Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:01

Musa Əfəndi "Onları yol apardı" (Hekayə)


Veysəl dəli deyildi. Sadəcə, o, yola çıxmaqdan qorxurdu.

Qorxurdu ki, yol onu aparar. Bu qorxu birdən-birə yaranmamışdı, səbəbkarı da özü deyildi.

Hər şey yavaş-yavaş cərəyan etmişdi və bütün olanlar onun uşaqlıq vaxtlarından başlamışdı.

Onun iki yaşı vardı, ancaq, hələ danışa bilmirdi.

Onların evləri yol kənarında yerləşirdi. Atası evdə olanda o, gününü atasının dizi dibində, maşının açarları ilə oynayaraq keçirirdi. Bu onun xoşuna gəlirdi.

Demək olar ki, ən sevdiyi məşğuliyyəti elə bu idi. Atası evə girən kimi, Veysəl işarə barmağını qaldırar, atası da cibindən açarları çıxarıb ona verərdi.

Amma, bir gün atası evə gəlmədi. O gündən sonra da Veysəl, atasını heç görmədi.

Atası gedəndən sonra bütün günü anasının ətəyindən yapışardı. Anası isə Veysələ o gün sadəcə bir söz demişdi: “Heç vaxt yola çıxma, yol səni də aparar”.
Həmin gün Veysəlin və anasının gözünə yuxu girmədi.

“Yol” onun öyrəndiyi ilk söz idi. Amma, anası Veysələ başqa sözlər öyrətməyə çalışırdı. “Yol” sözünü dilinə gətirməyi isə qadağan etmişdi.

Anası inanırdı ki, Veysəlin atasını yol aparıb. Başqalarına görə isə bu, sadəcə bir maşın qəzası idi.

Veysəlin oyuncaqları arasında maşın yox idi.

O, taxtadan düzəldilmiş oyuncaq heyvanlarla böyüyürdü. Beş yaşı olanda, yol kənarında uşaqlarla futbol oynamağa başladı. Amma, meydança kiçik olduğuna görə top tez-tez yola düşürdü.

Uşaqlar öz aralarında sözləşmişdilər – top yola düşəndə onlar növbə ilə topu götürməyə gedirdilər. Veysəl isə qorxurdu. Sonralar, futbol oynamadı, heç uşaqlar da onunla oynamaq istəmirdi.

Günlərini anasının ətəyi dibində keçirdi, taxtadan düzəldilmiş oyuncaq heyvanlar da onu tək qoymurdu.

Demək olar ki, həmişə susurdu. Çünki o, ancaq yol və atası haqda danışmaq istəyirdi. Amma qorxurdu, deyə bilmirdi.

Hərdən anasına söz deyirdi, bəzən sual da verirdi. Bir gün qorxa-qorxa anasına dedi, “Mən yol polisi olacağam”. Anası isə heç bir cavab vermədi.

Həmin gün Veysəlin və anasının gözünə yuxu girmədi.

Daxili qorxularına qalib gəlmək bir tərəfə qalsın, o heç qorxuları ilə üzləşmək belə istəmirdi.

Buna görə də, Veysəl, qışı sevirdi, qarı sevirdi. Çünki, qar yağanda bütün yolların üstü örtülürdü.

O öz qorxuları ilə üzləşmək məcburiyyətində qalmırdı. Veysəl həyatında bir dəfə qorxularına üstün gəlmək istəmişdi – yol polisi olmaq istəyəndə.

Məktəbə gec getdi. Doqquz yaşında birinci sinifə başlamışdı. Bütün sinif yoldaşları ondan iki – üç yaş kiçik idi. Veysəl isə bunun səbəbini bilmirdi.

Bir gün dərsə gedəndə o, qonşuluqda yaşayan iki qadının söhbət etdiyini gördü, Veysəl onların yanından keçəndə isə bir söz eşitdi, “Anası kimi o da dəlidir, atası, yaxşı ki, bu dəlilərin arasından canını götürüb qaçdı”.

Bu sözü deyəndə qadın ona baxırdı, bunu Veysəl də görmüşdü.

Evə gələndə Veysəl anasına heç nə demədi. Amma, axşama kimi də səbr edə bilmədi.

Sonda maraq ona qalib gəldi və anasından, səhər qadınlardan eşitdiyi sözün mənasını soruşdu. Anası isə heç bir cavab vermədi.

Həmin gün Veysəlin və anasının gözünə yuxu girmədi.

Veysəl, öz sinif yoldaşlarını sevmirdi. Çünki, onlar Veysəli lağa qoyur, ona dəli deyir, böyük qırmızı papağını onun başından çıxarıb bir-birilərinə atırdılar.

O, öz məktəb yoldaşlarını da sevmirdi.

Hamı onu əsəbləşdirməyə, dolamağa çalışır, pilləkanlardan qalxanda ona badalaq verirdilər.

Veysəl, ümumiyyətlə, “yoldaş” sözünü sevmirdi, kökü “yol” olan sözləri sevmirdi...

Müəllimləri də onu sevmirdi. Çünki, Veysəl dərslərini yaxşı oxumurdu, daha doğrusu, başa düşmürdü.

Bunun səbəbi, onun müəllimlərinə aydın idi – Veysəl əqli cəhətdən gec inkişaf etmiş uşaq idi, elə bu səbəbdən də o məktəbə gec başlamışdı.

Onlar bir neçə dəfə Veysəlin anasına uşağı məktəbdən çıxarmağı xahiş etmişdilər, çünki, bunun Veysələ heç bir xeyri dəymirdi, amma anası Veysəlin məktəbə davam etməsi üçün müəllimlərə yalvarmışdı.

Bununla yanaşı, o, demək olar, hər gün dərsə gecikirdi. Amma, Veysəlin dərsə gecikməsinin səbəbini müəllimləri bilmirdi.

Düşünürdülər ki, o yatıb qalır. Səbəb isə başqa idi və çox sadə idi: dərsə vaxtında getmək üçün o, mütləq evin yanındakı böyük yolu keçməli idi, həyatı boyu qorxduğu tək məvhumu ayaqlamalı idi.

Anası ona “Yola çıxma, yol səni də aparar” demişdi. Veysəl qorxurdu. Buna görə də o, bir neçə kilometr piyada getməyə məcbur idi.

Çünki bu yol, evlərindən bir neçə kilometr aralıda torpaq yola çevrilirdi, uzaqdan baxanda isə heç yola oxşamırdı.

Veysəl hər gün kəndin bu tərəfinə gələr, yolun torpağa çevrilmiş hissəsindən keçər və yenidən yolun o biri tərəfi ilə geriyə - məktəbə doğru addımlayardı. Buna görə də, dərsə gecikirdi.

O bilirdi ki, müəllimləri onun gecikməyindən şikayətçidirlər. Bir gün o, anasının yanına gəldi. “Mən yolu kəndin o biri ucundan yox, elə burdan keçmək istəyirəm” – dedi. Anası isə heç bir cavab vermədi.

Həmin gün Veysəlin və anasının gözünə yuxu girmədi.

Sonra o, məktəbdən də çıxdı. Bütün gününü yol kənarında keçirirdi.

O, yol kənarında böyüdü. Veysəl yolların harada kəsişdiyini, hansı yolun hara getdiyini dəqiq bilirdi, yol boyu yerləşən bütün məntəqələrin adları da onun əzbərində idi.

Yoldan keçən maşınlar ona yaxınlaşar, söz soruşar, dəqiq cavablarını alıb ona təşəkkür edər və yollarına davam edərdilər. Amma, o, hələ də yola çıxmamışdı.

Qorxurdu ki, yol onu da aparar.

O özü çox qəribə insan idi. Qəribə olan bir şey daha vardı – “yol aparmaq” nə idi? Bunu Veysəlin özü də bilmirdi, sadəcə qorxurdu.

Qorxurdu ki, yol onu da aparar. O, bu məsələ haqda çox düşünmüşdü. Yollar insanı necə aparır? Yola çıxan insanı küləkmi sovurub özü ilə aparır? Yoxsa, ayağının altındakı yolmu insanı özünə çəkir?

Ümumiyyətlə, yollar insanı niyə aparır? Axı, onun oyun oynadığı uşaqlar, sinif yoldaşları, məktəb tanışları da hər gün bu yoldan dəfələrlə keçirdi.

Yol onları niyə aparmırdı? Bir dəfə Veysəl anasından bütün bu sualların cavabını soruşmuşdu.

Qəribə olan bir şey daha olmuşdu, bu dəfə anası susmamışdı. Həmin gecəni Veysəl də, anası da yaxşı yatmışdılar. Anası demişdi ki, “Yolu keçə bilən insanlar pis insanlardı.

Onlar, yolu ayaqlayır, onu tapdalayır, bəzən tüpürür, onu aşağılayırdılar. Yollar isə onu sevən insanları aparır”.

Anası başqa bir söz deməmişdi. Həmin gün başqa qəribə bir şey olmadı. O, hələ də, bəzi suallarının cavabını bilmirdi.

Yollar insanı necə aparır? Sol ayaq dabanının arxası ilə sağ ayağının topuğuna vura-vura Veysəl bu haqda düşünürdü.

Hər şey öz qaydasında idi, kəndin bütün uşaqları yolu keçəndə ona sataşır, Veysəl yola qədər onların arxası ilə qaçır, yola çatanda dayanırdı.

Sanki, onun ayağına kəndir bağlamışdılar və bu kəndir onu yola çıxmağa qoymurdu. Uşaqlar yolun ortasında dayanıb onu lağa qoyur, hərdən daş da atırdılar.

Bəzən, elə olurdu ki, dərsə gedən uşaqlardan ən cəsarətlisi onun böyük qırmızı papağını götürüb yola tərəf qaçır, dərsdən qayıdanda yenidən onun papağını özünə qaytarırdı. Amma, bütün hallarda məktəbli uşaqlar ondan qorxurdular.

O isə, yoldan qorxurdu. Qorxurdu ki, yol onu da aparar.

Həqiqətən də, onun ayağında bir kəndir vardı, gözə görünməyən qorxusu onun ayaqlarını bağlamışdı.

Amma, o istəmirdi ki, uşaqlar ondan qorxsunlar. O istəmirdi ki, uşaqlar onu lağa qoysunlar, böyük qırmızı papağını başından götürüb onu dolasınlar. Bu haqda anasına da dedi. Qəribə bir şey olmadı. Anası heç bir cavab vermədi.

Həmin gün Veysəlin və anasının gözünə yuxu girmədi.

“Yola çıxma, yol səni də aparar” – hər gün olduğu kimi bu gün də evdən çıxanda anası Veysəl dönə-dənə tapşırdı. “Yola çıxma, yol səni də aparar”.

Veysəl dəli deyildi. Sadəcə, o, yola çıxmaqdan qorxurdu. Qorxurdu ki, yol onu aparar. Bu qorxu birdən-birə yaranmamışdı, səbəbkarı da özü deyildi.

Hər şey yavaş-yavaş cərəyan etmişdi və bütün olanlar onun uşaqlıq vaxtlarından başlamışdı.

Veysəl bunu başa düşmüşdü. Onun ürəyi doğulduğu gündəki kimi pak idi. Heç kəsə pislik etməmişdi. Amma, uşaqlar hələ də onu lağa qoyurdular. Sol ayaq dabanının arxası ilə sağ ayağının topuğuna vura-vura Veysəl bu haqda düşünürdü. O necə etsin ki, uşaqlar ona gülməsinlər?

Uşaqlara baxdı, sonra döndü, özünə baxdı. Tez ayağını saxladı. Dabanı ilə topuğuna vurmağı dayandırdı.

Sonra? Sonra nə fərq var idi? Böyük qırmızı papağını başından çıxardı, əlində saxladı.

Başqa? Başqa nə fərqi vardı? Gülümsədi... Uşaqlardan başqa fərqi qalmamışdı. Artıq onu lağa qoymayacaqdırlar, artıq ona gülməyəcəkdilər, papağını alıb onu dolamayacaqdılar. Axı, o da onlar kimi idi...

Birdən Veysəlin üzündəki gülüş yox oldu.

Sanki, kimsə onun üzündəki gülümsəməni bəyənməmişdi, gülüşün gözəlliyini qısqanmışdı və cırmaq atıb onun dodaqlarından bu məsum gülüşü qoparmışdı. Bunun səbəbi vardı.

Xarici görünüşcə o başqa uşaqlardan fərqlənmirdi, amma daxili cəhətdən tamam ayrı ayrı cür idi – Veysəl, bunu başa düşməmişdi, səbəb də bu deyildi.

Onun üzündəki gülüşü itirən səbəb o idi ki, məktəbin ən dəcəl, ən avara və ən cəsarətli uşağı, böyük qırmızı papağını onun əlindən qapmış və yola doğru şığımışdı.

Sanki, o papağı oğurlayan, həm də onun üzündəki gülüşü də dartıb cırmışdı.

Həmin an yoldan bir sürətli maşın keçirdi.

Məktəbin ən dəcəl, ən avara və ən cəzarətli uşağı bunu görməmişdi, heç başqa uşaqlar da fikir verməmişdilər, onlar kənardan durub sadəcə Veysələ gülürdülər.

Həmin an o maşını görən tək insan Veysəl idi. Veysəl dərhal onun papağını başından götürüb yola şığıyan uşağın arxasınca yola çıxdı, cəld uşağa tərəf atıldı.

Həmin gün kənd sakinlərinin gözünə yuxu girmədi.

Hadisə haqda yeddidən yetmiş yeddiyə kimi – hamı danışırdı. Hərə bir söz deyirdi.

Hər şey ani – bir göz qırpımında olmuşdu deyə, görənlər də dəqiq fikir deyə bilmirdilər. Hərə bir söz danışırdı. Bu haqda Veysəlin anasından da soruşurdular.

Onun cavabı isə hamıya eyni olurdu. “Veysəl uşağı kənara itələdi, uşağın heç burnu da qanamamışdı. Amma, oğlumu yol apardı...”

Ölüm - əbədi yuxudur, deyirlər. Veysəl həmin gün yatdı.

Amma, o gündən sonra anasının gözünə yuxu girmədi...
XS
SM
MD
LG