Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:53

Azərbaycanı yaxın gələcəkdə nə gözləyir?


Davamlı korrupsiyaya, formal və qeyri-formal monopoliyalara görə biznes üçün mühit əlverişsiz olaraq qalacaq
Davamlı korrupsiyaya, formal və qeyri-formal monopoliyalara görə biznes üçün mühit əlverişsiz olaraq qalacaq
Londondakı «Economist Intelligence Unit» təşkilatı ötən ay Azərbaycanla bağlı proqnozlarını yayıb. Qurumun Azərbaycanın yaxın gələcəyi ilə bağlı gözləntilərini təqdim edirik:

DAXİLİ SİYASƏT SAHƏSİNDƏ

2008-ci ilin oktyabrında yenidən prezident seçilən İlham Əliyevi görünür, ikinci dönəmdə çətinliklər gözləyir. Səbəb də beynəlxalq iqtisadiyyatın zəifləməsi və neftin qiymətinin düşməsidir.

2009-cu ildə keçirilən referendumla Konstitusiyaya edilən dəyişiklik İlham Əliyevə 2013-cü ildə keçiriləcək prezident seçkisində də iştirak etməyə imkan verir.

Ona görə İlham Əliyevin həmin seçkidə iştirak edəcəyi və ya xanımı Mehriban Əliyevanın, yaxud da bir inandığı adamın prezident seçilməsini təmin edəcəyi gözlənir.

Buna baxmayaraq, qarşıdakı illərdə gözlənən xaricdəki zəif iqtisadiyyat Əliyevin indiki ikinci prezidentlik dövrünü əvvəlkindən daha çətin edir.

Xaricdən gələn neft pullarının qəfil azalması prezidentin siyasi elitanı dəstəkləmək imkanlarını zəiflədir.

İqtisadiyyat zəifləyən kimi siyasi mübarizənin güclənəcəyini, proqnozlaşdırıla bilməyən siyasi mühitin yaranacağını demək olar.

Əliyevin idarətməsindən narazılığın artması da gözləniləndir. Siyasi elitanın narazı üzvlərinin fəallaşacaqları da gözləniləndir. Xüsusilə iri şəhərlərdə işsizliyin artması sosial gərginliyə katalizator ola bilər.

Amma hökumət hər hansı etiraz nümayişinə icazə verməyəcək və «Economist Intelligence Unit»in mütəxəssisləri hesab edirlər ki, Əliyev və onun müdafiəçiləri siyasi səhnəyə nəzarəti yenidən əllərinə alacaqlar.

XARİCİ ƏLAQƏLƏR SAHƏSİNDƏ

Qarşıdakı illərdə Azərbaycan öz xarici siyasət istiqamətini balanslaşdırmaqda çətinlik çəkəcək. Azərbaycanın enerji ehtiyatları üçün Rusiya ilə Avropa Birliyi arasında rəqabətin güclənəcəyi gözlənir. Hazırda Bakı Qərbin və Rusiyanın təzyiqi altındadır. Qərb ondan yeni enerji layihələri istəyir. Moskva isə həmin istəyi rədd edib layihələri Rusiya ilə həyata keçirməyi tələb edir.

Bir tərəfdə də Azərbaycan Ermənistan qoşunlarının ərazisindən çıxması üçün danışıqlar aparır. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasında müəyyən addımlar var.

Görünür, Qarabağ hələlik fikir ayrılıqları üçün əsas olaraq qalacaq. Türkiyənin Ermənistanla əlaqələri bərpa etməsi üçün Qərbin Ankaraya təzyiqləri davam edəcək.

İQTİSADİ SİYASƏT SAHƏSİNDƏ

Kommersiya banklarının xaricdən kredit almasında problemlər davam edəcək. Çox zəif iqtisadi inkişaf və neftin qiymətinin aşağı düşməsi büdəcənin gəlirlərini azaldacaq. Hökumət sosial öhdəliklərinin yerinə yetirilməsi və davam edən infrastruktur layihələrinin başa çatdırılması üçün büdcə kəsirini artırmağa məcbur olacaq.

Davamlı korrupsiyaya, formal və qeyri-formal monopoliyalara görə biznes üçün mühit əlverişsiz olaraq qalacaq.

Azərbaycanın əsas problemi neftin qiymətinin dəyişməsidir. Ölkənin xaricə satdığı malın 95%-i neftdir. Bu, büdcənin gəlirlərinin 60%-ni verir.

2009-cu ildə dünyanın neftə tələbatının azalacağı gözlənir. Ona görə də biz hesab edirik ki, bu il neftin orta qiyməti bir barelə 47.5 dollar olacaq. 2010-cu ildə neftin bir bareli 53.5 dollar ola bilər.

İQTİSADİ İNKİŞAF SAHƏSİNDƏ

Beynəlxalq iqtisadi böhranın təsirinə görə bu ilin ilk dörd ayında Azərbaycanın iqtisadi artımı 4.3 % olub. Neftin qiymətinin aşağı olduğunu nəzərə alsaq, bu ilin sonuna qədər ölkənin ümumi illik iqtisadi artımının 2.5% olacağını proqnozlaşdırmaq olar. Bu da 1996-cı ildən bəri ən aşağı göstəricidir. 2010-cu ildə isə bu artım ən yaxşı halda 4.5 % ola bilər.

Hətta, neftin qiymətində risklərə görə, 2009-cu ildə iqtisadi artım sıfırdan aşağı da düşə bilər.

İNFLYASİYA

2008-ci ildə inflyasiya 20.8 % olmuşdu. Bu il inflyasiyanın 3.5%, 2010-cu ildə isə 10%-ə yaxın olacağı gözlənir.

Biz hesab edirik ki, Mərkəzi Bank 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində manatın ucuzlaşıb öz nominal dəyərinə çatmasına imkan verəcək.

«Economist Intelligence Unit» haqqında qısa məlumat

«Economist Intelligence Unit» 1946-cı ildə Londonda «The Economist» qəzetinin təhlillərlə məşğul olan bir qurumu kimi yaradılıb. İndi isə dünyanın 40 ofisləri olan bir fond kimi dünya miqyasında araşdırmalar aparır.

«Economist Intelligence Unit»in analizlərindən beynəlxalq şirkətlər, maliyyə institutları, universitetlər və dövlət agentlikləri etibarlı mənbə kimi istifadə edirlər.
XS
SM
MD
LG