayındır xanın önünə atdı. Bayındır xan deyir: “Ədə, bu nə köynəkdir?”
Yalıncıq: “Beyrəyi Dərbənddə öldürmüşlər, bu da nişanıdır,
sultanım!” -dedi.
Bəylər köynəyi görəndə hönkür-hönkür ağlaşdılar, zarıldadılar. Bayındır
xan deyir: “Əyə, niyə ağlayırsınız, biz bunu tanımarıq. Adaxlısına
aparın, görsün. O yaxşı bilər. Çünki o tikibdir, yenə o tanıyar”.
Getdilər, köynəyi Banıçiçəyə apardılar. Gördü, tanıdı. “Odur!”
dedi. Dartdı, yaxasını yırtdı. İti dırnaq ilə ağ üzünü aldı-cırdı. Payız
alması kimi al yanağını yırtdı. “Vay, göz açıb gördüyüm, könül verib
sevdiyim! Vay, al duvağımın sahibi! Vay, alnımın-başımın ümidi,
Beyrək xan!” – deyə ağladı.
Beyrəyin ata-anasına xəbər çatdı. Baybörənin böyük düşərgəsinə
şivən düşdü. Ağ çıxardılar, qara geydilər. Qalın Oğuz bəyləri
Beyrəkdən bütün ümidlərini üzdülər.
Yalançı oğlu kiçik nişanını eylədi. Böyük toy günü üçün vaxt
qoydu. Beyrəyin atası da tacirləri çağırdı, yanına gətirib dedi: “Ay
tacirlər, gedin iqlim-iqlim arayın, Beyrəyin xəbərini gətirib deyin,
görüm, doğrudanmı ölmüşdür?”.
Tacirlər hazırlıq gördülər. Gecə-gündüz deməyib yol getdilər.
Təsadüfən Parasarın Bayburd hasarına gəlib çatdılar. Kafirlərin şadlıq
günləri idi. Hər biri yeməkdə-içməkdə idi. Beyrəyi də gətirib qopuz
çaldırırdılar. Beyrək uca çardağdan baxdı, tacirləri gördü. Bunları
gördükdə xəbərləşdi. Görək, xanım, necə xəbərləşdi, nə dedi:
Hündür-alçaq yerlərdən gələn karvan!
Bəy atamın, xanım anamın sovqatı karvan!
Ayağı uzun şah atına minən sarvan!
Səsimi anla, sözümü dinlə, sarvan.
Qalın Oğuz diyarında Ulaş oğlu Salur Qazanı
Mən soruşsam, sağmı, sarvan?
Qıyan Səlcik oğlu Dəli Dondazı
Mən soruşsam, sağmı, sarvan?
Ağ saqqallı atamı, ağ birçəkli anamı
Mən soruşsam, sağmı, sarvan?
Göz açaraq gördüyüm, könüllücə sevdiyim
Baybican qızı Banıçiçək evdəmi, sarvan,
yoxsa gordamı, sarvan?
De mənə,
Dərdli başım qurban olsun, sarvan, sənə!
Tacir dedi:
Sağ-salamatsanmı, canım Bamsı!
Qıyan Səlcik oğlu Dəli Dondazı soruşursan,
sağdır, Bamsı!
Qaragünə oğlu Budağı soruşursan,
sağdır, Bamsı!
O bəylər ağ çıxarıb qara geydi səninçin, Bamsı!
Ağ saqqallı atanı, ağ birçəkli ananı soruşursan,
sağdır, Bamsı!
Ağ çıxarıb qara geydilər səninçin, Bamsı!
Yeddi bacını yeddi yol ayrıcında
ağlar gördüm, Bamsı!
Payız almasıtək al yanaqlarını
yırtar gördüm, Bamsı!
“Gedib gəlməyən qardaş!” – deyə
inləyən gördüm, Bamsı!
Göz açaraq gördüyün, könül verib sevdiyin
Baybican qızı Banıçiçək
kiçik nişanını eylədi,
böyük toyu üçün vaxt qoydu.
Yalançı oğlu Yalancığa gedən gördüm,
xan Beyrək!
Parasarın Bayburd hasarından sıçrayıb aş,
Ap-alaca gəlin otağına yetiş, gəl!
Gəlməzsənsə, öz sevgilin Banıçiçəyi
Həmişəlik itirərsən, yəqin bil!
Beyrək qalxdı, ağlaya-ağlaya qırx igid yoldaşının yanına gəldi. İri
çalmasını götürüb yerə çırpdı. Dedi: “Hey, mənim qırx yoldaşım!
Bilirsizmi nələr olub? Yalançı oğlu Yalancıq mənim ölüm xəbərimi
aparmışdır. Atamın qızıl tağlı hündür evinə şivən düşüb. Qaza bənzər
qızı-gəlini ağ çıxarıb qara geymişdir. Göz açaraq gördüyüm, könül verib
sevdiyim Banıçiçək Yalançı oğlu Yalancığa getməli olmuşdur.
Bunu eşitdikdə qırx igid böyük çalmalarını götürüb yerə vurdu,
hıçqıra-hıçqıra ağlaşdı, inlədi.
Deyirlər ki, kafir bəyinin bir bakirə qızı vardı. Hər gün Beyrəyi
görməyə gəlirdi. O gün yenə gəldi. Baxdı gördü Beyrək pərtdir. Qız
dedi: “Niyə pərtsən, xan igidim? Həmişə gələndə səni şən görürdüm.
Gülərdin, oynardın. İndi nə oldu sənə?”. Beyrək dedi: “Necə pərt
olmayım? On altı ildir ki, sənin atanın dustağıyam. Ata-anaya, qohumqardaşa
həsrətəm; bir də bir qara gözlü sevgilim vardı; Yalançı oğlu
Yalancıq deyilən bir kişi var, gedib yalandan mənim öldüyümü demiş,
sevdiyim qız da ona getməli olmuşdur”.
Qız Beyrəyə aşiq olmuşdu, ona görə də dedi: “Əgər səni hasardan
örkənlə aşağı sallasam, sağ-salamat ata-ananın yanına getsən, məni
burda gəlib halallıqla alarsanmı? Beyrək and içdi: “Oğuz yurduna salamat
çatsam, gəlib səni halallıqla almasam, qılıncımla doğranım! Oxuma
sancılım! Yer kimi çatlayım, torpaq kimi sovrulum!”. Qız da örkən
gətirib, Beyrəyi hasardan aşağı sallandırdı. Beyrək aşağı baxdı. Özünü
yer üzündə gördü. Allaha şükür etdi. Yola düşdü. Gedəndə kafirin
ilxısına gəldi. “Bir at tapa bilsəm, tutum minim!” – dedi. Baxdı gördü
öz dəniz qulunu Boz ayğır burada otlamaqdadır. Boz ayğır da Beyrəyi
görüb dayandı, şahə qalxıb iki ayağının üstündə durdu, kişnədi. Beyrək
də atını öyüb-tərifləmiş, görək, xanım, necə öymüş, nə demişdir:
Açıq-açıq meydanlara bənzər sənin alnın.
İki gecə çırağıdır sənin gözlərin.
Yumşaq ipəyə bənzəyir sənin yalın.
Qoşa qardaşa bənzər sənin qulaqların.
Mərdi muradına çatdırar sənin belin.
Mən sənə at demərəm, qardaş deyərəm,
qardaşımdan artıq!
Başıma iş gələndə yoldaş deyərəm,
yoldaşımdan artıq!
At başını yuxarı tutub bir qulağını qaldırdı, Beyrəyin qabağına
gəldi. Beyrək atın köksünü qucaqladı. İki gözündən öpdü. Sıçrayıb
mindi. Qala hasarının qapısına gəldi. Otuz doqquz yoldaşını tapşırdı,
görək, xanım, necə tapşırdı:
Ey murdar dinli kafir!
Mənim ağzıma söyüb durdun, anlamadım,
Qara donuz ətindən xörək yedirtdin, dözə bilmədim.
Allah mənə yol verdi, gedəsi oldum, ay kafir!
Otuz doqquz igidim əmanət qalsın, ay kafir!
Birini əskik görsəm, yerinə onunu öldürərəm.
Onunu əskik görsəm, yerinə yüzünü öldürərəm, ay kafir!
Otuz doqquz igidim əmanət olsun, ay kafir! –
belə deyib dayanmadı, atını çapdı.
Qırx nəfər kafir atlandı, ardınca düşdü; qova-qova getdilər, çata
bilməyib geri döndülər.
Beyrək oğuz diyarına gəldi. Gördü bir ozan gedir, dedi: “Ay ozan,
hara gedirsən?”. Ozan deyir: “Bəy igid, toya gedirəm”. Beyrək dedi:
“Kimin toyudur?”. “Yalançı oğlu Yalancığın”, - dedi. “Əyə, kimin
qızını alır?”. Ozan deyir: “Xan Beyrəyin adaxlısını alır”. Beyrək deyir:
“Ay ozan, qopuzunu mənə ver, atımı sənə verim; saxla, gəlim, dəyər-
ini-qiymətini gətirim, alım”. Ozan deyir: “Avazım qısalmadan, səsim
boğulmadan bir atdır əlimə keçib, aparıb saxlayım”. Ozan qopuzu
Beyrəyə verdi. Beyrək qopuzu aldı, atasının düşərgəsinə yaxınlaşdı.
Baxdı gördü ki, bir neçə çoban yol ayrıcında oturub ağlayırlar, həm də
durmadan daş yığırlar. Beyrək deyir: “Ay çobanlar, bir adam yolda daş
tapsa, çölə atar. Siz niyə bu daşı yola yığırsınız?”. Çobanlar deyir: “Eh,
sənin ancaq özündən xəbərin var, bizim halımızdan xəbərin yoxdur”.
“Halınıza nə olub ki?”. Çobanlar dedi: “Bəyimizin bir oğlu vardı, on
altı ildir ki, ölüsü-dirisi xəbərini kimsə bilmir. Yalançı oğlu Yalancıq
deyilən birisi onun ölüm xəbərini gətirdi. Adaxlısını ona verməli
oldular: Qız gəlib buradan keçəcək. Daşlayacağıq onu ki, Yalancığa
getməsin, tayına-tuşuna getsin”. Beyrək deyir: “Əyə, üzünüz ağ olsun!
Ağanızın çörəyi sizə halal olsun!”. Sonra atasının evinə gəldi. Evlərinin
önündə bir böyük ağac vardı, dibində də bir yaxşı bulaq. Beyrək
baxdı gördü ki, kiçik bacısı bulaqdan su götürməyə gəlir, “Beyrək,
qardaşım!” – deyə ağlayıb-inləyir. “Toy-düyünün qara oldu”, – deyə
ağlayır.
Ayrılıq Beyrəyə yaman təsir elədi, dözmədi, göz yaşı gildir-gildir
axdı. Burada çağırıb soylayır, görək, xanım, nə soylayır; deyir:
Ay qız, “ağa” deyib nə ağlayıb-inlərsən,
Yandı bağrım, göynədi içim.
Yoxsa ağan yoxa çıxıb, ölübdür?
Ürəyinə qaynar yağlar tökübdür?
Qara bağrın didilibdir,
“ağa” deyə nə ağlayıb-inlərsən?
Yandı bağrım; göynədi içim...
Qarşıdakı uca dağı soruşarsam,
yaylaqları kimindir?
Soyuq-soyuq sularını soruşarsam,
bulaqları kimindir?
Tövlə-tövlə atlarını soruşarsam,
kimin miniyidir?
Qatar-qatar dəvəsini soruşarsam,
kimin yüklüyüdür?
Yaylaqlarda ağ qoyunu soruşarsam,
şülənliyi kimindir?
Qaralı-göylü çadırları soruşarsam,
kölgəliyi kimindir?
Öz dilində bir xəbər ver, ay qız mənə!
Dərdli başım qurban olsun bu gün sənə!
Qız deyir:
Çalma, ozan, danışma, ozan!
Nəyinə gərək qara geymiş bir qızın?!
Qarşı yatan uca dağı soruşursansa,
Ağam Beyrəyin yaylağıydı,
Ağam Beyrək gedəndən yaylaq bilmərəm.
Soyuq-soyuq suları soruşursansa,
Ağam Beyrəyin içdiyi sudandır.
Ağam Beyrək gedəndən o sulardan içmərəm.
Tövlə-tövlə atını soruşursansa,
Ağam Beyrəyin mindiyidir.
Ağam Beyrək gedəndən o atlara minmərəm.
Qatar-qatar dəvələri soruşursansa,
Ağam Beyrəyin yüklədiyidir.
Ağam gedəndən o dəvələri yükləmərəm.
Yaylaqdakı ağ qoyunu soruşursansa,
Ağam Beyrəyin şülənidir.
Ağam gedəndən şülənlərdə şənlənmərəm.
Qaralı-göylü çadırları soruşursansa,
Ağam Beyrəyindir...
Ağam Beyrəksiz o çadırlara köçmərəm.
Qız yenə deyir:
Ay ozan! Qarşıda uca dağları
aşıb gəldikdə, keçdikdə sən
Beyrək adlı bir igidlə rastlaşmadınmı?
Daşqın-daşqın suları
aşıb gəldikdə, keçdikdə sən
Beyrək adlı bir igidə rast gəldinmi?
Böyük, adlı şəhərlərdən gəldikdə sən
Beyrək adlı bir igidlə rastlaşmadınmı?
Ay ozan, gördünsə, söylə mənə!
Dərdli başım qurban olsun, ozan, sənə!
Qız yenə deyir:
Qarşıdakı uca dağım yıxılıbdır,
Ozan, sənin xəbərin yox!
Bir kölgəli uca ağacım kəsilibdir,
Ozan, sənin xəbərin yox!
Bu dünyada bir qardaşım tutulubdur,
Ozan, sənin xəbərin yox!
Çalma, ozan, danışma, ozan,
Nəyinə gərək qara geymiş bir qızın?!
İrəlidə toy-düyün var,
Toya gedib, oxu-çal!
Beyrək kiçik bacısının yanından keçdi. Böyük bacılarının yanına
gəldi. Baxdı-gördü bacıları göy-qara geyinib oturmuşlar. Beyrək çağırıb
soylayır, görək, xanım, nə soylayır; deyir:
Sübh tezdən öz yerindən duran qızlar!
Ağ otaqdan qara otağa girən qızlar!
Ağ çıxarıb, qara paltar geyən qızlar!
Ciyər rəngli sərnicdə qatıq varmı?
Qara sac altında köməciniz varmı?
Tabağınızda çörəyiniz varmı?
Üç gündür yoldan gəlmişəm,
doyurun məni.
Üç gün keçməsin, Allah sevindirsin sizi!
Qızlar getdilər, yemək gətirdilər. Beyrəyin qarnını doydurdular.
Beyrək dedi: “Qardaşınızın baş-gözünə sədəqə olsun, köhnə bir qaftanınız
varsa, verin geyim, toya gedim. Toyda əlimə qaftan keçər, qaftanınızı
qaytararam”.
Getdilər, bir qaftanı varmış, gətirib ona verdilər. Aldı, geydi. Boyu
boyuna, beli belinə, qolu qoluna yaraşdı. Böyük bacısı onu Beyrəyə
bənzətdi. Qara, qıyılmış gözləri qan-yaş doldu. Soyladı, görək, xanım,
nə soylayıb dedi:
Qara qıyma gözlərin çökməsəydi,
“Ağam Beyrək” deyərdim, ozan, sənə!
Üzünü qara saçın örtməsəydi,
“Ağam Beyrək” deyərdim, ozan, sənə!
Ətli-canlı biləklərin boşalmasaydı,
“Ağam Beyrək” deyərdim, ozan, sənə!
İti-iti yerişindən,
Aslan kimi duruşundan,
Qanrılaraq baxışından
Ağam Beyrəyə bənzədirəm, ozan, səni!
Sevindirdin, qəmləndirmə, ozan, məni!
Qız bir daha soylamış – demişdir:
Belə çalma-oxuma, ozan!
Beyrək gedəndən bəri bizə ozan gəlməmiş.
Əynimizdən paltarımızı almamış.
Başımızdan çadırımızı istəməmiş,
Buynuzu burma qoçumuzu almamış.
Beyrək fikirləşdi: “Gördünmü, qızlar bu qaftanda məni tanıdılar.
Qalın Oğuz bəyləri də tanıyarlar. Görək Oğuz yurdunda mənim dostum,
düşmənim kimdir?” – dedi. Qaftanı sıyırıb, qızların üstünə atdı:
“Nə sən qal, nə Beyrək qalsın! Bir köhnə qaftan verdiniz, mənim başbeynimi
apardınız”, – dedi. Bir köhnə dəvə çuvalı tapdı; dəldi, boynuna
keçirdi. Özünü dəliliyə vurdu, toy yerinə gəldi. Gördü ki, burada
kürəkən ox atır. Qaragünə oğlu Budaq, Qazan bəyin oğlu Uruz, bəylərbəyi
Yeynək, Qəflət Qoca oğlu Şir Şəmsəddin, qızın qardaşı Dəli
Qarcarla ox atırdılar.
Budaq ox atanda Beyrək “Əlin var olsun!” – dedi. Uruz atanda
“Əlin var olsun!” – dedi. Yeynək də atanda “Əlin var olsun!” – dedi.
Şir Şəmsəddin atdı, “Əlin var olsun!” – dedi. Elə ki, kürəkən atdı,
“Əlin qurusun, barmaqların çürüsün, hey, donuz oğlu donuz, bu bəylərə
qurban ol!” – dedi.
Yalançı oğlu Yalancığın acığı tutdu, dedi: “Ədə, əbləh oğlu əbləh,
mənə belə sözlər deməyə sənin haqqın varmı? Gəl, əbləh oğlu, mənim
yayımı çək, yoxsa indi boynunu vuraram!”.
Belə dedikdə, Beyrək yayı aldı, çəkdi. Yay dəstəyindən iki para
oldu. Götürüb qabağına atdı. “Quru yerdə torağaya atmağa yaxşıdır”,
– dedi. Yalançı oğlu Yalancıq yay sındığı üçün bərk qəzəbləndi. Dedi:
“Əyə, Beyrəyin yayı vardır, gətirin!”. Getdilər, gətirdilər. Beyrək yayı
gördükdə yoldaşlarını xatırladı, ağladı. Dedi:
Neçə-neçə döyüşlərə girdiyim,
Hər yaraqlı toxarlını45 qovduğum,
Düşmən yordu qıl kişli yayım,
Ayğır cinsli ayğır verib aldığım
Dəstəyi ağ tozlu, möhkəm yayım...
Buğa verib aldığım boğan kirişim,
Dar yerdə qoyub-gəldim sirdaşımı, –
İki sarvan, otuz doqquz yoldaşımı!
Bundan sonra Beyrək dedi: “Bəylər, sizin eşqinizə bu yayı çəkib,
oxu atıram”. Bu vaxt kürəkənin üzüyünü nişan alıb atırdılar. Beyrək
oxla üzüyü vurdu, paraladı. Oğuz bəyləri bunu görəndə əl çaldılar,
gülüşdülər.
Qazan bəy baxıb tamaşa edirdi. Adam göndərdi. Beyrəyi çağırdı.
Dəli ozan gəldi; baş endirib təzim etdi, salam verdi. Beyrək deyir:
Sübh tezdən sərt yerdə qurulmuş hündür otaqlı,
Atlaslardan tikilmiş göy çardaqlı,
Tövlə-tövlə çəkilən şahanə atlı,
Çağıranda haya yetən yolu çavuşlu,
Yağ içində yayxanan, bol nemətli!
İgidlərin arxası, yazıqların ümidi!
Bayındır xanın kürəkəni!
Tüklü quşun balası, Türküstanın dirəyi!
Amit soyunun aslanı, Qaracığın qaplanı!
Qonur atın yiyəsi, Uruz xanın atası!
Ay Qazan xan, səsimi anla,sözümü dinlə!
Sübh erkən durmuşsan, ağ ormana girmişsən.
Ağ qovağın budağından yırğalanıb keçmişsən.
Dirəkləri basdıraraq, oxçun nişan qoymuşsan.
Bəy-gəlinçin yaraşıqlı, adlı otaq qurmuşsan.
Sağ tərəfdə əyləşən hörmətli bəylər,
Sol tərəfdə əyləşən qeyrətli bəylər,
Eşikdəki yavərlər! Dibdə oturan dost bəylər,
Dövlətiniz güclü olsun, uğurlar sizə!
Bunu söylədikdə Qazan bəy dedi: “Ay dəli ozan, məndən nə
istəyirsən? Arzun çətirli çadırdırmı? Qul-qaravaşmı istəyirsən? Qızılgümüşmü
istəyirsən, verim?”.
Beyrək deyir: “Sultanım, məni qoysana toy süfrəsinin yanına
gedim. Qarnım acdır, doydursana!”. Qazan dedi: “Dəli ozan, bəxtin
gətirdi. Bəylər, bu günkü bəyliyim bunun olsun. Qoyun haraya
gedirsə-getsin, neyləyirsə, eyləsin”.
Beyrək toy süfrəsinin üstünə gəldi. Qarnını doyuzdurduqdan sonra
qazanları vurdu-tökdü, çevirdi. Qovurmanı kiminin sağına, kiminin
soluna atırdı. Sağdan gedəni sağdan, soldan gedəni soldan tutur, haqlıya
toxunmur, haqsızı təhqir edib alçaldırdı...
Qazan bəyə xəbər çatdı: “Sultanım, bu dəli ozan bütün yeməyi
tökdü, – dedilər – indi də qızların yanına getmək istəyir”. Qazan deyir:
“Əyə, qoyunuz qızların yanına da getsin!”. Beyrək qalxdı, qızların yanına
getdi. Zurnaçıları qovdu, nağaraçıları qovdu. Kimini döydü, kiminin
başını yardı, qızlar oturan otağa gəldi; qapının ağzını kəsib oturdu.
Bunu görən Boyu uzun Burla xatun qəzəblənib dedi: “Ədə, əbləh
oğlu, sənə layiqdirmi çəkinmədən mən olan yerə gələsən? Beyrək
deyir: “Xanım, mənə Qazan bəy icadə verib. Mənə kimsə dəyib-dolaşmır”.
Burla xatun dedi: “Qazan bəy icazə veribsə, qoyun otursun!”.
Yenə döndü Beyrəyə, dedi: “Ay dəli ozan, bəs mətləbin nədir?”.
Dedi: “Xanım, mətləbim odur ki, ərə gedən qız qalxıb oynasın, mən
qopuz çalım”. Qısırca yengə deyilən bir qadın vardı, ona dedilər: “Ay
Qısırca yengə, dəli ozan nə bilir, dur sən oyna!” Qısırca yengə durub
deyir:”Ay dəli ozan, ərə gedən qız mənəm!”. Oynamağa başladı.
Beyrək qopuz çaldı, soyladı, görək, xanım, nə soylayıb dedi:
“And içmişəm, qısır ata minmirəm.
Qısır atın belində döyüşlərə getmirəm.
Evinizin arxasında sarvanlar,
Sənə baxar onlar.
Gildir-gildir göz yaşın axar,
Sən onların yanına get,
Muradını verənlər çoxdur!
Mənim səninlə işim yoxdur!
Ərə gedən qız qalxsın,
qol sallayıb oynasın,
mən də qopuz çalım.”
Qısırca yengə: “Buy, bu zavala gəlmiş dəli məni görmüş kimi
söyləyir”, – dedi. Gedib yerində oturdu.
Bundan sonra Boğazca Fatma deyilən bir qadın vardı “Qalx, sən
oyna!” – dedilər. “Ey, bu dəli mən yazığa da birdən o cür sözlər söyləyər”
– deyə qorxudan qızın qaftanını geydi, “Çal, ay dəli ozan, ərə
gedən qız mənəm, oynayım!” – dedi. Dəli ozan deyir:
And içirəm, boğaz ata minmərəm,
Minsəm belə, döyüşlərə getmərəm.
Evinizin ardı dərəlik deyildimi?
İtinizin adı Burax deyildimi?
Adın da Qırx oynaşlı Boğazca Fatma deyildimi?
Daha da eybini açaram, yəqin bil!
Mənim sənlə nə oyunum,
Get bu qaftanı soyun,
Ərə gedən qız dursun,
Mən qopuz çalım ona,
Qol sallayıb oynasın!
Beyrək belə dedikdə Boğazca Fatma deyir: “Buy, dəli boğma
çıxarmış nə qədər eybimiz varsa, açıb-tökdü. Dur, ay qız oynayırsan,
oyna; oynamırsan, cəhənnəmə oyna! Beyrəkdən sonra başına belə iş
gələcəyini bilirdin”.
Burla xatun dedi: “Qız, qalx oyna, daha əlindən nə gələr?”.
Banıçiçək qırmızı qaftanını geydi. Görünməsin deyə əllərini içəriyə –
qaftanının qoluna çəkdi, oyuna girib dedi: “Ay dəli ozan, di çal!”. Dəli
ozan çalıb dedi:
Mən bu yerdən gedəli dəli olubsan, dəlim!..
Çoxlu ağca qarlar yağıb dizə çıxmışdır,
Xan qızının evində qul da yoxa çıxmışdır...
Səhəng alıb soyuqda, suya getmişdir, –
On barmağı soyuqdan donub itmişdir.
Qızıl-gümüş gətirib, dırnaq yonun gəlinə,
Eyibli ərə getmək eyibdir ər evinə.
Bunu eşitcək Banıçiçək qəzəbləndi: “Ədə, dəli ozan, mən
eyibliyəm ki, mənə eyib qoşursan?” – dedi. Gümüş kimi ağ biləyini
açdı, əlini çıxartdı. Beyrəyin keçirdiyi üzük göründü. Beyrək üzüyü
tanıdı. Burada soylamış, görək, xanım, nə soylamış, nə demişdir:
Beyrək gedəli Bam-bam təpəyə çıxmısanmı qız?!
Boylanıb heç dörd yanına baxmısanmı, qız?!
Qarğı kimi qara saçını yolmusanmı qız?!
Qara gözdən acı yaşlar tökmüsənmi qız?!
Alma kimi al yanağını yırtmısanmı qız!
Sən ərə gedirsən, qızıl üzük mənimdir,
qaytar mənə, qız!
Qız dedi:
Beyrək gedəli Bam-bam təpə başına çox çıxmışam,
Qarğı kimi qara saçımı çox yolmuşam.
Alma kimi ağ yanağımı çox yırtmışam.
Gələndən-gedəndən çox soruşmuşam.
“Getdi, gəlməz bəy igidim, xan igidim
Beyrək” – deyə çox ağlamışam.
Sevişdiyim Bamsı Beyrək sən deyilsən.
Qızıl üzük də sənin deyildir.
Qızıl üzüyün çox nişanı var
Qızıl üzüyü istəyirsən, nişanını de!
Beyrək deyir:
Xan qızı, səhər tezdən yerimdən durmadımmı?
Boz ayğırın belində oturmadımmı?
Çadırının yanında bir keyik yıxmadımmı?
Sən də məni yanına çağırmadınmı?
Biz səninlə meydanda at çapmadıqmı?
Güləşəndə mən səni yıxmadımmı?
Üç öpüb-bir dişləyib, qızıl üzüyü
sənin barmağına taxmadımmı?
Sevişdiyin Bamsı Beyrək mən deyiləmmi?
Belə dedikdə qız tanıdı-bildi ki, Beyrəkdir. Cübbə çuxası əynində
Beyrəyin ayağına düşdü. Dayələr Beyrəyə təzə qaftan geyindirdilər.
Bu anda qız sıçrayıb ata mindi, çaparaq muştuluq üçün Beyrəyin ataanasına
xəbərə getdi. Qız deyir:
Sıra dağların yıxılmışdı, ucaldı axır!
Aşıb-daşan suların axmırdı, çağladı axır!
Böyük ağacın qurumuşdu, göyərdi axır!
Gözəl atın qarımışdı, qulun verdi axır!
Dəvələrin qarımışdı, köşək verdi axır!
Qoyunların qarımışdı, quzu verdi axır!
On altı illik həsrətin – oğlun Beyrək gəldi axır!
Qayınata, qayınana, nə muştuluq verərsiz mənə?
Beyrəyin ata-anası deyir:
Dilin üçün ölüm, gəlinciyim!
Yolunda qurban olum, gəlinciyim!
Yalansa bu sözlərin, gerçək olsun, gəlinciyim!
Sağ-salamat gəlib çıxsa,
Qarşıdakı dağlar yaylağın olsun!
Soyuq-soyuq sular bulağın olsun!
Qulum-qaravaşım sənin xidmətçin olsun!
Şaha layiq atlarım sənin miniyin olsun!
Qatar-qatar dəvələrim yüklüyün olsun!
Yaylaqdakı qoyunumu sərf eylə şülənliyə,
Qızılımı-gümüşümü xərclə sən şənliyə!
Qızıl tağlı hündür evim olsun sənin kölgəliyin!
Bu bəlalı başım sənə qurban olsun, gəlinciyim!
Bu zaman bəylər Beyrəyi gətirdilər. Qazan bəy dedi: “Baybörə
bəy, muştuluq! Oğlun gəldi!” Baybörə bəy dedi: “Oğlum olduğun
ondan bilərəm ki, kiçik barmağını qanatsın, qanını dəsmala silsin,
gözümə çəkim: gözüm açılsa, oğlum Beyrəkdir!”.
Baybörənin gözləri ağlamaqdan görmürdü. Dəsmalla gözünü silən
kimi Allahın qüdrəti ilə gözü açıldı. Ata-anası güldü sevindi. Beyrəyin
ayağına düşdülər. Dedi:
Oğul! Qızıl tağlı evimin dayağı oğul!
Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!
Görən gözümün işığı oğul!
Belimin tutarı, qüvvəti oğul!
Qalın Oğuzun sevimlisi, canım oğul!
-deyib çox ağladı, Allahına şükür eylədi.
Yalançı oğlu Yalancıq bunu eşitdi. Beyrəyin qorxusundan qaçdı,
özünü “Dana sazı” deyilən qamışlığa saldı. Beyrək onun ardınca düşdü.
Qovub qamışlıqda yaxaladı. Dedi: “Ədə, od gətirin!” Gətirdilər,
qamışlığa od vurdular.
Yalançı oğlu gördü ki, yanır, qamışlıqdan çıxdı. Beyrəyin ayağına
yıxıldı, qılıncının altından keçdi. Beyrək də günahından keçdi.
Qazan bəy deyir: “Gəl, muradına yetiş!” Beyrək deyir: “Yoldaşlarımı
qurtarmayınca, Bayburd qalasını almayınca muradıma çatmayım!”.
Qazan bəy: “Məni sevən yetişsin!” -dedi. Qalın Oğuz bəyləri atlandılar.
Çaparaq Bayburd hasarına çatdılar. Kafirlər də bunları qarşıladılar.
Qalın Oğuz bəyləri təmiz suda yuyunub, ağ alınların yerə
qoydular. İki rükət namaz qıldılar. Adı gözəl Məhəmmədi yada gətirdilər.
Gumbur-gumbur nağaralar döyüldü. Bir qiyamət savaş oldu,
meydan dolu baş oldu.
Şöklü Məliki Qazan bəy böyürdüb atdan saldı. Qara Təküri Dəli
Dondaz qılınclayıb yerə saldı. Qara Arslan Məliki Qarabudaq yerə saldı.
Dərələrdə kafirlərə qırğın düşdü. Yeddi kafir bəyi qılıncdan keçirildi.
Beyrək, Yeynək, Qazan bəy, Qarabudaq, Dəli Dondaz, Qazanın
oğlu Uruz bəy hasara yürüş etdilər. Beyrək otuz doqquz igidin yanına
gəldi. Onları sağ-salamat görüb, Allaha şükür eylədi.
Kafirin kilsəsini yıxdılar, yerində məscid tikdilər. Keşişi öldürdülər.
Əziz Tanrı adına xütbə oxutdurub, azan verdirdilər...Ov ovlayan quşların
ən yaxşısını, qumaşın gözəlini, qızın göyçəyini, doqquzlama qızıl naxışlı
çuxanı xanlar xanı Bayındır üçün hədiyyə ayırdılar.
Baybörə bəyin oğlu Beyrək Baybican bəyin qızını aldı, hündür
evlərinə, ağ otağına qayıtdı. Toy şənliyinə başladı. Bu qırx igidin bir
neçəsinə Qazan xan, bir neçəsinə Bayındır xan qız verdilər. Beyrək də
yeddi bacısını yeddi igidə verdi. Qırx yerdə otaq tikdirdi. Otuz doqquz
qız hərə bəxtinə-taleyinə görə bir-bir ox atdı. Otuz doqquz igidin hər
biri öz oxunun ardınca getdi. Qırx gün-qırx gecə toy-düyün etdilər.
Beyrək igidlərlə birlikdə öz muradına çatdı. Dədəm Qorqud gəldi, qopuz
çaldı. Boy boyladı, soy soyladı. İgid ərlərin başına nə gəldiyini söylədi.
“Bu oğuznamə Beyrəyin olsun!” dedi. Xeyir-dua verək, xanım:
Uca dağların yıxılmasın!
Böyük kölgəlik ağacın kəsilməsin!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Ağ birçəkli ananın yeri cənnət olsun!
Oğuldan, qardaşdan ayırmasın!
Axır vaxtında təmiz imandan ayırmasın!
“Amin! Amin!” deyən üzlər görsün!
Yığışdırıb saxlasın günahınızı
Adı gözəl Məhəmməd Mustafanın
Üzü suyuna bağışlasın, xanım, hey!..

davamı
XS
SM
MD
LG