Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:37

Hazırda Gürcüstanın kənd təsərrüfatında vəziyyət necədir?


Gürcüstanın kənd təsərrüfatında ən mühüm sahə - üzümçülükdür
Gürcüstanın kənd təsərrüfatında ən mühüm sahə - üzümçülükdür
Hazırda Gürcüstanın kənd təsərrüfatında vəziyyət nə yerdədir, hansı problem və yeniliklər var, Gürcüstan həqiqətən də aqrar ölkədirmi və gürcü məhsullarının dünya bazarındakı perspektivi necədir?... Pata Şeşelidzenin fikrincə, Gürcüstan aqrar ölkə kimi artıq uzun illərdir ki, mövcuddur.

Pata Şeşelidze: «Gürcüstanın aqrar ölkə olması köhnə xəbərdir. Bu cür təyinat ölkəni geriyə aparır, buna xüsusi vurğulamaq lazım deyil. O fakt ki, Gürcüstanın istehsalatında kənd təsərrüfatı cəmi 10 faiz yer tutur, özü reallığın təsəvvürlərdən tamam fərqli olduğundan xəbər verir».

«Sənaye Gürcüstanı xilas edəcək» adlı partiyanın liderlərindən biri Zurab Tkemaladze Gürcüstanın kənd təsərrüfatı sahəsindəki qeyri-adiliyindən danışır:

«Gürcüstan nadir ölkədir ki, ekoloji təmiz məhsul istehsalçısı kimi imicini hələ də quruyub saxlamaq imkanı var».

Kənd təsərrüfatının ölkə iqtisadiyyatında cəmi 10 faiz yer tutması Kənd təsərrüfatı naziri Bakura Kvezereli üçün də qəbuledilməzdir. Ancaq onun bu sahənin inkişafına ümidləri daha nikbindir:

«Əhalinin 50%-i məhz kənd təsərrüfatı ilə məşğul olur, ancaq öz xeyirləri cəmi 10 faizdir. Bu da inkişaf potensialının yüksək olduğunu və hazırda təsərrüfat yerlərinin səmərəli istifadə edilmədiyinin göstəricisidir».

Bakur Kvezereli bu gün Gürcüstanın kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin bəzilərini sadalayır:

«Əsas problem torpaqların kiçik sahələrə parçalanması və torpaq sahiblərinin az olmasıdır. Orta hesabla götürdükdə Gürcüstanda torpaq sahiblərinin yarım hektar torpaq sahəsi var və onlar bir neçə adda məhsul yetişdirirlər. Ona görə də lazımlı məhsul yetişdirib nə xaricə sata, nə də daxili bazarda baha qiymətə reallaşdıra bilmirlər. Bizim həm də mexanikləşdirmə ilə bağlı problemimiz var, hökumət bunun üçün milyonlarla lari xərcləyir. Problem əkin materiallarının aşağı keyfiyyətli olmasıdır».
Ancaq Zurab Tkemaladze hesab edir ki, maliyyə çatışmazlığından əlavə kənd təsərrüfatının inkişafına mane olan digər problemlər də var:

«Bizim aqrar bazar müdafiə olunmayıb. Bütün ölkələrdə aqrar sahənin subsidiyalaşması həyata keçirilir. Lazım gəlirsə artıq aqrar məhsul satını alınır, bu ona görə edilir ki, insanlar bu sahədən əl çəkməsinlər. Yanvarın 1-dən idxal olunan bütün aqrar məhsullar vergidən azad olunub, bu isə yerli məhsulu rəqabətsiz şəraitdə qoyur. Ölkədə artıq 15 ildir ki, idxal yönlü siyasət həyata keçirilir və idxal üçün yerli məhsulla müqayisədə daha əlverişli şərait yaradılıb».

Avropa Birliyi ilə azad ticarət müqaviləsini rəsmiləşdirəndən sonra gürcü məhsulları hansı yeri tutacaq. Kənd təsərrüfatı naziri deyir ki, Gürcüstan hansısa məhsulun kütləvi istehsalçısı olmayacaq, ancaq bəzi məhsullara daha çox diqqət ayrıla bilər:

«Biz çox yüksək keyfiyyətli məhsul istehsal edə və onu istənilən bazara çıxara bilərik. Heç olmasa Avropa Birliyi ilə azad ticarət müqaviləsi çərçivəsində öz yerini tapmaq. Məsələn, bizdə giləmeyvə istehsalı potensialı çox yüksəkdir».

Gələcəyə gəlincə Gürcüstanın kənd təsərrüfatında ən mühüm sahə - üzümçülükdür. 2009-cu ildə məhsuldarlıq necə olacaq, kəndlilər ötən il olduğu kimi subsidiya ala biləcəklərmi və bu cür siyasət kənd təsərrüfatının inkişafına necə təsir edir.

Bakur Kvezereli deyir ki, bu müvəqqətidir: «Bu müvəqqəti haldır və uzun çəkməyəcək. Ötən il başqa bir problem vardı. Bu il böhran var və ona görə də dünya ölkələri öz istehsalçısını dəstəkləməyə çalışırlar».

Ancaq iqtisadiyyat üzrə ekspert Pata Şeşelidze bu cür fikirləşmir. O deyir ki, bazar ona görə mövcuddur ki, hər kəs məhsulu ilə özünə yer eləyə bilsin.

«Şərab istehsal etmək vacibdirmi? Yoxsa yaxşı şərab istehsal etmək lazımdır? Əgər ikinci yolu seçmək istəyiriksə, onda düzgün texnologiya seçməliyik. Seçkilərdə səs qazanmaq naminə istehsalçıya rəhm edərək subsidiya vermək, sonra da başını tumarlamaq düzgündürmü? Belə olan halda biz siyasətdən danışırıq, iqtisadiyyatdan yox və həmişə satılmayan, alıcısı olmayan şeylər istehsal edəcəyik».

Kənd Təsərrüfatı naziri deyir ki, sözügedən sahənin inkişafı üçün müxtəlif layihələr həyata keçirilir və 10 faizlik pay tədricən artırılacaq. Onun fikrincə, Gürcüstanda 2010-cu ildə keçiriləcək Beynəlxalq Şərab Konqresi çox mühüm hadisə olacaq və bu, ölkədə şərabçılığın inkişafına dəstək verəcək. Nazir deyir ki, Konqres həm də gürcü şərabının daha da məşhurlaşmasına gətirib çıxaracaq.

Zurab Tkemaladze isə öz növbəsində Gürcüstan rəhbərliyinə bazarı geri qaytarmağı məsləhət görür və bildirir ki, düzgün siyasət yeridilərsə Gürcüstan məhsullarına beynəlxalq bazarda tələb olacaq.
XS
SM
MD
LG